Logo

“İç Xəbər”in Billurəsi: "ANS- də saçlarımı kəsdilər, o gündən…"


TopXəbər.az  “İç Xəbər Billurə” kimi tanınan aparıcının müsahibəsini oxuculara təqdim edir.

-Billurə xanım, demək olar ki, mətbuatda barənizdə məlumat yoxdur. Siz mətbuatdan uzaq durursunuz, yaxud əksinə?

-“İç Xəbər” bir nömrəli xəbər proqramı olan zamanda sosial media indiki kimi aktiv deyildi.Sosial şəbəkələr gələndə isə mən artıq arxa planda idim. Digər tərəfdən də ictimailəşməyi sevən fiqur deyiləm. Əslində çox ünsiyyətciləm. 5 dəqiqə kifayət edər ki, özümə ətraf tapım, komanda toplayım.Çox şanslarım olub ki, birinci olum,amma bunu heç vaxt istəməmişəm. Bu mənim ya kompleksimdir, ya da ola bilsin ki, uşaqlıqdan hansısa bir psixoloji “travma” almışam. Bəlkə də hər hansısa psixoloji halın bir təzahürüdür.

 -ANS-ə yolunuz necə düşdü?

-ANS, “İç Xəbər” həmişə hədəfim olub.Mir Şahin müəllimlə görüşmək üçün 7 ay ANS-ə təpik döydüm. Onu həyatda görməmişdim, axırda dedilər ki,burada dəli qız var, gəlib, gedir, Mir Şahin müəllim dedi ki, buraxın içəri. Görüşdük,10 mövzu seçib yazmağı tapşırdı. Mən yolda evə çatana qədər 10 mövzunun onurğasını beynimdə formalaşdırdım.Evdə həmin mövzuları yazdım. Mir Sahin müəllim baxdı,dedi ki, sən burada işləyəcəksən. İlqar Mikayıloğluna tapşırdılar ki, montaj sistemini mənə öyrətsin.Bir ay keçməmiş məni işə götürdülər.2003-cü ildə ANS-də işə başladım.

-Xatırlayıram ki, uzun sarı saçlarınız var idi. Həm də onda çox arıq idiniz..

-Saçlarım uzun idi, tip olaraq milli qızlara oxşamırdım, Vahid müəlim deyirdi ki, Billurəyə stil verməliyik, sonra saçlarımı elə qısa kəsdilər ki,o gündən qısa saça aşiq oldum. Sonradan saçım da uzanmadı. “İç Xəbər”də müxbir, xüsusi müxbir, aparıcı, aparıcı-redaktor kimi çalışdım. Mir Şahin müəllimin üzərimizdə çox əziyyəti keçib və biz həqiqətən də o insanın çörəyini yedik və yeyirik də. Ləman Ələşrəfqızının mənə böyük təsiri olub.2007- ci ildə ailə qurdum. Toy şənliyimizə ansçilər xüsusi rəng qatdılar. 4 il ANS-də işlədim, 2007-ci ilin sentyabrında “Xəzər"TV-yə dəvət olundum. Özümü yeni yolda sınamaq istədim. Artıq orada istiqamətim dəyişdi,Proqramlar Departamentində direktor müavini,departamentin baş redaktoru kimi işə başladım.

-Aparıcılıqdan imtina edib, idarəçi bir funkisyanı həyata keçirmək çətin olmadı?

- Düzdür,ANS-dən ayrılmaq asan olmadı.“Xəzər”də mənim üçün yeni yollar açıldı,başqa idarəçi Billurə kimi özümü kəşf etdim. Ümumiyyətlə,dəyişkənliyi çox sevirəm, bir yerdə qalmağı xoşlamıram. Ailə qurmuşdum, həyatımda bir dəyişkənlik baş vermişdi. Işimdə də nəsə yenilik istəyirdim. 9 il “Xəzər”də çalışdım. Çox qəribədir ki, ANS-dən çıxandan sonra aparıcılıq həvəsim öldü. “Xəzər”də efir aparıcılığı təklif olunurdu, amma istəmirdim. Ciddi bir tok-şou olsa, bəlkə də aparıcılıq edərəm. Beynimdə belə bir veriliş formatı var.

