Logo

Tramp Azərbaycan neftinin bahalaşmasının qarşısını alacaq – EKSPERTDƏN PROQNOZ


ABŞ neftin dünya bazar qiymətinə siyasi və iqtisadi cəhətdən təsiretmə gücünə malikdir.

Bunu TopXeber.Az- İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri, iqtisadçı alim Vüqar Bayramov  ABŞ Prezidenti Donald Trampın “OPEK neftin qiymətini süni şəkildə artırır” açıqlamasından sonra “qara qızıl”ın qiymətinin xeyli ucuzlaşma ehtimallarını şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ neftin bazar qiymətinə iqtisadi baxımdan təsir edə biləcək ölkələrdən biridir: “ABŞ neft hasilatının həcminə görə ilk üç ölkəyə daxildir. Hətta şist neftin hasilatı da nəzərə alınsa, ABŞ dünyada ən çox neft istehsal edən ölkəyə çevrilir. Bu, Vaşinqtonun neftin qiymətinə iqtisadi baxımdan təsir imkanlarını qoruyub saxlayır”.

V. Bayramov qeyd edib ki, ABŞ neftin qiymətinə siyası aspektdən də təsir edə biləcək ölkədir: “Qlobal güc olan ABŞ-ın neft istehsal edən ölkələrin hasilatına və dolaysıyla neftin bazar qiymətinə siyasi baxımdan təsir edə bilər. Nəzərə almaq lazımdır ki, 2014-cü ildə neftin bazar qiymətinin kəskin ucuzlaşmasının səbəblərindən biri də məhz siyasi səbəbləriydi”.

İqtisadçı alim hesab edir ki, D. Trampın son açıqlaması yaxın gələcəkdə neftin dünya bazar qiymətinə təsir göstərəcək: “ Bu baxımdan bir tərəfdən ABŞ və Kanadada şist neftin hasilatının artacağı gözlənilir.  Digər tərəfdən qazılan quyuların sayında artım var. ABŞ hasilatı artırmaq yolu ilə neft bazarına praktiki olaraq təsir etmək imkanlarına malik olacaq”.

Həmsöhbətim xatırladıb ki, eyni zamanda ABŞ dünyada ən çox neft idxal edən ölkələrdən biridir: “Ölkə neft istehlakının 50 faizini idxal hesabına ödəyir və getdikcə idxalın azaldılması prosesi gedir. Buna baxmayaraq,  ABŞ bazarı böyük olduğuna görə neftin qiymətinə təsir etmə imkanlarına sahibdir”.

Onun sözlərinə görə, hazırda təklif və tələbi nəzərə alsaq, 1 barel neftin real qiyməti 60 dollar ətrafındadır: “ Neftin son qiymət artımına Yaxın Şərqdəki hadisələr və OPEK-in hasilatın azaldılmasına dair qərarları təsir göstərdi. Xüsusən də ABŞ, Fransa, Böyük Britaniyanın Suriyaya zərbələr endirməsi neftin kəskin bahalaşmasına gətirib çıxardı.  1 barel neftin qiymətinin 60 dollar intervalında olması  şist neftin hasilatını təşviq etdiyini nəzərə alsaq, bu kontekstdən əksər neft hasilatçı ölkələr və böyük şirkətlər üçün məqbul hesab olunur”.

V. Bayramov ABŞ-ın Yaxın Şərqdə gərginliyi aradan qaldıracağı və İranın dünya bazarına neft çıxarmasında problemlərin yaranmayacağı təqdirdə neftin bazar qiymətinin 60 dollar ətrafında sabitləşəcəyini proqnozlaşdırır: “Ancaq yenə də qiymətə siyasi faktorlar təsir göstərir. Neft sektoru siyasi amillərdən daha çox təsirlənən bazarlardan biridir. Güman olunur ki, növbəti dövr ərzində qiymətlərə siyasi faktorlar təsir edəcək. Tpampın açıqlamalarından sonra neftin qiymətində ən azı artımların səngiyəcəyi və müəyyən azalmanın müşahidə ediləcəyi gözlənilir”.

Ekspert D. Trampın məlum açıqlamasının təkcə Rusiyaya yönəlmədiyi qənaətindədir: “Rusiya iqtisadiyyatı sanksiyalar fonunda zəifləyir və 2019-cu ildə zəifləmənin daha güclü olacağı proqnozlaşdırılır. Neftin indiki bazar qiyməti hasilatçı Rusiya üçün məqbul olsa da, mövcud qiymətlər fonunda belə, ölkə iqtisadiyyatı zəifləməyə davam edəcək. Sözsüz ki, Trampın açıqlaması təkcə Rusiya ilə bağlı deyil. Venesuela kimi neft istehsal edən ölkənin də Vaşinqtonla gərgin münasibətləri var. Neftin qiymətinin azalması bu kimi ölkələrin iqtisadiyyatının daha çox zəifləməsinə gətirib çıxarır”.

Azərbaycan üçün də neftin dünya bazar qiymətinin əhəmiyyətli olduğunu xatırladan V. Bayramov diqqətə çatdırtıb ki, Azərbaycan iqtisadiyyatı neftin orta qiymətlərinə, 50-60 dollar intervalında qiymətinə adaptasiya olunub: “Mərkəzi Bankın rəsmi açıqlaması da ondan ibarətdir ki, neftin dünya bazar qiymətinin 50 dollardan yuxarı olması ölkənin makro iqtisadiyyatı üçün təhlükə yaratmır. Neftin bazar qiyməti 60 dollar ətrafında formalaşarsa iqtisadiyyatımız üçün ciddi təsiri olmayacaq”.

Məftun Salmanov