Logo

ABŞ və Rusiya arasında qalan Nazarbayev kimi seçəcək? – POLİTOLOQDAN RƏY


Qazaxıstan rəhbərliyi Rusiyadan uzaqlaşmaq, daha doğrusu bu ölkəyə qarşı ehtiyatlı mövqedə durmaq siyasəti yürüdür.

BunuTopXeber.Az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Qazaxıstanın Xəzərdəki iki limanını ABŞ yüklərinin Əfqanıstana daşınması üçün açmasını şərh edərkən deyib.

Guya Qazaxıstan dövlətini ruslar qurub

Onun sözlərinə görə, bu siyasəti təkcə Qazaxıstan deyil, MDB ölkələrinin əksəriyyəti aparır. Politoloq diqqətə çatdırıb ki, Rusiya İraq və Suriyanın ərazi bütövlüklərinə təminat verdiyi halda, MDB-nin üzv dövlətlərinin heç birinin ərazi bütövlüyünə təminat verməyib: “Rusiyada belə bir fikir formalaşıb ki, guya Qazaxıstan dövlətini ruslar qurub, qazax dövləti olmayıb. Bu fikirlər fonunda gərək rəsmi Moskva Qaxaxıstanın ərazi bütövlüyünə dəstəkləməklə bağlı tez-tez bəyanatlar versin. Ümumiyyətlə MDB ölkələri, o cümlədən də Azərbaycanla da bağlı bu cür bəyanatlar verməlidir”.

Nazarbayev cəsarətli adamdır

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi cəsarətli adam hesab edən politoloq qeyd edib ki, N. Nazarbayev əslində Avrasiyaçılıq nəzəriyyəsinin müəllifidir: “Yəni həmişə onun fikirləri MDB dövlətlərini Rusiyanın ətrafına yığmaq olub, Rusiyanın başçılıq etdiyi inteqrasiya modellərini təqdim edib. Bununla yanaşı, Nazarbayev Qazaxıstanın müstəqilliyi uğrunda da hədsiz çox düşünüb. Ona görə də Qazaxıstanın ABŞ-la münasibətlərinə bu kontekstdən də baxmaq lazımdır”.

Nazarbayev Trampı yumşaltdı

Böyük dövlətlərin həmişə kiçik dövlətlərə təzyiq etməyə çalışdığını vurğulayan M. Əhmədoğlu  Qazaxıstan Milli Fondunun ABŞ bankındakı 22 milyard dollar həcmində vəsaitinin dondurulduğunu xatırladıb: “Vaşinqton isə bundan istifadə edərək Qazaxıstanı hədələyir. Nazarbayev Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdə Amerika tərəfinin bu məsələdəki mövqeyini bir qədər yumşaltmağa nail oldu. Əvəzində isə Tramp ABŞ-Qazaxıstan münasibətlərinin hərtərəfli inkişaf etdirilməsini tələb edib. Bura atom sahəsi, Asiya region üzrə əməkdaşlığın, ikitərəfli iqtisadi-ticari əməkdaşlığın möhkəmləndirilməsi, o cümlədən regional təhlükəsizlik məsələləri daxildir”.

ABŞ-ın Qazaxıstanı seçməsində Pakistan amili

Həmsöhbətim regional təhlükəsizlik məsələləri deyəndə ilk növbədə  Əfqanıstan problemini nəzərdə tutulduğunu bildirib: “ABŞ yükləri təhlükəsiz şəkildə Əfqanıstana çatmalıdır. ABŞ-ın yükləri Qazaxıstan üzərindən Əfqanıstana çatdırmaq təşəbbüsü  Vaşinqtonun Pakistanla problemlərinin olmasından qaynaqlanır. Bu problemlərin olmasında isə günahkar Pakistan deyil, ABŞ tərəfidir. Həmişə yüklərini Əfqanıstana Pakistan vasitəsilə göndərən Amerika indi İslamabad ilə problemlər yaşadığına görə bunu Xəzər dənizi vasitəsilə, yəni Azərbaycan və Qazaxıstan əraziləri üzərindən etməyə çalışır”.

Nazarbayev xəyanətkar kimi təqdim edilir

Politoloqun sözlərinə görə, elə yüklər var ki, onları ABŞ hərbçiləri müşayiət etməli və qorumalıdırlar: “Rusiyada bəzi ekspertlər və politoloqlar Qazaxıstanın öz ərazisindən ABŞ yüklərinin tranzitinə icazə verməsini Nazarbayevin Moskvaya xəyanəti kimi, Amerikalı hərbçilərinin regiona gətirilməsi kimi təqdim edirlər. Hələlik isə Vaşinqton Qazaxıstana zəruri dəstəyi vermir. Fikrimcə, yaxın vaxtlarda Rusiya-Qazaxıstan münasibətləri gərginləşəcək. ABŞ isə Qazaxıstanı yetərincə müdafiə etməyəcək. Təxminən eyni fikirləri Azərbaycan haqqında da demək mümkündür. Rusiyalı ekspertlər ABŞ yüklərinin Əfqanıstana çatdırılması marşrutunda Azərbaycanın da yer aldığını vurğulayırlar. Bu səbəbdən də Rusiya çalışır ki, Azərbaycanla da neqativ fonda danışsın”.

Qeyd edək ki, Qazaxıstan Senatı Xəzər dənizindəki Aktau və Kurık limanlarını ABŞ üçün açılmasına dair sazişi təsdiq edib.  ABŞ-ın təklifinə əsasən xüsusi yüklərin Əfqanıstana tranzit marşutu Gürcüstan və Azərbaycandan Xəzər dənizi vasitəsilə Qazaxıstana gedəcək. Ardından isə dəmir yolu nəqliyyatı ilə Özbəkistana və sonra Əfqanıstana çatacaq. Bunadək Qazaxıstanən kiril əlifbasından latın əlifbasına keçməsi, o cümlədən BMT Təhlükəsizlik Şurasında ABŞ, Fransa və Böyük Britaniyanın Suriyaya zərbələrini qınamaqla bağlı keçirilən səsvermədə bitərəf qalması da Rusiyada narahatlıqla qarşılanıb.

Məftun Salmanov