Logo

DİM “olmaz” deyir, Miqrasiya Xidməti “vermirəm”- Azərbaycanda təhsilsiz qalan əcnəbilər


Bizim başqa ölkələrdə oxuyub təhsilimizi artırmaq istəyimiz olduğu kimi, xarici ölkə vətəndaşlarının da Azərbaycanda oxumaq, işləmək kimi bir arzusu var. Bu istəyin nəticəsidir ki, 2017-2018-ci tədris ilində Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı ötən tədris ili ilə müqayisədə 10 faiz artıb. Statistika göstərir ki, 2017-2018-ci tədris ilində Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı 75 ölkədən olmaqla 5541 nəfər təşkil edib.Əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali məktəblərin sırasına Tibb Universiteti, Memarlıq və İnşaat Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti daxildir. Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında Türkiyə, Rusiya, İran, Gürcüstan, Türkmənistan və Çindən gələnlər üstünlük təşkil edir.

 Ekspertlər isə hesab edirlər ki, Azərbaycanda təhsil alan əcnəbilərin sayına nəzər saldıqda nəticə heç də ürəkaçan deyil. Azərbaycanda təhsil alan xarici ölkə vətəndaşlarının sayı ilə ölkədən kənarda oxuyan azərbaycanlılar arasında böyük fərq var. Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, xaricdə təhsil üçün ölkəmizdən gedənlərin sayı 40 mindir, onların 15 min nəfəri Türkiyə, 24 min nəfəri Dərbənd, Dağıstan, Ukrayna, Gürcüstandadır : “Buradan Gürcüstana oxumağa gedənlərin sayı 4 min nəfər, amma Gürcüstandan bizə gələnlərin sayı 300 nəfərdir. Bu məhz əcnəbilərin burada təhsil almaları üçün yaradılan maneələrə görədir. Hesab edirəm ki, bu maneələr aradan qalxmalıdır və Azərbaycana kənardan tələbələrin gəlməsinə imkan yaratmaq lazımdır. Bu da ölkəyə maliyyə axını, universitetlərin reytinqinin artması ilə nəticələnəcək. Hesab edirəm ki, aidiyyatı qurumlar bunu nəzərə almalıdır”

 Maraqlıdır, bu maneələr hansılardır?

Xarici ölkə vətəndaşlarının saytımıza bildirdiklərinə görə, bu maneə əsasən Miqrasiya Xidməti tərəfindən yaradılır. Onlar əcnəbilərə ölkədə müvəqqəti yaşamaq icazəsi ilə bağlı sənədin verilməsi üçün Azərbaycanda yaxın qohumlarının yaşamasını dəlil olaraq ortaya qoyurlar. TopXəbər.az əcnəbilərin ölkəmizdə təhsil almaları üçün yaradılan maneələri araşdırıb.

Miqrasiya üzrə ekspert Azər Allahverənov bildirib ki, ölkədə təhsil alan əcnəbilər təhsil aldığı universitetlə müqavilə bağlayırlar: “ Həmin müqavilə əsasında onlar təhsil aldığı müddət ərzində ölkədə qalmaq hüququ əldə edirlər. Bu, hər hansı Avropa,Asiya,Ərəb ölkəsindən olan bir tələbə ola bilər,o cümlədən Gürcüstan. Görünür,burada başqa nüanslar var. Xüsusilə də həmin şəxslərin ölkə ərazisində birmüddətli yaşaması ilə bağlı. Onlar orta təhsil məktəbini bitirirlər, sonra imtahan verirlər və universitetə qəbul olunurlar. Sonradan bu kimi məsələlər ortaya çıxır. İstənilən halda bu məsələ hüquqi müstəvidə öz həllini tapmalıdır.Həmin şəxslər ki, orta məktəbi bitirirlər və bundan sonra onların ölkə ərazisində qalmaq vaxtı bitirsə, təbii ki, onlar öz statusunu yenidən müəyyən etməli, hansı qismdə ölkə ərazisində qalmalıdır, bunun üçün də Dövlət Miqrasiya Xidmətinə müraciət etməli və müvafiq qaydada ölkə ərazisində müvəqqəti yaşama icazəsini əldə etməlidirlər.Təbii ki, icazənin əldə olunması Miqrasiya Məcəlləsində müəyyən olumuş əsaslarla dəqiqləşir,əgər bu əsaslar yoxdusa,onların icazə alması mümkünsüzdür. İstənilən halda qanun bütün məsələləri nizamlayır”

