Logo

Vüsal Qasımlı: Azərbaycan post-neft dövrünə sürətlə adaptasiya oldu


Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycan post-neft dövrünə sürətlə adaptasiya oldu, hətta iqtisadi artım tempini 2017-ci ilin son rübündən bərpa etdi.

TopXeber.Az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən II Maliyyə və İnvestisiya Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda iqtisadi islahatların əsas strateji hədəfi davamlı inkişafın təmin edilməsidir: “Bunun üçün biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində vergi, gömrük, maliyyə-bankvə s. sahələrdə islahatlar dərinləşdirilir. Yeni iqtisadi mühitə uyğun institutsional inkişaf təmin edilir. Biznes mühiti və institutsional islahatlar bir-birini tamamlayır”.

V. Qasımlı qeyd edib ki, eyni izamanda fiskal və monetar siyasətlərin kombinasiyası vacibdir: “Nəticəəsaslı büdcə, ortamüddətli xərclər çərçivəsi və üzən məzənnəyə keçid makrosəviyyədə tarazlığın və sabitliyin uzun müddətdə qorunması, iqtisadi inkişafa stimul verilməsi üçün əhəmiyyətlidir”.

Bank sektorunun inamın üzərində qurulduğunu deyən V. Qasımlı vurğulayıb ki, islahatların əsas hədəfi bu inamı daha da gücləndirməkdir: “İpoteka və Kredit Zəmanət Fondu, Özəl Kredit Bürosu və Daşınar Əmlakın Yüklülüyü reyestri kimi yeni institutlar maliyyəyə əlçatarlılığı daha da artırır. Manatın sabitliyi, təkrəqəmli inflyasiya, qeyri-neft ticarət və xidmət balansının yaxşılaşması, qeyri-neft sektorunda 3 faizədək artım və strateji valyuta ehtiyatlarının 45 milyard ABŞ dollarına yaxınlaşması bank sektorunun canlanmasına əlavə təkan verir. Maliyyə-bank sektoru iqtisadiyyatın prioritet istiqamətlərinin maliyyələşməsini artırmaqla həm özünü, həm də iqtisadiyyatın rəqabət qabiliyyətini gücləndirə bilər. Banklarımız yeni maliyyə texnologiyalarını da tətbiq etməklə “inkişaf bankı modelinə” uyğun olaraq sahibkarlara daha yaxın olmalıdırlar”.

Onun sözlərinə görə, inflyasiya həddi də nəzərə alınsa, Azərbaycanda kredit faizləri kifayət qədər əlverişlidir: “Əsas odur ki, sahibkarlarımız də işlərini düzgün qursunlar və bankları onlara kredit verəcək həddə qədər inandırsınlar. Özəl sektor kredit almaq üçün korporativ standartlara sahib olmalı, strategiya işləməli, texnoloji və idarəetmə sistemlərinin xəritələrini tərtib etməli, habelə düzgün marketinq, HR, maliyyə, innovasiya və satış siyasətini qurmalıdır. Banklar zatən kredit resurslarını satmaq üçündür, amma risklər antipatiya yaratmalı deyil. Buna görə də sahibkarlarımız fəal və təşəbbüskar olmalı, əsaslandırılmış biznes planlarla çıxış edərək kredit cəlb etməlidirlər”.  

Mərkəzin içraçı direktoru əlavə edib: “İqtisadi islahatların gündəliyində ölkəmizin beynəlxalq və regional əhəmiyyətli layihələrdə mövqeyinin gücləndirilməsi və müstəqilliyimizin möhkəmləndirilməsinə töhvə vermək kimi məsələlər də var. Sosial bazar modelinə uyğun olaraq iqtisadi islahatların fövqündə isə Azərbaycan vətəndaşı dayanır. Azərbaycanda aparılan iqtisadi islahatlar sosial yönümlüdür.Beləliklə, islahatlar dövlət-vətəndaş-biznes üçbucağı arasında tarazlığı və harmoniyanı qorumaqla davamlı inkişafa xidmət edir. İslahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının strukturu yeni dövrün çağırışlarına uyğunlaşır. Hazırda turizm, kənd təsərrüfatı, alüminium, polad, emal sənayesi, nəqliyyat, elektrik enerjisi kimi sahələr bir tərəfdən ixracın artmasına dəstək verir, digər tərəfdən isə idxalı əvəzləyir. Nəticə etibarı ilə ölkənin valyuta balansı daha da yaxşılaşır və manatın sərbəst üzməsi üçün daha əlverişli şərait yaranır. Həm fiskal, həm də tədiyyə balanslarının yaxşılaşması imkan verir ki, makroiqtisadi sabitlik qorunsun. Əlverişli biznes mühiti və sabitlikdən istifadə edərək məhsuldarlığın artırılmasına nail olmaq lazımdır. Bunun üçün yeni texnologiyalar və insan kapitalı əsas şərtdir. Postindustrial cəmiyyətdə əsas hərəkətverici qüvvə bacarıqlar, data və institutlardı. Digər tərəfdən xarici bazarlara çıxış imkanının artırılması və qlobal dəyər zəncirlərinə qoşulmaq vacib məsələdir”.