Logo

“Qardaş ögey bacısı ilə münasibətdə olur...” - KOMİTƏ RƏSMİSİNDƏN ŞOK AÇIQLAMA


“Bu gün evlənib, 6 aydan sonra boşanırlar” 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın AzVision.az-a müsahibəsini təqdim edirik:

- Son illərdə erkən nikahın qarşısının alınması istiqamətində müəyyən addımlar atılır. Buna baxmayaraq, yeniyetmə dövründə ərə gedib uşaq dünyaya gətirən, abort etdirən qızların sayı artır. Məcburi şəkildə ərə verilən qızlardan əlavə, bu gün məktəblilərin qeyri-etik hərəkətləri ilə bağlı qalmaqallar tez-tez gündəmə gəlir. Sizcə, bütün bunların kökündə nələr dayanır? 

- Xalqın milli dəyərləri, adət-ənənələri var. Azərbaycan xalqı başqa xalqlara nümunə olduğu halda, belə proseslər baş verirsə, bu, o deməkdir ki, ailədə valideyn məsuliyyəti qalxmalıdır. Azərbaycanda ailə, qadın və uşaq siyasəti istiqamətində işlər aparılır. Düzdür, hüquqi bazada mükəmməl dəyişiklər olub, valideynlərin öz övladlarına qarşı münasibəti nöqteyi-nəzərdən müəyyən qanunlar qəbul olunub. Amma yenə də hiss edirik ki, bu, yetərincə deyil. Biz komitə olaraq bu istiqamətdə regionlarda, bölgələrdə maarifləndirici tədbirlər keçiririk. Ən vacib məsələ evlilik, ailənin bünövrəsinin qurulması, ər-arvad münasibətləridir. Bu gün biz məişət zorakılığından, boşanmalardan danışırıq. Bu gün evlənib, 6 aydan sonra boşanma ilə komitəyə müraciət edirlər. Ailədə məişət zorakılığının, münasibətlərin, münaqişələrin, hüquqların qorunması istiqamətində müraciət edirlər. İnsan ailə qurmaq istəyəndə, ona hazır olmalıdır. Əgər erkən yaşda valideyn öz övladını düşünülməmiş şəkildə evləndirirsə və hesab edirsə ki, bununla yükü azalır, əksinə onun yükü çoxalır. Erkən nikah uğursuz nikahdır, bu, uşaq hüquqlarının pozulması deməkdir. Belə halda ailə qurmağa hazır olmayan gənclər o ailəni başadək apara bilmirlər. 

Hər il may ayının 15-də Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Çalışırıq ki, uzunömürlü ailələri gənclərə nümunə göstərək. 50-60 il bir yerdə ömür sürmüş ailələr var. Onların tərbiyə etdiyi təhsilli, savadlı, ədəb-ərkanlı övladları göstəririk. Belə ailələrin fonunda bu problemlərin üzə çıxması doğurdan da ürəkağrıdıcıdır. Bu gün Azərbaycan ailəsi institutu ilə xarici ölkələrdən maraqlanırlar, instututun fəaliyyətini öyrənmək istəyirlər. Bu, dövlətin, cəmiyyətin mənbəyidir. Real götürsək, bir çox dövlətlərdə ailə deyilən məfhum yoxdur. Oğlan qızla evlənir, onun valideyni bilmir ki, hardadırlar. Belə halda bu məsələlər bizi narahat etməyə bilməz. Burada məsuliyyət ananın üzərinə düşür. Hər bir qadın ana, valideyn olaraq övladlarının hara getməsini, kimlərlə ünsiyyətdə olmasını bilməli, onlara nəzarət etməlidir. Necə ola bilər ki, bir ailədə yaşayan ögey qardaş bir atadan olan qızla bir-birinə qarşı münasibətdə olur. Bu münasibətlər olmamalıdır. Təəssüf ki, biz belə halların şahidi oluruq. Mətbu orqanların bu məsələlərə münasibəti, düzgün şərh etməsi, səbəblərin araşdırılması, cəmiyyətə düzgün çatdırılması çox önəmlidir. Maarifləndirici tədbirlər apara, Ailə Məcəlləsini insanlara çatdıra, yeni qanunlar qəbul edə bilərik. Amma biz birlikdə öz milli-mənəvi dəyərlərimizi qoruyub saxlamalıyıq. 

Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun konfransların birində dediyi ifadə çox xoşuma gəldi. Dedi ki, “cəmiyyətdə bir yaxşı söz var idi, ayıb. O, bu gün unudulub gedir”. Biz ədəb-ərkan, ayıbı qoruyub saxlamalıyıq ki, insanlar bilsin ki, nə ayıbdır, nə etmək olar, nə etmək olmaz. Böyük-kiçik yeri bilinməli, münasibətlər qurulmalıdır. Dünyada cəmiyyəti dağıdıcı təşkilatlar var ki, onlar belə münasibətlərin pozulmasına, belə halların olmasında maraqlıdırlar. Amma biz xalq olaraq öz övladlarımızı, gələcəyimizi doğru düzgün tərbiyə etməliyik. 

