Logo

Alt paltarı satıldığı deyilən məktəbin direktoru danışdı: “Onu yazanı axtarıram”


Hacıqabul rayon Kolani kənd orta məktəbinin direktoru Arifə Əliyeva rəhbəri olduğu təhsil ocağında bazar açması ilə bağlı yayılan iddialara cavab verib.

TopXəbər.Az-a açıqlama verən mudir barəsində deyilən məlumatları təkzib edib:

“Birincisi, məktəbimizdə nə idman zalı var, nə də bufet. Bu məlumatı sizə kim verib, xahiş edirəm, mənə o adamın adını deyəsiniz. O vaxtdan idman zalı və bufet məktəbdə tikilməyib,nə də tikilməsi nəzərdə tutulmayıb. Belə məhsullar da məktəbimizdə satılmır.”

İdman dərsləri harada keçirilir sualına gəlincə, A. Əliyeva bildirib ki,idman dərsləri də sinif otaqlarında həyata keçirilir:

“Bizdə kabinet sistemidir, hər bir sinif otaqda olur, kabinetlərdə dərslər keçirilir. Uşaqların qidalanması üçün  məktəbimizdə elə bir iaşə xidməti, şərait yoxdur. 400-350 şagird tutumlu məktəbdir. 5 ildir direktoram, qədim məktəbdir,nə vaxt tikilməyini bilmirəm, 1 mərtəbəli binadır”.

Direktor qeyd edib ki,belə bir məlumatların nə üçün və kim tərəfindən yayıldığı ona da məlum deyil:  “Bu xəbərlər yalandır, böhtandır. Aydınlaşdıracam görüm belə məlumatlar niyə yayılır".

Qeyd edək ki, minval.info saytına daxil olan məlumata görə,Kolani kənd sakinləri iddia edirlər ki,Hacıqabul rayon Kolani kənd orta məktəbinin direktoru Arifə Əliyeva həyat yoldaşı Həbib Əliyevlə birgə məktəb daxilində bazar açıb.

İddialara görə, Arifə və Həbib Əliyevlər ailəsi məktəbin idman paltar dəyişmə otağını marketə çevirib.Üstəlik Əliyev ailəsi bu əməlini 7 ildir ki, yoxlanışa gələn Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Rayon Gigiyena İdarəsindən ustalıqla gizlədə bilir. Dövlət qurumlarından yoxlama gələndə bu qanunsuz bufetin qapı və pəncərəsini bağlayırlar.

Bildiyiniz kimi, orqanizminin inkişaf dövründə olan məktəblilərin düzgün qidalanması üçün məktəb bufetlərində bir çox məhsulun satışı qadağandır. Bufet piştaxtalarında zərərli qida məhsulları deyil, meyvə, süd məhsuları və s. yerləşdirilir. Ancaq bu məktəbin qanunsuz bufetində icazə verilməyən nə varsa satılır.

Məktəblilər dondurmanı, cipsini vitrində görəndə könlündən keçir.Buna görə də, məktəb direktoru bu bufetdən yaxşı qazanc əldə edə bilir. Sakinlər bildirir ki, hətta bir müddət öncə direktor ailə biznesini bir az da böyüdüb “bufetdə” qadın alt paltarları satışını həyata keçirməyə başlayıb. Ancaq böyük narazılıq yarandığı üçün, həmin malları oradan yığışdırıb.

Övladları həmin məktəbdə təhsil alan valideynlərin sözlərinə görə, direktorun həyat yoldaşı Həbib Əliyev Kür su kəməri idarəsinin ştatda olan işçisidir, ancaq işə getmək yerinə məktəb daxilindəki bazarı idarə edir.