Logo

Nazarbayev: Erməni xalqına sülh arzulayıram


Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Ermənistandakı mövcud böhranı cəlb olunmuş bütün tərəflər arasında dialoqun qurulması yolu ilə həll edilməsini vacib hesab edir.

TopXeber.Az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu N. Nazarbayevin özü ermənistanlı həmkarı Armen Sarkisyanla apardığı telefon danışığı zamanı deyib.

Söhbət zamanı tərəflər Ermənistanda mövcud daxili siyasi vəziyyət barədə fikir mübadiləsi aparıblar. Bildirilir ki, Qazaxıstanın dövlət başçısı dost erməni xalqına sülh və əmin-amanlıq arzu edib, eləcə də mövcud böhranın Ermənistan Konstitusiyasına uyğun olaraq və qanunun aliliyinin əsasında bütün cəlb olunmuş tərəflər arasında dialoq qurulması ilə həllinin vacibliyini vurğulayıb.

Telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.

Məftun Salmanov