Logo

Türk dünyası birləşir: Rusiya da bunu dəstəkləyir


Özbəkistanın Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (TÖƏŞ) qoşulmaq qərarının arxasında bu ölkənin dövlət başçısı Şavkat Mirziyoyevin çox önəmli siyasi iradəsi dayanır.

BunuTopXeber.Az-a politoloq Elçin Mirzəbəyli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Daşkəndə səfərində Prezident Ş. Mirziyoyevin TÖƏŞ-ə qoşulmaq qərarının önəmini şərh edərkən deyib.


“Özbəkistanda “mən türkəm” demək qıcıq doğururdu”

Onun sözlərinə görə, bir neçə il əvvəl Özbəkistanda “mən türkəm” demək belə ölkədə müəyyən qədər qıcıq doğururdu:  “Bu, təəssüf doğran faktordur. Keçmişə ekskursiya edib kimisə ittiham etmək niyyətində deyiləm. Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun siyasətçi kimi özünün də üstün keyfiyyətləri olub, lakin indiki Prezident Mirziyoyev dünyada və regionda baş verən yeni prosesləri çox düzgün qiymətləndirir. O başa düşür ki, türk dünyasının inteqrasiyası üçün çox əlverişli zəmin yaradıb. Özbəkistan doğrudan da türk dünyasının çox önəmli mədəniyyət və tarixi mərkəzlərindən biridir. Özbəkistan olmadan türk birliyinə nail olmaq faktiki olaraq mümkün deyil. İnteqrasiya məkanı kimi də önəmli coğrafi mövqeyə malikdir”.

“Azərbaycan türk dünyasında birləşdirici faktordur”

E. Mirzəbəyli rəsmi Daşkəndin TÖƏŞ-ə qoşulmaq qərarına təsir edən müxtəlif aspektlərin olduğunu bildirib: “Şübhəsiz ki, burada Türkiyənin yürütdüyü xarici siyasət önəmli rol oynayır, digər tərəfdən Azərbaycanın türk dünyasının birliyində oynadığı çox mühüm birləşdirici faktoru da qeyd etmək lazımdır. Eyni zamanda, Azərbaycanın səyləri və yürütdüyü siyasət nəticəsində Türkmənistanın da türk birliyinə inteqrasiyası istiqamətində kifayət qədər ciddi addımlar atılıb. Zənnimcə, dünyada və regionda baş verən proseslərin özü Özbəkistanın belə qərar verməsinə gətirib çıxarıb”.

Türk dünyasının birləşməsinə Rusiya “dobro” verib

Politoloq hesab edir ki, Ş.Mirziyoyevin məlum qərarında Türkiyə-Rusiya münasibətlərindəki yaxınlaşma da rol oynayıb: “Mən rusiyalı politoloq Aleksandr Duqin kimi Avrasiyaçılıq nəzəriyyəsini qəbul etməsəm də, düşünürəm ki, Rusiyanın prioritetlərindən biri də türk dünyası ilə, türkdilli dövlətləri ilə münasibətlərini sağlam tutmaqdan və təbii ki, öz bütövlüyünu bundan sonra da qoruyub saxlamaqdan ibarətdir. Avrasiyaçılığın təməl prinsiplərinə nəzər salsaq, bilavasitə tarixçi alim Lev Qumilyovdan qaynaqlanan nəzəri əsasları götürsək, şübhəsiz ki, türk-slavyan birliyinin formalaşması önəmli faktordur. Çünki rusların bir millət olaraq formalaşmasında türklər fəal şəkildə iştirak ediblər. Qumilyov da bunu təsdiqləyir. Onun nəzəriyyəsinə əsasən, məhz türklərin gətirdiyi kinetik enerji Rusiyanın nəhəng dövlətə çevrilməsinə imkan yaradıb. İndiki şəraitdə Rusiyanın yeni geosiyasətçiləri türk-slavyan yaxınlaşmasını və ittifaqını dəstəkləyir. Bu aspektdən Türkiyənin hazırda türkdilli dövlətlərlə münasibətlərinin inkişafı  Rusiyada o qədər də qıcıq doğurmur, yəni böyük narahatçılıq doğurmur, bu da türkdilli dövlətlərin inteqrasiyası prosesində müəyyən qədər stimullaşdırıcı faktor yaradır”.

“Qərar türkdilli dövlətlərin inteqrasiyasına böyük töhfə verəcək”

Həmsöhbətim diqqətə çatdırıb ki, dünyada gedən qloballaşma prosesindən qaçınmaq mümkün deyil, lakin ölkələrin identikliyini, dil və mədəniyyətini qorumağının yolu vahid tarixə, kökə malik olan xalqlarla eyni platformadan çıxış etməkdən keçir: “Özbəkistanın məlum qərarında bu amillər də rol oynayıb. Bu qərar türkdilli dövlətlərin inteqrasiyasına böyük töhfə verəcək”.

