Logo

Bayılda evlərin dağılmasına yamacın antropogen yüklənməsi səbəb olub- YENİLƏNİB


"İlkin ehtimala görə, Bayıl yaşayış sahəsi, Buxta küçəsində evlərin dağılmasına yamacın antropogen yüklənməsi səbəb olub".

TopXeber.Az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyanın dəstə rəisi Rafiq Həsənov deyib.

O qeyd edib ki, kanalizasiya xətlərindən sızmalar ərazinin geologiyasını təşkil edən suxurların yuyulmasına təsir edib: "İlkin rəy budur, araşdırmalar davam etdirilir. Buna birmənalı olaraq sürüşmə hadisəsi demək olmaz. Antropogen təsirdən qrunt aşınıb, çöküb".

***10:20

Ötən gün Bayıldakı yeni sürüşmə sahəsində 3 ev tamamilə dağılıb, 22 qəzalı evin sakinləri isə gecə ilə köçürülüb.

TopXeber.Az bildirir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, dünən sürüşən sahə əvvəl sürüşməyə məruz qalan ərazi deyil:

"Bu sürüşmə yeni sahədir, burada aşınma gedir. Bunun səbəbi də yüklənmədir, yamac kəsilib, nəticədə də ərazidə təbii aşınma hadisəsi baş verir, çünki dayanıqlılıq yoxdur. Burada 60-70 il əvvəl tikilmiş evlər var".

Ə.Qaralov qeyd edib ki, ərazidə gərginlik davam edir:

"Hazırda ərazidə müşahidələr aparılır. Sürüşmə nəticəsində yaranan çatı gözlə görmək olur, təxminən 4-5 santimetr eni olan çatın, uzunluğunu hələ dəqiq deyə bilmərik. Çat boyu yerləşən evlərdə isə təbii ki, gərginlik qalmaqdadır".

Mütəxəssis qeyd edib ki, hazırda ərazidə bir neçə qurumun əməkdaşı var.