-min verilişi hansı telekanalda reallaşra bilərsiniz?

-Nə vaxtsa "Real"TV-də ola bilər.

-Hazırda nə işlə məşğulsunuz?

- Bir ay var ki, işləmirəm, təklifləri dəyərləndirəcəm. “Xəzər”dən sonra bir il "ARB Şəki"-də direktor müavini işlədim. Yoldaşım və oğlumdan ayrı qaldım. Onlar Bakıda, mən isə qızımla Şəkidə qaldıq.Bu ayrılıq uşaqlarımıza psixoloji təsir etdi. Qızım axşamlar atasını yadına salıb ağlayırdı. Fikirləşdim ki, dəyərmi bu ayrılığa? Ona görə yenidən Bakıya qayıtdım, çox qısa müddət ərzində "Günaz" TV ilə əməkdaşlıq etdim və öz istəyimlə oradan ayrıldım.

-İxtisasca jurnalist deyilsiniz..

-Bəli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsini bitirmişəm. Filmi, kinonu inanılmaz dərəcədə çox sevirdim,teatr mühitinə düşmək istəyirdim .Həm də bilirdim ki, bu ixtisası bitirsəm də televiziyada çalışa bilərəm. Heç vaxt jurnalistikaya qəbul olmaq kimi bir istəyim olmayıb. Bakalavr və magistr təhsilimi qırmızı diplomla qurtarmışam. Tələbə dərnəklərinə, şairlər məclislərinə çox gedirdim. O vaxtlar şeirlər yazırdım.

-Həmin şeirlər qalır indi?

-Çox yazmışam ,amma saxlamamışam. Anam hətta gizlətmişdi dəftəri,mən isə sonradan tapıb cırdım.

-Niyə?

 -Bilmirəm. İçimdə ölmüş bir yazıçılıq var. Arada cızma-qara edirəm. Amma onları məndən başqa heç kim görməyəcək .Yazanda özümü çox xoşbəxt hisse edirəm.

-İlk iş yeriniz hara olub?

-“Bizim Əsr” qəzeti ilə əməkdaşlıq etmişəm. İlk iş yerim "Lider" televiziyası olub. 18 ildir televiziyadayam.

-“Real” TV-dən iş təklifi gəldi?

-Mir Şahin müəllimlə görüşüb danışmamışam. Ola bilər ki, “Real” TV ilə də əməkdaşlıq edə bilərik. Mən dostlarımı təbrik edirəm. "Real" TV açılandan sonra Azərbaycanda baş verənləri "Real"-dan öyrənirik. Mənə konkret iş təklifi gəlmiyib. Hər şeyin öz vaxtı var. O vaxt yetişməlidir,hazırda istirahət edirəm,illərin yorğunluğu var. Hiss edirəm ki,bu fasiləyə ehtiyac varmış. Hiss edirəm ki, mən xanımam, ailəm,yoldaşım var. 11 ildir ailəliyəm, bu 1 aydakı kimi ailə üzvlərim heç vaxt belə kef çəkməyib. Evə gəlirlər,şirniyyat, birinci yemək, ikinci yemək. Bu dönəmi özümə ayırmışam və bilirəm ki, bu, qısadır, işə çıxacam. İş marafonu başlayacaq, yoldaşımdan sonra evə gələcəm.

-Yoldaşınız hansı sahədə çalışır?

 -Şirkətlərin birində işə qəbul üzrə menecerdi.

-Necə tanış olmusunuz?

-İmtahan var idi, Qafqaz-Amerika məktəbinə. Orada tanış olmuşuq. Mən onu çox bəyənirdim, amma aglıma gəlməzdi ki, ona aşiq olaram. Onun da  mənim dinamikliyim, çevikliyim, kişi xarakterli olmağım xoşuna gəlib. Biz sevgili və nişanlı olan vaxtlarda barmaqla sayıla biləcək qədər görüşmüşük, çünki ANS-də gərgin iş rejimi var idi.

-Hər kişi jurnalist xanımı qəbul edə bilmir. Yoldaşınız işinizlə bağlı hansısa məhdudiyyətlər qoyur?

