Logo

"ABŞ və Rusiya Ermənistandaki hadisələrin ssenaristləridirlər" - Politoloq


"Ermənistanda yaşanan qarışıqlıq əslində, ölkə xaricindən idarə olunur".

TopXeber.Az xəbər verir ki, bunu "Sherg.az”a Ermənistandakı vəziyyəti dəyərləndirərkən politoloq Elçin Xalidbəyli söyləyib. 

O, hesab edir ki, indiki qarışıqlıqda xalqın rolu yüksək deyil:

"Sadəcə, xalqdan vasitə kimi istifadə edilir, kütlə kənardan idarə olunur. Bu səbəbdən, prosesə iki fərqli istiqamətdən yanaşmaq daha doğru olar. Belə ki, qarışıqlığın mənbəyi Ermənistanda uzun müddətdən bəri mövcud olan klanlararası mübarizədir. 

Çünki Ermənistanda Qarabağ klanı hakimiyyətdə idi və yerli ermənilər bundan bezib, müqavimət göstərməyə çalışırdılar.

Digər tərəfdən, bu olayların əsas qaynağı rolunda xarici güclər arasındakı mübarizə çıxış edir. Həmin mübarizənin əsas oyunçuları Rusiya və ABŞ-dır. Ermənistan əhalisinin narazılığı isə böyük dövlətlərin qarşıdurmasında alət kimi istifadə edilir. 

Ermənistanda mövcud olan qarışıqlığın necə nəticələnəcəyini və kimlərin hakimiyyəti ələ keçirəcəyini müəyyənləşdirmək üçün ABŞ-Rusiya qarşıdurmasının hansı istiqamətlərə yönələcəyini də müşahidə etmək lazım gələcək”.

E. Xalidbəyli vurğulayıb ki, ABŞ və Rusiya Ermənistandakı hadisələrin müşahidəçiləri deyil, ssenaristləridirlər:

"Kimin baş nazir olacağı və ya kimin hakimiyyətə sahiblənəcəyi də məhz bu iki nəhəng dövlətdən hansının ssenarisinin reallaşacağından birbaşa asılıdır”.

Qeyd edək ki, Ermənistanda Respublikaçılar Partiyası 8 mayda parlamentdə keçiriləcək baş nazir seçkilərinə heç bir namizəd irəli sürməyəcəyini açıqlayıb. Hakim Respublikaçılar Partiyasının və eyni adlı fraksiyanın sözçüsü Vahram Baqdasaryan deyib ki, bu, partiyanın son qərarıdır.