-Valideynlərin məsuliyyətini artırmaq üçün nələr edilməlidir? 

- Valideyn məsuliyyəti məsələsi, valideynlərin cəzalandırılması çox önəmlidir. Görünür ki, məsələ daha da ciddiləşməli, qanun valideynlərə qarşı sərt olmalıdır. Valideyn var ki, övladının hara getdiyindən, təhsil alıb-almamasından xəbəri yoxdur. Belə validenylərin övladları əlindən alınmalıdır. Bir çox Avropa ölkələrində, o cümlədən Almaniyada uşaqların hüquqları yüksək səviyyədə qorunur. Əgər valideyn uşağına qarşı kobudluq edirsə, onun tərbiyəsi ilə doğru-düzgün məşğul olmursa, uşağı valideyndən alırlar və onu valideyn hüququndan məhrum edirlər. Valideyn uşağı qarşısında məsuliyyəti dərk etməlidir. Uşağı doğub küçəyə buraxmaq böyük məsuliyyətsizlik və cinayətdir. Cinayətin bünövrəsini valideyn qoyur. Belə problemlərin aradan qaldırılması üçün komitə olaraq məktəb psixoloqları ilə birlikdə layihəmiz olub və davam edir. Uşaqların psixoloji durumu öyrənilir, sorğular aparılır. 

-Məktəb psixoloqlarını qeyd etdiniz, amma biz bu peşə sahiblərinin işini məktəbdə görmürük. Məktəblərdə ailə ilə bağlı dərslər keçirilsə, yaxşı olmazdımı? Belə hadisələri eşidən valideynlər uşaqları ilə bağlı nə edəcəklərini bilmirlər. 

- Məktəblərdə psixoloqlar var, onlar öz işlərini görürlər. Görünür, sadəcə kifayət etmir. Valideyn düşünməməlidir ki, "mən qızımı necə tərbiyə edəcəyəm" . Bu qızı dünyaya sən gətirmisənsə, sən tərbiyə etməlisən, məktəbə arxayn olmamalısan. Onu xarici mənfi təsirlərdən sən qorumağı bacarmalısan. Beşikdən uşağa nə öyrədərsənsə, o cür də gedər. Biz belə görmüşük. Əgər valideyn belə düşünürsə, demək valideyn məsuliyyətini dərk etmir. Ona görə də həm məktəb, həm cəmiyyət, həm valideynlər bu işdə birgə işləməlidir. 

- Bəs mühitin təsiri?

- Mühit, mənfi təsirlər varsa, valideyn bu barədə düşünməlidir. Bilməlidir ki, uşağı haradan gəlir, hara gedir. Məktəb önəmli məsələdir. Məktəblə ailə paralel olaraq işləməlidir. Uşaq günün çoxunu məktəbdə keçirir. Öz dövrümü xatırlayıram. Bizim vaxtımızda qadın müəllimi qızlarla, kişi müəllimi oğlanlarla söhbət edərdi, həyatdan, məişətdən danışardı, qızın necə olması, psixoloji məqamları uşaqlarla müzakirə edərdilər. Evdarlıqdan tutmuş hər bir məsələyə qədər orta məktəbdə müəllimlər bizlə məşğul olardılar. Dəqiq deyə bilmərəm ki, bu gün nə dərəcədə məişət, həyat mövzularında müəllimlər şagirdlərlə söhbət edir. Amma düşünürəm ki, buna çox böyük ehtiyac var. Nəzərə alsaq ki, yarımçıq ailələr çoxdur, valideynlərin öz övladlarına münasibəti narahatedicidir. Bunların hamısını nəzərə alanda məktəb daha güclü olmalı, öz sözünü deməlidir. Hər bir müəllim hiss etməlidir ki, onun şagirdi hansı əhval ruhiyyədədir. 

-Onda belə məktəblilər yarımçıq, boşanmış və ya ikinci dəfə ailə qurmuş ailələrdə olur?

- Deyərdim ki, daha çox belə ailələrdədir. Qadın boşanırsa, onun da səbəbi olur. Orada gərgin psixoloji durum, zorakılıq olur, uşaq psixoloji zərbə alır. Bəzən qadın uzun illər ailədə məişət zorakılığına məruz qalır və boşanmır. Uşağına görə, onun atasız böyüməməsi üçün boşanmır. Amma başa düşmür ki, həmin zorakı mühitdə ən böyük zərbəni də uşaq alır. Orada artıq uşağın psixologiyası pozulur. Ona görə də gələcəyimiz olan uşaqların naminə hər şey barədə vaxtında, doğru-düzgün qərar verilməlidir. Burada ana daha müdirk olmalıdır, əsas yük onun üzərinə düşür. Boşanma nəticəsində əsasən uşaq ana ilə qalır. Ana onları tərbiyə edir. Burada ana müdrik olmalıdır, bizim müdrik nənələrimiz kimi hər bir şeyi anlamalı və övladlarına doğru yolu göstərməlidirlər. 