Türkmənistan TÖƏŞ-ə nə vaxt qoşulacaq?

Türkmənistanın hələ də TÖƏŞ-ə qoşulmamasına gəlincə, politoloq qeyd edib ki,  rəsmi Daşkəndin bu addımı Türkmənistanın Şuraya qoşulmasına zəmin yaradacaq: “Türkmənistan neytral status daşıyan ölkədir. Heç bir ittifaq qoşulmayacağını bəyan edib, amma bu neytrallıq inteqrasiyaya heç bir maneə yaratmayan faktordur, çünki Aşqabadın neytral statusu onun iqtisadi və mədəni platformalar üzərindən əməkdaşlıq etməsinə heç bir əngəl törətmir. Türk birliyi hazırda hərbi blok deyil və bu, Türkmənistan üçün problem yaratmayan bir platformadır. Qənətimcə, Türkmənistan da bu prosesdə aktiv şəkildə iştirak edəcək. Aşqabadın Azərbaycan və Türkiyə ilə münasibətlərində çox ciddi irəliləyişlərin baş verdiyini görürük. Təxminən 7-8 il əvvəl bu barədə heç arzulamaq mümkün deyildi.

Saytımıza məsələ ilə bağlı daha bir münasibət bildirən politoloq Elxan Şahinoğlu isə bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfərinin özü çox əhəmiyyətlidir.


“Özbəkistan Türkiyə ilə strateji tərəfdaşlığa daha meyillidir”

Onun sözlərinə görə, Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun dövründə Türkiyə ilə münasibətlər xeyli soyumuşdu və gərginləşmişdi, o zaman münasibətlər sıfır nöqtəsinə enmişdi: “Lakin Şavkat Mirziyoyev hakimiyyətə gəldikdən sonra ilk səfərlərindən birini (2017-ci il oktyabr) Ankaraya etdi, cavab olaraq da Ərdoğanı Daşkəndə dəvət etdi. Tərəflər qarşıya böyük hədəflər qoyub, iqtisadi əməkdaşlıq artacaq, Türkiyə kapitalı yenidən Özbəkistana qayıdacaq. Yəni faktiki olaraq Özbəkistan yenidən Türkiyə ilə strateji tərəfdaşlığa daha meyillidir”.

“Aşqabad gələcəkdə bu prosesdən kənarda qalmayacaq”

Ş. Mirziyoyevin TÖƏŞ-ə qoşulmaq barədə qərarını çox önəmli adlandıran politoloq vurğulayıb ki, bununla da hazırda bu prosesdə kənarda qalan yeganə ölkə Türkmənistandır: “Türkmənistan tamamilə neytral siyasət yürüdür. Bununla belə, rəsmi Aşqabad gələcəkdə bu prosesdən kənarda qalmayacaq”.

“Mirziyoyevin qərarı Azərbaycan üçün da vacibdir”

E. Şahinoğlu əlavə edib ki, rəsmi Daşkəndin TÖƏŞ-ə qoşulma qərarı Azərbaycan üçün də vacibdir: “Çünki rəsmi Bakı Özbəkistanla əlaqələrə böyük önəm verir. Təsadüfi deyil ki, Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı mərasimində Özbəkistanın Baş naziri də iştirak etmişdi. Özbəkistanın TÖƏŞ-ə qoşulması türkdilli dövlətlərin bir-birilə əlaqələrini daha da inkişaf etdirəcək”.

”Bu, türkdilli dövlətlərin mənafeyinə indiki halda cavab vermir”

Həmsöhbətim TÖƏŞ-in siyasi deyil, humanitar, iqtisadi və mədəniyyət yönümlü birlik olmasına dair tənqidlərə cavab olaraq deyib ki, siyasətin özü iqtisadi əməkdaşlıq üzərində qurulub: “Əgər dövlətlər arasında iqtisadi əlaqalər varsa, ticari əməkdaşlıq artırsa, böyük layihələr varsa, bu, istər-istəməz dövlətləri siyasi cəhətdən yaxınlaşdırır. Buna görə də birinci mərhələni arxada qoymadan, ikinci mərhələyə keçmək doğru olmazdı. Türkdilli ölkələr arasında birinci olaraq sırf iqtisadi və humanitar əlaqələr qurulmalıdır, sonra siyasi birlik haqqında düşünmək olar. Əgər siyasi birlik fikri ortaya atılsa, türkdilli dövlətlərin bir çoxu buna kəskin etiraz bildirməklə yanaşı, müqavimət də göstərə bilərlər. Bu isə türkdilli dövlətlərin mənafeyinə indiki halda cavab vermir”.

Məftun Salmanov