-Bəli, olur məhdudiyyət. Ailə qurandan sonra yoldaşımın istəyi olmasaydı,mən ANS-dən ayrılmazdım. Evə gec gəlmələrim,işdə daha çox vaxt keçirməyimə qarşı çıxdı.“Xəzər”dən təklif gələndə təkidlə dedi ki, dəyərləndir. Indi də mənim üçün rahat iş istəyir.

 -Hansısa qurumda mətbuat katibi kimi işləmək istəyiniz var?

- Var. Amma rəsmi,quru masa işləri mənə görə deyil. Yaradıcı işi çox sevirəm. Kabinet muhiti məni çox sıxır. O muhitdə ola bilərəm ki,orada yaradıcılıq var.

 -Nə vaxtsa televiziyadan uzaqlaşmağı fikirləşmisiniz?

-Televiziyadan uzaqlaşmaq istəyim var, ancaq hesab edirəm ki, o məndə alınmayacaq, çünki televiziya xəstəliyi var içimdə.

-Özünüzü başqa hansı sahədə görürsünüz?

 -Yaxşı pulum olsa, biznes qurardım, interyer dizayn xobbimdir.

 -Billurə xanım, çox dəyişmisiniz. Əvvəlki Billurə ilə indiki Billurə arasında yerlə göy qədər fərq var. Plastik əməliyyatlar etdirmisiniz?

 -Ümumiyyətlə, xanım özünə fikir verməlidir. Mənim 38 yaşım var. Qocalmaq istəsəm də qırışmaq istəmirəm. Pis görünməkdən qorxuram, həmişə gənc görünməyə çalışıram. Güzgüyə baxanda qırış ,solmuş sima görmək istəmirəm. Ayda 2-3 dəfə kosmetoloqa getməliyəm. Makiyaji sevmirəm, az istifadə edirəm. Amma saç boyası, saçın forması, dərinin rəngi mənim üçün çox önəmlidir. Kökəlməkdən qorxuram. Pozitiv olmağı sevirəm. Çox ziddiyyətli xarakterim var . Daxilən pessimistəm, amma üzdən optimist görünürəm.

-Hansı estetik əməliyyatları keçirmisiniz?

-Həmişə burnuma qarşı ciddi kompleksim olub. Uşaqlıqda qayçıynan gəzirdim ki, burnumu kəsəcəm. Valideynlərim məni güdürdü ki, nəsə edərəm. Ozümü dərk edəndə valideynlərimə də demədən getdim əməliyyata. 5 dəfə burun əməliyyatı keçirmişəm, başqa əməliyyatlarım da olub, bunlardan valideynlərimin əvvəlcədən xəbəri olmayıb.

-Dediniz ki, ziddiyyətli xarakteriniz var. Bu xüsusiyyətiniz insanlarla münasibət qurmaqda çətinlik yaratmır?

- Yaradır.Kənardan dünya, aləm vecinə olmayan bir xanım kimi görünürəm. Əslində isə yaşadıqlarımı içimdə saxlamağı bacaran biriyəm. Hətta inanıram ki, həyat yoldaşım da məni olduğum kimi tanımır. Buna əminəm.

-Olub ki, yoldaşınız desin,Billurə, bu hərəkəti səndən gözləməzdim.

 -O məndən hər şey gözləyir,çünki ütülü insan deyiləm. Heç özüm də bilmirəm,hansı situasiyada necə davranacam. Çox dəlisov xarakterim var. Hətta onun bir sözü var, bir gun qapını çırpıb gedəcəyini belə səndən gözləyirəm. Səndən hər an hər şey gözlənə bilər.

- Yaxın dostlarınız var?

 - Var.Ən çox istədiyim dostlarım Ləman Ələşrəfqızı, Zümrüd Qasımova, Hacı Nuran, Səidə Haqverdiyevadır.

 - Nə vaxtsa dost zərbəsi almısınız?

 - Yox. Neytrallıq var,məndə. Nə qədər yaxın olsam da məsafə saxlayıram. Onu mən yaratmıram, daxildən yaranır. Ona görə də dost zərbəsi almamışam.

Nihade Eyyubova