Logo

Tarixi sammit: Koreya yarımadasının tam nüvəsizləşdirilməsi prosesi başlayır


Koreya Respublikasının Prezidenti Mun Ce-in yarımadanın tam nüvəsizləşdirilməsi prosesinin başlandığını elan edib.

TopXeber.Az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreya Prezidenti bunu KXDR lideri Kim Çen Inla keçirdiyi sammitin yekunları üzrə müştərək bəyannamənin imzalanmasından sonra bildirib. “Bu, tarixi görüş idi. Artıq Koreya yarımadasında müharibə olmayacaq (...). Bu gündən yarımadanın tam nüvəsizləşdirilməsi prosesi başlayacaq”, - deyə Mun Ce-in qeyd edib.

İki ölkə liderinin görüşündə imzalanan bəyannaməyə əsasən, bu ilin payızında Cənubi Koreya Prezidenti KXDR-ə səfər edəcək. Səfərin dəqiq vaxtı göstərilmir.

Xatırladaq ki, sənəddə, həmçinin Cənubi Koreya və KXDR-in Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq üçün aktiv fəaliyyət aparacağı qeyd olunur. Bildirilir ki, hər iki ölkə koreyalı ailələrin birləşməsi probleminin də daxil olduğu humanitar məsələləri həll etmək barədə razılığa gəlib. Eyni zamanda, KXDR və Cənubi Koreya dəmir yolu xətlərinin birləşdirilməsi məsələsində də razılıq əldə edib.

Cənubi Koreya Prezidenti yarımadanı ikiyə bölən demilitarizasiya zonasının zaman keçdikcə sülh xəttinə çevriləcəyinə, Cənub və Şimal arasında əlaqələrin aktivləşməsinin isə hər iki ölkə əhalisinə, o cümlədən dənizçilərə və sərhədyanı rayonların sakinlərinə təhlükəsizlik təminatı verəcəyinə əminliyini bildirib.