Logo

Prezident “Formula 1”-in qaliblərini mükafatlandırdı - YENİLƏNİB


Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıblar.

TopXeber.Az Oxu.Az-a istinadən xəbər verir ki, həmçinin mükafatlandırma mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Avtomobil Federasiyasının rəhbəri Anar Ələkbərov iştirak ediblər.

Bakı trasında birinci yeri Lyuis Hemilton (“Mercedes”) tutub. “Ferrari” pilotu Kimi Raykonnen ikinci, “Force İndia” komandasının təmsilçisi Serxio Peres isə üçüncü olub.

16:22

Aprelin 29-da Bakıda “Formula 1” Azərbaycan Qran-Prisinin əsas mərhələsinə start verilib. Əvvəlcə pilotların paradı və açılış mərasimi keçirilib.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Formula 1” üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar.

“Formula 1” Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qaldı.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. “Formula 1” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən, builki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət olunacaqlar.

Sonra Azərbaycan Respublikasının dövlət himni ifa edildi.

Dövlət himninin ifa olunmasından sonra “Formula 1” Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verildi.

Final mərhələsində hər birində iki pilot olan on komandanın bir gün əvvəl keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Ferrari” komandasının pilotu Sebastian Fettel, “Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas dayandılar.

Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Bakıda “Formula 1” Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib.

“Formula 1” Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən “Formula 1” Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.