Logo

Sarqsyanın İrəvandan qaçacağı yerlər: Şuşa, yoxsa Moskva


Ermənistanda yaranmış mövcud böhranla bağlı maraq doğuran suallardan biri də aprelin 23-də Baş nazir vəzifəsindən istefa vermiş Serj Sarqsyanın gələcək taleyinin necə olacağıdır. Variantlar arasında 2008-2018-ci illərdə ölkəyə prezidentlik edən S. Sarqsyanın Ermənistanın keçmiş dövlət başçısı Robert Köçəryan kimi Moskvaya üz tutacağı və ya anadan olduğu Qarabağa qayıdacağı da var. Məsələ ilə əlaqədar rəylərini soruşduğumuz politoloqlar S. Sarqsyanın Qarabağa qayıtma ehtimalının olmadığı qənaətindədirlər. Onlar S. Sarqsyanın Moskvaya üz tutacağını hesab edirlər.

Məsələ ilə əlaqədar TopXeber.Az-a münasibət bildirən politoloq Elxan Şahinoğlu S. Sarqsyanın yenidən Dağlıq Qarabağa qayıdacağına inanmadığını bildirib: “O, hakimiyyətdə olduğu illər ərzində xeyli sərvət toplayıb. Sarqsyan bu sərvətlərlə Dağlıq Qarabağda neyləyəcək ? Ermənistanın ikinci Prezidenti Robert Köçəryan da Sarqsyan kimi Qarabağda anadan olub. Bu məntiqlə Köçəryan da Dağlıq Qarabağa qayıtmalıydı, amma ora geri dönmədi. Koçaryan Rusiyaya gedərək özünə imarət, həyat qurub. Rusiyanın “Qazprom” şirkəti tərəfindən işə alındı”.

Ekspert hesab edir ki, S. Sarqsyan Ermənistanda qalıb varidatını idarə etməyə də çalışa bilər: “Lakin bu ehtimalın az olduğu qənaətindəyəm. Çünki onu 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edənlərin gülləbaran edilməsinə görə məhkəməyə də cəlb edə bilərlər. Böyük ehtimalla Sarqsyan bir müddət gedib Moskvada yaşayacaq”.

Mövzu ilə bağlı saytımıza açıqlama verən politoloq Mübariz Əhmədoğlu isə S. Sarqsyanın gələcək karyerası barədə indidən danışmağın tələsik fikir olacağı qənaətindədir:  “Sarqsyanın gələcək taleyi barədə indidən nəyisə proqnozlaşdırmaq çox çətindir. Bir şey dəqiq və aydındır ki, Rusiya Sarqsyanın axırına çıxdı. Moskva onu yalan danışdığına görə cəzalandırdı. Çünki o, ABŞ-a Rusiya adından, Rusiya isə ABŞ adından bir söz deyərək əslində özünü aldatmış oldu. Buna görə də Rusiya Sarqsyanı cəzalandırır”.

Politoloq  S. Sarqsyana Moskva tərəfindən hazırda hansısa vəzifə veriləcəyinə inanmadğını bildirib: “Sarqsyanın vaxtilə Moskvada 9 müəssisəsi olub. Onlardan indiyədək qalan bir müəssisəsi varsa, ona rəhbərlik edə bilər. Sarqsyanın Qarabağa qayıdıb orada yaşayacağını düşünmürəm. Qondarma qurumun başçısı Bako Saakyan hazırda İrəvandadır və Qarabağa qayıda bilmir. Hər halda gözləmək lazımdır, çünki Sarqsyan hakimiyyətə qayıtmaq üçün müəyyən cəhdlər edir”.

Məftun Salmanov