Logo

​Rusiyada ermənilərin mənfi obrazı güclənir: Azərbaycan bu münbit şəraitdən istifadə etməlidir


Son vaxtlar Rusiyada ermənilərə münasibət ciddi şəkildə dəyişməyə başlayıb. 

Bunu TopXeber.Az-a politoloq Elçin Xalidbəyli Rusiyanın “Rosneft” neft-qaz şirkətinin vitse-prezidenti və mətbuat katibi, jurnalist Mixail Leontyevin Ermənistan və ermənilər barədə son açıqlamarını şərh edərkən deyib.

Xatırladaq ki, M. Leontyev “Komsomolskaya pravda” radiostansiyasının efirində bildirmişdi ki, Ermənistan  Rusiya üçün lap əvvəldən tarixi, siyasi, fiziki və maddi yük olub: “Biz qanımız, həyatımız, pulumuz, qoşunlarımızla bu xalqı xilas etmişik. Yalnız bizim dəstəyimiz və ümumiyyətlə mövcudluğumuz sayəsində yaşayan xalqın bizi xəyanətkarlıqla şantaj etməyə haqqı yoxdur. Rusiya dəstəyi olmasaydı, fiziki cəhətdən heç bir erməni və heç bir Ermənistan olmazdı. Təbiətdə belə olmazdı, ola da bilməzdi”. 

Leontyev tək deyil

Onun sözlərinə görə, M. Leontyevin son açıqlaması da bunun əlamətlərindən biridir: “O, ermənilərə Rusiya olmadan Ermənistanın mövcud ola bilməyəcəyini xatırladıb. Ancaq belə məzmun daşıyan açıqlamaların sırası yalnız bununla məhdudlaşmır. Digər politoloq və ictimai xadimlər də təxminən oxşar məzmunlu açıqlamalar verməklə diqqəti çəkirlər”. 

Jirinovski ermənilərə qarşı daha aqressivdir

Politoloq bildirib ki, Kremlin qeyri-rəsmi sözçüsü və Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski isə Ermənistana qarşı daha kəskin və aqressiv açıqlamalar verməkdədir: “O, erməniləri Rusiyanın himayəsindən sui-istifadədə və ilk imkan düşəndə isə xəyanət etməkdə suçlayır. Jirinovski Ermənistanı rusları ölkədən didərgin salmaqda suçlayır. Və rusların rahat, heç bir problemlə üzləşmədən yaşaya bildikləri yeganə Cənubi Qafqaz dövləti olaraq, Azərbaycanı ön plana çıxarır. Bu baxımdan Azərbaycan uzun müddətdən bəri ilk dəfə Rusiyada geniş əks-təbliğat məkanı qazanmış kimi görünür”.

Sarqsyan xəyanətkar hesab olunur

Ermənistanda cərəyan edən ölkədaxili proseslərin Rusiyanı ciddi şəkildə narahat etdiyini deyən E. Xalidbəyli qeyd edib: “Çünki baş nazir postundan istefa vermiş Serj Sarqsyan da Kremldə Rusiyaya xəyanət etmiş erməni siyasətçisi hesab olunur. Son dövrlərdə Sarqsyan həqiqətən Rusiyanı məmnun etməyəcək addımlar atmağa meyl göstərirdi. Ona görə də, Kreml Sarqsyanı müdafiə etmədi və o, himayəsiz qalaraq, istefa vermək məcburiyyətində qaldı”.

Paşinyan mənşəyi məlum olmayan siyasi məhsuldur

Həmsöhbətimin fikrincə,  S. Sarqsyanı istefaya məcbur etmiş Nikol Paşinyan və onun tərəfdarları da Rusiya üçün hələlik "qeyri-müəyyən mənşəli siyasi-ictimai məhsul"dur: “Çünki Paşinyan və tərəfdarları kütləvi etiraz aksiyalarında Rusiya əleyhinə təhqiramiz şüarlar və çağırışlar etməkdədir. Belə anlaşılır ki, Paşinyan və tərəfdarları Kremlin himayəsi altında deyillər. Halbuki bütün bunlar aldadıcı manevrlər də ola bilər. Ona görə də, daha doğru nəticələr çıxarmaq üçün hadisələrin son mərhələsini gözləmək lazım gələcək”.

Ermənilərin Rusiyada mənfi obrazı daha da güclənəcək

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, Rusiyanın ictimai-siyasi məkanında erməni faktoru öz təsirini ciddi şəkildə itirməyə başlayıb və əvvəlki dayaqların tam bərpası yəqin ki, o qədər də asan olmayacaq: “Belə davam edərsə, ermənilərin Rusiyada mənfi obrazı daha da güclənəcək və Ermənistanın bir dövlət kimi mövcudluğuna görə borclu olduğu Rusiyanın himayəsini itirmə ehtimalı tamamilə realdır”.

Azərbaycan üçün tarixi imkan yaranıb

E. Xalidbəyli diqqətə çatdırıb ki, Azərbaycan bu münbit şəraitdən istifadə etməlidir: “Azərbaycanın Rusiyanın ictimai-siyasi məkanında öz təbliğatını qurması üçün tarixi imkanlar yaranıb. Amma bu təbliğat kampaniyası qurularkən xüsusi plana və strategiyaya əsaslanmaq olduqca vacibdir. Ən azından ona görə ki, Rusiyanın ictimai-siyasi məkanında yerləşərək qalıcı olmaq üçün planlı addımların atılmasına ehtiyac var”.

Məftun Salmanov