Logo

Azərbaycanın “yumşaq güc” diplomatiyası ikili standartlara qarşı


Azərbaycan dünyadakı ikili standartlara qarşı “yumşaq güc” diplomatiyasını ortaya qoyur.

Bunu TopXeber.Az-a politoloq Nəzakət Məmmədova Azərbaycanın xarici siyasətində “yumşaq güc” diplomatiyasının önəmi və yeri barədə açıqlama verərkən deyib.

“Yumşaq güc”dən istifadə edənlər çox irəli gedib

Onun sözlərinə görə, hər bir dövlətin yürütdüyü xarici siyasətdə “yumşaq güc” amilindən istifadə olunması çoxəsrlik ənənə halını alıb: “Xarici siyssətində “yumşaq güc” amilindən yararlanan ölkələr yalnız məcburiyyət, zorakılıq və hərbi qüvvədən istifadə edən ölkələrlə müqayisədə daha çox irəli gedib və uğurlar qazanıb. Siyasi təlimlərə və filosofların fikirlərinə nəzər saldıqda da bunu görmək mümkündür. Tarixdə bunun örnəkləri də var. Məsələn, Fatih Sultan Mehmet İstanbulu fəth edəndə demişdi ki, “biz buraya könülləri fəth etməyə gəlmişik”. Osmanlı dövləti 1453-cü ildə bir çağı qapayıb bir çağı açmasına, Bizans imperiyasına son qoymasına baxmayaraq, könülləri fəth etməyin önəmini anlayıb”.

“Uzunmüddətli uğurun əsasında “yumşaq güc” dayanır”.

Politoloq bildirib ki, istənilən dövlətin” yumşaq güc” sayəsində uğur qazanmasının arxasında ideologiya, mədəniyyət, idman, təhsil dayanır: “Sadalanan sahələrin ölkənin xarici siyasətində prioritetə çevrilməsi onu beynəlxalq aləmdə nüfuz əldə etməsinə və davamlı uğur qazanmasına səbəb ola bilər. Möhkəm güc vasitələri, yəni işğal, məcburiyyət və hərbi gücün tətbiqi tez səmərə verə bilər, lakin uzunmüddətli uğur gətirə bilməz. Uzunmüddətli uğurun əsasında isə “yumşaq güc” dayanır”.

Hollivud “yumşaq güc”un tərkib hissəsi kimi...

N. Məmmədova qeyd edib ki, bugünkü beynəlxalq münasibətlərdə “yumşaq güc” alqışlanan strategiyadır: “Artıq dünyada xarici siyasətdə hərbi güc tətbiqi, zorakılıq, işğal dövrləri çoxdan geridə qalıbdır. Hər bir dövlət çalışır ki, “yumşaq güc” vasitələrindən istifadə edərək xarici siyasətdəki prioritetlərinə nail olsun, öz strategiyasını həyata keçirsin. Hətta ən böyük imperiyalardan tutmuş ən kiçik dövlətlərədək hər kəs buna çalışır. Məsələn, ABŞ-ın xarici siyasətində panamerikanizm siyasəti uzun müddət dominantlıq edib. Panamerikanizm Amerika mədəniyyət və demokratiya dəyərlərinin, Amerikansayağı həyat tərzinin dünyaya yayılmasını və bununla da dünyada özünə çoxlu tərəfdarın toplanmasını nəzərdə tutur. Hollivudun bu çərçivədə apardığı fəaliyyəti də qeyd etmək lazımdır”.

“Azərbaycanın xarici siyasətini “yumşaq güc” üzərində qurub” 

Azərbaycanın xarici siyasətini “yumşaq güc” üzərində qurduğunu, buna daha çox önəm verdiyini diqqətə çatdıran həmsöhbətim  əlavə edib ki, ölkəmiz daha çox öz potensialını” yumşaq güc” siyasətinə yönəldib və bunun reallaşdırılması ilə məşğuldur: “Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin, forumların, idman yarışlarının, kütləvi mədəni tədbirlərin keçirilməsi, eyni zamanda multikulturalizm dəyərlərinin dövlət siyasəti elan olunması, Qərb və Şərqi təmsil edən siyasətçilərin, dövlət xadimlərinin vaxtaşırı Azərbaycanda qlobal forumlar çərçivəsində bir araya gəlməsi, beynəlxalq problemlərin müzakirə edilməsi Azərbaycanın həyata keçirdiyi bu siyasətin nəticəsidir. Azərbaycan həm Şərq, həm də Qərb sivilizasiyaları ilə qarşılıqlı anlaşma və dialoq şəraitində münasibət qurur. Azərbaycana rəğbətin formalaşdırılması ölkənin xarici siyasətinin əsasını təşkil edir”.