O ki qaldı qohumluq əlaqələri bu, Miqrasiya Məcəlləsində öz əksini tapıb

 “Amma istənilən halda hər bir hadisənin arxasında hansısa bir əsaslar olur. Çox zaman həmin əsaslar dərindən təhlil olunmalıdır. Kimsə elə bilir ki, orta məktəbi başa vurdu, ölkə ərazisində müvəqqəti yaşama icazəsi bitdi, amma o,qəbul olma imkanı əldə edib və o, test usulu ilə imtahan verir, qəbul olunursa, onunla müqavilə bağlanır və təhsil universiteti ilə tələbə arasında müqavilə bağlandığı halda o, ölkə ərazisində müvəqqəti yaşama icazəsini əldə etmiş olur. Ola bilsin, orada hansısa bir məqam var, keçid dövrləri var. Tutaq ki, on birinci sinfi başa vurmaq müddəti iyun ayına qədərdir, bundan sonra onun müddəti bitir, o, həmin ərəfədə may ayında gedib dövlət imtahanı verir və dövlət  imtahandan da bəlli deyil, qəbul olunur ya olunmur. Əgər qəbul olunduğu təqdirdə, onunla müvafiq qaydada müqavilə bağlanır və bu müqavilə əsasında o, ölkə  ərazisində müvəqqəti yaşama hüququ əldə edir. Amma may-iyun ayında ki, onun vaxtı bitib,  belə olduğu halda olkə ərazisində müvəqqəti yaşama vaxtını uzatmalıdır və ya  ölkə ərazisini tərk edib, təzədən  ölkə ərazisinə daxil olmalıdır. Əcnəbilərin də ölkə ərazisində təhsil almaq imkanları digər qanunvericiliklərlə tənzimlənir. Burada tək Dövlət Miqrasiya Xidmətinin rolu yox, Təhsil Nazirliyinin də  rolu var. Düşünürəm ki, bu qurumlararası müzakirə olunan və ortaq məxrəcə gəlinəsi bir məsələdir. Istənilən halda əcnəbilərin də ölkə ərazisində təhsil almaq imkanları reallaşdırılsın”-deyə ekspert əlavə edib.

Miqrasiya Məcəlləsinin 45-ci maddəsinə diqqət

Dövlət Miqrasiya Xidmətinin qaynar xəttindən verilən məlumata görə, Miqrasiya Məcəlləsinin 45-ci  maddəsinə görə, xarici vətəndaşlara müvəqqəti  yaşama icazəsinin verilməsi ilə bağlı tələblər var: “O tələblərdən biri yoxdusa, biz o xarici vətəndaşa icazə verə bilmirik.Nəticədə həmin vətəndaşlar təhsilsiz qalır”

Təhsil eksperti Kamran Əsədov bildirir ki, Azərbaycanda əcnəbilərin təhsil alması çox vacibdir, Miqrasiya Xidməti tərəfindən belə bir maneənin yaranması düzgün deyil:

“Azərbaycan Respublikasının vətəndaşı Konstitusiyaya görə o şəxsdir ki, ailə üzvlərindən biri Azərbaycan vətəndaşı olsun və yaxud da tarixi Azərbaycan torpaqlarında yaşasın. Burada iki məsələ var. Bir var Gürcüstanda yaşayan azərbaycanlılar,Marneuli, Qardabani birdə var Gürcüstan vətəndaşı kimi Azərbaycanın qəbul imatahanında iştirak etmək istəyən şəxslər. Azərbaycanda bunların hər ikisi üçün qəbul imtahanları fərqli formatda həyata keçirilir. Gürcüstanda, Dağıstanda, Dərbənddə yaşayan azərbaycanlılar üçün bilirsiniz ki,Dövlət İmtahan Mərkəzi miqrasiya buraxılış şəxsiyyət vəsiqəsini əvəz edən sənədlə imtahanlarda onların iştirakına  imkan yaradır. Amma burada təzad odur ki, həmin şəxslər, Gürcüstanda yaşayan azərbaycanlılar və həmin ölkənin vətəndaşı olan şəxslər hətta  maksimum 700 bal toplasalar da onlar yalnız ödənişli əsaslarla təhsil ala bilərlər.Gürcüstan vətəndaşları, o cümlədən digər, Türkiyə, Rusiya, Avropanın istənilən ölkəsinin vətəndaşları istədikləri univeritsetə daxili qaydada imtahan verib qəbul ola bilərlər”

