Logo

“Dinamo” Tbilisinin futbolçuları gündüzlər matça çıxır, gecələr isə insanları həbs edirdilər


Dinamo” Tbilisi futbol klubunun oyunçuları SSRİ dövründə gündüzlər matça çıxır, gecələr isə məxfi polis təşkilatı üçün insanları evlərində tuturdular.

Sovet Gürcüstanında hər kəs “Dinamo” Tbilisi ilə nəfəs alırdı. Onlardan biri də Lavrenti Beriyaydı.  “Dinamo” Tbilisi 1925-ci ildə yaradılanda  onun 26 yaşı varıydı. Beriya özü də futbol oynayıb.

Beriya 1928-ci ildə  Gürcüstan Təhlükəsizlik Xidmətində qorxu saçmağa başladı. Tarixi sənədlərə əsasən, o, klubu SSRİ Xalq Daxili İşlər Komissarlığının (XDİK) təşkilatına çevirdi. Komandanın başında Komissarlığın zabitləri dayanırdı.

Dövlət Təhlükəsizlik Komitəsinin arxiv materiallarına əsasən, Beriyanın dövründə Gürcüstanda 1937-1938-ci illərdə 2 430 nəfər həbs edilib, 14 500 nəfər düşərgələrə göndərilib, 10 930 nəfər isə edam edilib. O, dövrdə “Dinamo” Tbilisi ilə bağlı qərarlar XDİK-in binasında verilirdi. Komandanın futbolçuları günorta vaxtı keçirdikləri matçlarda qol vurduqdan sonra gecələr evlərə basqın edib insanları həbs edirdilər.

1937-ci ildə “Dinamo”nun kapitanı olan erməni əsilli Mixail Aslamazov həbs edilib. Ona intihar edənədək işgəncə verildiyi iddia olunur. Klubun digər oyunçusu Levan Abaşidze də həbs edilərək 30 yaşında edam edilib. Onların tutulma səbəbləri məlum deyildi. Hər iki oyunçu “Dinamo”dan ayrılmışdı və futbolu buraxmışdı.

İddialara əsasən, Beriya “Dinamo” Tbilisinin çıxdığı oyunlarda qələbə qazanması üçün rəqib komandalara qarşı hiylə işlədib. Bunun üçün o, rəqib komandanın önəmli oyunçularını Kommunist Partiyasının  düşməni elan edirdi, yaxud məcburən “Dinamo” Tbilisiyə transfer edirdi. 1950-ci ildə XDİK zabitləri “Dinamo”ya yaxşı futbolçular transfer etmək məqsədilə “Krılya Sovetov” klubunun qabaqcıl oyunçusunu qaçıraraq zorla transfer edirlər.

“Dinamo” Tbilisi İosif Stalinin ölümünə qədər ölkə çempionu ola bilmir. Komanda Stalinin öldüyü 1953-cü ilə çempionluğa çox yaxınıydı. Lakin Stalinin yerinə gələn Nikita Xruşov “Dinamo”nun çempion olmasının qarşısını alır. Həmin mövsüm “Spartak” Moskva çempion olur. “Dinamo”nun çempionluq yolunda “Torpedo” Moskva ilə keçirdiyi matç Kremlin araya girməsi ilə yenidən oynanılır. Tbilisi təmsilçisi 2:1 heabı ilə rəqibini məğıub etsə də, guya hakim səhv qərarlar verdiyindən matç yenidən oynanılır. Bu dəfə isə gürcülər 4-1 hesabı ilə məğlub olurlar. Həmin matçın hakimi “Dinamo”nun baş məşqçisinə “bu matçda heç cür qələbə qazana bilməyəcəksiniz” dediyi bildirilir. Rusların bu yolla gürcülərdən keçmişə görə qisas aldıqları söylənilir. “Dinamo” Tbilisi ancaq 1964 və 1978-ci illərdə SSRİ çempionu olub.

Gürcüstan 1991-ci ildə müstəqil ölkə olduqdan sonra gürcü xalqı “Dinamo”nun XDİK tərəfindən idarə olunduğunu bilirdi. Buna rəğmən, komandalarını dəstəkləməyə davam edirlər.

TopXeber.Az – Məftun Salmanov