Logo

Ekspert: Neftin qiymətinin artması manatın möhkəmlənməsi anlamına gəlməməlidir


Neftin dünya bazarında qiymətinin artması manatın möhkəmlənməsi anlamına gəlməməlidir.

Bunu TopXeber.Az-a iqtisadçı ekspert Vüqar Bayramov ABŞ-ın İranla nüvə sazişindən çıxması fonunda neftin dünya bazarında qiymətlərini artmasının manatın məzənnəsinə təsir imkanlarını şərh edərkən deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də Vaşinqtonun İranla nüvə proqramı sazişindən çıxdığını bəyan edib. Bundan başqa, D. Tramp əldə olunmuş sazişin nəticəsi kimi fəaliyyəti dayandırılmış bütün sanksiyaların bərpa edildiyini açıqlayıb.

Manatın məzənnəsində Türkiyə və Rusiya amili

Onun sözlərinə görə, manatın məzənnəsi təbii ki, neftin qiymətindən asılıdır. Bununla belə, iqtisadçı ekspert qeyd edib ki, neftin qiyməti manatın məzənnəsinə təsir göstərən yeganə faktor deyil, əsas faktorlardan biridir: “Digər faktor isə qeyri-neft ixracatımızdır. Yəni bu sahədə ticarət tərəfdaşlarımızın milli valyutalarının məzənnələrinin necə dəyişməsindən asılıdır.  Azərbaycanın qeyri-neft ixracatının təqribən 62 faizi Rusiya və Türkiyənin payına düşür. Neftin qiymətinin artması fonunda Türkiyə və Rusiyada yerli valyutaların dəyərsizləşməsi müşahidə olunarsa, bu, təbii ki, həmin ölkələrlə ticarətimizə təsir göstərir”.

Mərkəzi Bank manatın məzənnəsi möhkəmləndirməkdə maraqlı görünmür

V. Bayramov diqqətə çatdırıb ki, neftin qiymətinin artması manatın möhkəmlənməsi anlamına gəlməməlidir: “Düşünürəm ki, Mərkəzi Bank neftin qiyməti yüksək olsa belə, milli valyutanın məzənnəsini möhkəmləndirməkdə maraqlı görünmür. Mərkəzi Bank mövcud məzənnəni qoruyub saxlamağa çalışır. Bu baxımdan məzənnə birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

Dollar möhkəmlənir

Onun sözlərinə görə, son dövrlər ərzində dünya bazarında dolların məzənnəsinin möhkəmlənməsi müşahidə olunur: “Avronun məzənnəsi  1 dollar 24 sentdən 1 avro 18 sentədək ucuzlaşıb. Avronun dollara nisbətdə məzənnəsinin 6 sentədək ucuzlaşması qeydə alınıb. Avronun qısa müddət ərzində bu qədər ucuzlaşması praktiki olaraq ABŞ dollarının digər valyutalara nisbətdə möhkəmlənməsindən də xəbər verir. ABŞ valyutası son həftələrdə digər valyutalar qarşısında da möhkəmlənib. Bu baxımdan biz dünya bazarında dolların məzənnəsinin artmasını müşahidə edirik”.

ABŞ-ın İranla sazişdən çıxması ilə neftin qiyməti...

V. Bayramov əlavə edib ki, ABŞ-ın İranla nüvə sazişindən çıxması neftin dünya bazar qiymətinə təsir göstərir və göstərməyə davam edir: “ABŞ-ın İrana qarşı genişləndirilmiş sanksiyalar tətbiq etməsi neftin dünya bazar qiymətinə obyektiv və psixoloji təsir göstərir. Son dövrlər neftin bazar qiymətinin artmasının İrana qarşı tətbiq edilə biləcək sanksiyalarla bağlı aparılan müzakirələrlə birbaşa əlaqəsi varıydı. Sanksiyalar artıq tətbiq edildikdən sonra neftin dünya bazar qiymətində artıq artımlar müşahidə edilir”.

İranın dünya bazarına çıxaracağı neftin həcmi 1 milyon barel azalacaq

Ekspert vurğulayıb ki, qiymət artımları birbaşa onunla əlaqədardır ki, sanksiyalar nəticəsində İran neftinin dünya bazarına çıxarılmasında çətinlikliklər yarana bilər: “ Digər tərəfdən, bu sanksiyalara digər ölkələr qoşularsa, İranın dünya bazarına çıxaracağı neftin həcminin gündəlik 1 milyon barel azalacağını müşahidə edə bilərik. Bu da öz növbəsində neft təklifinin və dünya bazarına çıxarılacaq neftin həcminin azalmasına gətirib çıxarır, hebelə qiymətlərə təsir edir. Sanksiyalardan sonra dünya bazarına çıxarılacaq neftin həcminin azalmasının proqnozlaşdırılması “qara qızıl”ın qiymətinin artması ilə nəticələnir”.

Azərbaycana valyuta daxilolamaları artacaq

O, neftin qiymətinin artmasının neft istehsalçı ölkələr üçün cəlbedici olduğunu xatırladıb: “ Çünki neft ölkələrinin gəlirlərinin artmasına gətirib çıxarır. Azərbaycan üçün də neftin dünya bazar qiymətinin artması ölkəyə daxil olan valyutaların artmasına gətirib çıxara bilər. Azərbaycan ixracatının təqribən 87 faizini neft və neft məhsulları təşkil edir. Bu baxımdan neftin qiymətinin artması ölkəyə daha çox valyutanın daxil olmasına səbəb ola bilər”.

Məftun Salmanov