Təhsil məsələsində heç bir halda daimi yaşayış tələb oluna bilməz

Təhsil ekspertinin sözlərinə görə, 2017-ci ildə Prezident İlham Əliyev məhz bununla  bağlı qrant layihələr hazırlayıbdır ki, həmin şəxslər istəsələr Azərbaycan Hökumətinin vəsaiti hesabına Azərbaycanda oxuya bilərlər: “Xarici ölkə vətəndaşlarının Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda iştirak etmədən də Azərbaycandakı universitetlərə qəbul olmaları mümkündür. Bununla baglı universitetlərin beynəlxalq əlaqələr şöbəsinə  müraciət edirlər və onlar daxili qaydada universitetlərdə istədikləri ixtisaslara qəbul olurlar. Sadəcə bunun üçün onlardan  yalnız  təhsil sənədləri tələb olunur. Necə ki, Azərbaycan vətəndaşları Rusiya, Ukrayna Türkiyəyə dünyanın istənilən ölkəsində  adi təhsil  sənədi ilə qəbul olub oxuya bilirlər, eyni proses Azərbaycanda da var.Təhsil məsələsində heç bir halda daimi yaşayış tələb oluna bilməz, çünki bu birmənalı şəkildə həmin şəxsin özünün hüququdur. Konstitusiyada göstərilib, yaşama, mənzil, və təhsil hüququndan  istifadə edib  etməmək həmin şəxsin öz hüququdur. Yəni heç bir  halda nə dövlət İmtahan Mərkəzi, nə də digər dövlət qurumu burada onu tələb edə bilməz, çünki bu daimi yaşamır , müvəqqəti yaşama hüququ polis idarələrində də keçirilə bilər Miqrasiya  tərəfindən belə bir maneənin yaradılması düzgün deyil, onlar Azərbaycana  gəlməlidir ki, Azərbaycanda təhsil alan xaricilərin sayı artsın, bu gün çox aşağı səviyyəddir”

Mərkəz tərəfindən hər hansı bir məhdudiyyət tətbiq olunmur

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə qeyd edir ki,

Dövlət İmtahan Mərkəzi tərəfindən xarici ölkə vətəndaşlarının sənədləri qəbul olunur. Onlar ali təhsil almaq istəyirlərsə, qeydiyyatdan keçirlər və imtahanda iştirak etməklə ali təhsil müəssisələrinə qəbul ola bilərlər : “Sadəcə olaraq, həmin abituriyent cari ilin məzunudursa, mütləq o, məktəb tərəfindən şagird-məzun bazasına daxil edilməlidir. Daxil edildikdən sonra avtomatik olaraq, elektron ərizə qəbulu prosesində iştirak edə bilir. Və elektron ərizəsini özü təsdiq edir. Əvvəlki ilin məzunudursa, burada da hər hansı bir problem yoxdur. O, ərizə qəbulu vaxtı xarici pasportu ilə Dövlət İmtahan Mərkəzinə yaxınlaşır, onun üçün şəxsi kabinet açılır və ərizə qəbulunda iştirak edə bilir. Yəni Mərkəz tərəfindən hər hansı bir məhdudiyyət tətbiq olunmur. Sadəcə ola bilər ki, həmin şəxs cari ilin məzunu olubdur, məktəb onun sənədi qaydasında olmadığına görə,(daimi  və yaxud müvəqqəti yaşayış icazəsi ilə baglı Miqrasiya Xidmətindən alınmalı olan sənədlər) onu şagird -məzun bazasına daxil etməyib və o, sənəd  verə bilməyib. Arasdırmaq lazımdır ki, məktəb onu niyə daxil etməyib, hansı səbəblərə görə, sənədi qaydasında olub ya olmuyub. Tutaq ki, hər hansı bir sənədi yoxdur, yaşamaq haqqında icazəsi yoxdur, və bu icazə olmadığına görə məktəb onu  məlumat bazasına daxil edə bilmir. Artıq bu məsələlər bizim səlahiyyətimizdə deyil”.

Nihadə Eyyubova