- Cəmiyyətimizdə belə yeniyetmələr çoxdurmu?

- Məişət zorakılığı faktı, erkən nikah və ya qeyri-rəsmi nikahlar o demək deyil ki, Azərbaycanı bürüyüb. Bunlar əhalinin ümumi sayına görə tək-tük olan faktlardır. Amma bir fakt da olsa, bizi narahat edir. Biz bu gün bunun qarşısını almasaq, bu barədə danışmasaq, maarifləndirmə işi aparmasaq, başqa ölkələrdəki kimi erkən yaşlarda qeyri-rəsmi nikahlar baş alıb gedər. Erkən nikah deyəndə həmişə cənub zonası misal gətirilirdi. Bəli, belə bir zaman var idi. Biz unutmamalıyıq ki, Azərbaycanın Qarabağ müharibəsi nəticəsində bütün əhalisi stress yaşadı. Stressdən doğulan uşaqlar da psixoloji zədə almış olurlar. Cənub zonası İrana yaxın olduğu üçün belə təsirlərə məruz qaldı və qızların erkən yaşda ərə getmələri, dinə qapanmaları prosesi getdi. Bu gün deyə bilmərik ki, cənub zonasında erkən nikahlar baş alıb gedir. Cəmi bir-iki fakta rast gələrsən. Deməli, belə faktlar aradan qaldırılır və görülən işlər nəticə verir. Erkən nikah deyəndə təkcə cənub zonasını deyil, Bakı kəndlərini, Aran zonasını düşünürük. Aran zonasının da əsas bəlası Rusiya və başqa xarici ölkələrdə işləməyə gedən insanlardır. Onlar bu gün gəlib Azərbaycanda valideynlərinin təkidi ilə erkən yaşlı qızlarla evlənirlər və onları valideynlərinin yanında qoyub gedirlər. Onların təbii ki, Rusiyada öz ailəsi, uşağı da var. Bu proseslər erkən nikaha rəvac verir. Şəxsin birinci dəfə rəsmi nikahı varsa, ikinci dəfə dövlət qeydiyyatına gedə bilməz. 

Sadaladığımız mənfi hadisələr-məişət zorakılığı, erkən nikah kütləvi xarakter daşımır. Bunlar getdikcə azalır. Boşanma statistik artırsa, bunun başqa səbəbləri də var. Məsələn, düşünülməmiş evliliklər. Bu gün məişət zorakılığı, dözümsüzlükdən danışırıqsa, qadın düşünür ki, "mən niyə dözməliyəm. Zamanında dözmüşəmsə, indi niyə dözməliyəm?" və ərindən ayrılır. Bu da həmin statistikaya təsir edir. Biz bunun əleyhinə deyilik. Bir ailədə əgər zorakılıq baş verirsə və uşaq zorakı mühitdə böyüyürsə, belə ailənin qalması lazım deyil.

- Ən kiçik problemini həll etməyən, buna cəhd göstərməyən ailələr də boşanmaya gedir. Hansı ki, bu problemlə ailə dağıdılmaz.

- Belə hallar da olur. Azərbaycanın bölgələrində 11 Ailələrə və uşaqlara dəstək mərkəzi var. Bu mərkəzlərə həm müraciətlər olur, həm də mərkəzlər belə ailələri özləri axtarıb tapırlar. Məktəb, səhiyyə ocaqları ilə əlaqəyə girərək məişət zorakılığına məruz qalan, psixoloji durumunda problem olan ailələri tapırlar və onlarla işləyirlər. Məişət zorakılığı dedikdə cinayət yönümlü məqamları götürürük. Amma burada mənəvi, psixoloji, iqtisadi zorakılığı nəzərə almalıyıq. Azərbaycanın 5 rayonunda - SabirabadMasallıBiləsuvarNeftçala və Salyanda maraqlı layihə həyata keçirdik. Burada məişət zorakılığına məruz qalan, ünvanlı sosial yardım alan ailələri cəlb etdik, onlarla maarifləndirici tədbirlər həyata keçirdik. Ailə büdcəsi nədir, iqtisadi biliklər, biznes bacarıqları – bunların hamısını onlara aşılamaqla yardımlar edirik və bu qadınları öz ailələrində kiçik biznesə cəlb edirik. Biznes nəticəsində qadın ailədə artıq bir fiqura çevrilir və ona qarşı münasibət dəyişir. Bununla ailədə həm məişət zorakılığının, həm ailənin dağılmasının qarşısını alırıq.