Logo

Bir günün içində məşhurlaşan gənc müğənni: “Məclislərə gedib hamını oynada bilmərəm, ağlada bilərəm”


Türk müğənnisi  Murad Göğebakanın repertuarından olan “Ay üzlüm” (Ay yüzlüm) mahnısı ilə məşhurlaşan Nahidə Babaşova TopXəbər.Az saytına müsahibə verib.

 - “Youtube”-da çox tez məşhurlaşdınız. İndi ən çox izlənilən gənclərdənsiniz. “Youtube” kanalınız nə vaxtdan fəaliyyətdədir?

 -Kanalımız dekabr ayının sonunda açılıb. Dostlarımın təkidi ilə açdım. Özüm istəmirdim, mahnılarımı “İnstagram”da paylaşırdım. Kanal bir ay müddətində heç bir reklam olmadan 10 min abunəçi yığmışdı. Sonradan problemlər yarandı, indi isə hər şey qaydasındadır. “Ay yüzlüm” paylaşımı ilə abunə sayı 60 mini keçdi.

- Repertuarınızda ən çox türk mahnılarına üstünlük verirsiniz. Bu nə ilə bağlıdır?

-Təkcə türk deyil, Azərbaycan mahnıları da ifa etməyə çalışıram. Hansı mahnı ürəyimə yatır,onu oxuyuram, çünki bilirəm ki, mənim ürəyimə yatanı dinləyici də bəyənəcək.

-Öz bəstələriniz var?

-Əvvəllər bu işlə məşğul olurdum, hazırda marağım yoxdur. O işi peşəkarların öhdəsinə buraxmaq istəyirəm.

-Musiqi ilə professional şəkildə nə vaxtdan məşğul olmaq istəyirsiniz?

- Hazırda Bakı Dövlət Universitetində təhsil alıram. 4-cü kursda oxuyuram. Fizika mühəndisiyəm. Oranı bitirdikdən sonra vokal dərslərinə başlayacam. Musiqi təhsili almaq, musiqinin dərinliklərini öyrənmək istəyirəm. İstedadın nə qədər çox olsa da təhsil önəmlidir. Öz sahəmi sevirəm, sadəcə musiqini daha çox sevirəm.

-Bu işlə məşğul olmaq üçün ailənizdən dəstək var?

-Heç bir narazılıq yoxdur. Ailəm dəstək olduğu üçün hazırda bu yerdəyəm. Bu dəstəyi görməsəydim heç bir iş edə bilməzdim. Muğam ustası Elnarə Abdullayevanın da adını xüsusi vurğulamaq istərdim. Onun üzərimdə əməyi böyükdür. Mənə çox dəstək olur.

- Bəs atanız musiqi ilə məşğul olmağa maneçilik yaratmır?

- “Youtube”da videolarım yayılandan, müəyyən miqdarda videolarıma baxış olandan sonra atam gördü ki, ifamı bəyənənlər çoxdur. Əlbəttə ki, mən boş-boşuna özümü yorsaydım, atam bu sənətə gəlməyimə icazə verməzdi.

-“Youtube” kanalınız olmasa idi, haradan başlayardınız?

-Əslində bir yerdən başlamaq lazım idi. İstedadı olan mənim kimi minlərlə adam var. Sosial şəbəkələr bizim üçün yaradılmış bir şansdır. Bundan düzgün istifadə  etməyi bacarıram. Sosial şəbəkələr olmasa, müğənni olmaq üçün başqa yollar fikirləşəcəkdim.

-Özünüzü məşhur hesab edirsiniz?

-Yox, çünki həyatımda heçnə dəyişməyib.

-Küçədə, yolda gedərkən tanındığınızı hiss edirsiniz?

-Olur, yolda, marşrutda, metroda baxışlardan hiss edirəm ki, tanınıram.

-Musiqi ilə məşğul olmaq dərslərinizdə problem yaratmır ki?

-Bu işlə ciddi şəkildə məşğul olmağa bir il yarımdır başlamışam. Dərslərimə çox təsir etmir, çünki yaxşı oxuyan tələbə deyiləm.Həvəsim musiqiyədir, diplom xatirinə oxuyuram. Mənə deyirlər ki, sənin yerin bura deyil.

-Oxu ləhcəniz türk müğənnilərinə bənzəyir..

-O sadəcə məşqdən asılıdır, türklərlə çox işləmişəm. Mən fransız mahnısı da oxuya bilirəm, “aksent”ləri bir-birindən ayırmağı bacarıram.

- Sizinlə işləmək üçün yerli bəstəkarlardan təklif gəlir?

-Təkliflər çox olur, ilk dəstəkçim Elvin Mirzəzadə olub.

-Bilirsiniz ki, peşəkar musiqiçi olmaq üçün güclü maddi dəstək lazımdır. Maddi dəstəyin təminatı isə toylardan keçir. Amma toylarla da sənəti qoruyub saxlamaq mümkünsüz olur...

- Məclislərə getmək üçün indi özümü hazır hiss etmirəm. Üzərimdə işləməliyəm, təhsil almalıyam. Məclislər mənim üçün bir praktika ola bilər.

 -Sifarişləri yerinə yetirmək asan olar, yoxsa öz repertuarınızdan mahnılar oxumaq?

-Mənim tərzimi bilən bilir. Məclislərə gedib hamını oynada bilmərəm, ağlada bilərəm.

-Musiqi sahəsində ən birinci hədəfiniz nədir?

- “O səs Türkiyə” layihəsinin kastinqlərinə qаtılmağı planlaşdırırıram.

- Sənətinizi Azərbaycanda davam etdirmək istəyərsiniz, yoxsa Türkiyədə?

-İstəyim Türkiyədə tanınmaq, məşhur olmaq deyil. Bu adla da Azərbaycana qayıdıb məşhur olmaq istəmirəm. Sadəcə olaraq, o səhnəyə çıxmaq istəyirəm, o həyəcanı hiss etmək istəyirəm.

-Bəs qalib olsanız, təklif olsa ki, Türkiyədə qalın,razılaşarsınız?

-Fikirləşərəm, çünki oranı da sevirəm.

-Juridən hansı müğənnini seçmək istəyərsiniz? Murad Boz,Yıldız Tilbə və Hadisə olacaq.

-Hadisəni. Bir insan kimi onu çox bəyənirəm.

-“Eurovision”-da iştirak etmək istərdiniz?

-Yox, heç vaxt “Eurovision” xəyalında olmamışam.