Bizim kimi ölkələr üçün isə...

Politoloq hesab edir ki, hazırki dünya sistemi elə qurulub ki, böyük dövlətlər istədiklərini demək olar edə bilirlər: “Onların alternativləri çoxdur. Yeri gələndə hansısa dövləti işğal edə və onu idarə edə bilirlər. Bizim kimi ölkələr üçün isə daha çox “yumşaq güc” vasitələrindən istifadə  alternativ variant kimi  məqsədəuyğundur. Məsələn, hansısa böyük dövlət başqa ölkənin ərazisini işğal edəndə buna demokratiya “donu” geyindirirlər, Azərbaycan isə işğal olunmuş öz ərazisini azad etməyə qalxanda buna münasibət fərqli olacaq. Bəzi ölkələr ölkəmizin tərəfini tutsa da, beynəlxalq təşkilatlar, böyük dövlətlər, lobbilər zorakılıq baş verir, humanizmə, beynəlxalq hüquqa zidd addımlar atıldığını bəyan edəcəklər”.

“Azərbaycan hərbi gücdən imtina etməməlidir”

N. Məmmədova düşünür ki, Azərbaycan dünyadakı ikili standartlara qarşı “yumşaq güc” diplomatiyasını ortaya qoyur: “Düzdür Azərbaycan lazım gələrsə, işğal olunmuş torpaqları beynəlxalq hüquq çərçivəsində hərbi yolla azad edə biləcəyini bəyan edir və buna da qadirdir. Lakin rəsmi Bakının öz haqqını müdafiə etmək istəyi çoxlu maneə və qınaqlarla qarşılaşır. Bu baxımdan ilk növbədə xarici siyasət strategiyası “yumşaq güc” vasitələrindən istifadəyə əsaslanmalıdır və onun da alternativi yoxdur, ən doğrusu budur.  Təbii ki, Azərbaycan hərbi gücdən imtina etməməlidir, ehtiyac yaranarsa, ölkəmiz bu vasitə hüququnu özündə saxlayır”.

Azərbaycan dünayaya nə təklif edə bilər?

Həmsöhbətim “yumşaq güc” strategiyası çərçivəsində Azərbaycanın öz mədəniyyətilə, beynəlxalq nüfuzunu artırması ilə daha çox uğurlar əldə edə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın” yumşaq güc” strategiyasını həyata keçirməsi üçün böyük potensialı var: “Mədəniyyət, təhsil, xalqımızın qonaqpərvərliyi, gözəl və mülayim təbiəti, turizmi buna imkan verir. Mədəniyyət tədbirləri çərçivəsində bizdə Üzeyir Həcıbəyov və digər dahi bəstəkarlarımızın günləri keçirilə bilər. Dastanlarımız əsasında maraqlı kompozisiyalardan ibarət tamaşalar və festivallar təşkil oluna bilər. Xalçlardan ibarət festivalları da bura aid etmək mümkündür.  Azərbaycan tarixinə dair serialların və ya filmlərin da çəkilməsi ölkəmizin tanıdılmasıba önəm kəsb edir Hazırda dünyaya avropalaşmaqla deyil,  dəyərlərimizi göstərməklə özümüzü sübut etməliyik. Bu sahədə xeyli işlər görülür. Heydər Əliyev Fondu bu sahədə aktiv fəaliyyət aparır. Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva və onun rəhbəri olduğu Heydər Əliyev Fondu Azərbaycanın yumşaq güc diplomatiyasının başında dayanır. Onun fəaliyyəti ölkəmizin tanıdılmasında böyük rol oynayır”.

Məftun Salmanov