Logo

Şagirdlər nazirin işdən qovduğu müəlliməyə görə ayağa qalxdılar


189-190 saylı orta məktəbin birinci sinif şagirdini döydüyü iddiası ilə işdən çıxarılan Səyyarə Əliyeva ilə bağlı şagirdlər arasında narazılıqlar yaranıb.

TopXeber.Az bildirir ki, bu barədə həmin məktəbin 1A sinifində təhsil alan Məhərrəm Nazim oğlu Əhmədovanın valideyni Aynurə Əhmədova BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, sinifdə təhsil alan 24 şagirdin 20-si yaz tətilindən sonra dərsə getməkdən imtina edib. Onlar bu yolla sevimli müəllimələrinin işə qaytarılıcağına ümid edirlər. 

"Uşaqlar özləri dərsə getməkdən imtina ediblər. Deyirlər ki, sinif rəhbərləri Səyyarə Əliyevanın işə qayıtmayana qədər dərsə getməyəcəklər. Uşaqlar öz müəllimələrini istəyirlər", - deyə valideyn Aynurə Əhmədova bildirib.

O, bildirib ki, bu gündən başlayaraq dərsə daha 4 uşaq gedib və dərsə gedən uşaqların sayı 8-ə çatıb. Lakin digərləri sinif rəhbərləri işə qaytarılmayanadək dərsə getməyəcəklərini bildirirlər.

"Biz valideynlər Təhsil Nazirliyinə və prezidentə müraciət ünvanlamışıq. Səyyarə müəllimə çox savadlı müəllimədir. Onun savadına və şagirdlərlə davranışına görə çox istəyirlər. Heç bir uşaqla pis davranmayıb. Biz onun işə qaytarılmasını istəyirik", - deyə Aynurə Əhmədova qeyd edib. 

Məsələ ilə əlaqədar ibtidai sinif müəlliməsi Səyyarə Əliyeva ilə əlaqə saxladıq. Müəllimə BAKU.WS-ə bildirdi ki, bu ayın 2-dən etibarən məktəbdə işləmir. Müəllimənin sözlərinə görə, işdən məktəb direktorunun təzyiqi ilə üzləşdiyi üçün ayrılıb: "Mənə qarşı təzyiqlər oldu. Direktor və onun ətrafında olan insanlar mənə hədə-qorxu gəlməyə başladılar. Mən də məcbur olub ərizə yazdım". 

"Mən alverçi deyiləm. Orada işləyən çoxu kimi avtomobilim yoxdur. Özüm kimi sinifim də kasıbdır. Orada hər ay uşaqlardan pul tələb edirdilər. Mən bunu etmirdim. Ona görə məni incidirdilər. Elə bu səbəbdən də, məni aldatdılar. Direktor sonra mənə dedi ki, ağlın vardı, ərizə yazmayaydın", - deyə Səyyarə Əliyeva bildirib. 

Məsələ ilə əlaqədar 189-190 saylı orta məktəbin rəhbərliyilə əlaqə saxlamağa çalışdıq. İsrarlı müraciətlərimizə baxmayaraq, məktəbin direktoru Ceyran Kuliyeva bizimlə danışmaqdan imtina etdi. Onun haqqında səsləndirilən ittihamlara cavab verməyən direktor katibəsi vasitəsilə bizə bildirdi ki, məsələ ilə əlaqədar Təhsil İdarəsinə zəng vuraq. Hazırda işə onlar baxır. Direktor Səyyarə Əliyevanın şəxsən ona qarşı səsləndirdiyi ittihamlara cavab verməkdən də yayınıb.