Logo

DİM olimpiada qaliblərinin ali məktəblərə imtahansız qəbuluna müsbət rəy verib


"Bu il ali məktəblərə müsabiqədənkənar qəbul hazırkı qanunvericiliyə uyğun aparılacaq".

TopXeber.Az-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, DİM Təhsil Nazirliyinin olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbuluna dair qanunvericiliyə dəyişiklik təklifinə müsbət rəy verib: "Olimpiadaların qalibləri qəbul imtahanlarında yüksək nəticə göstərirlər. Bunu nəzərə alaraq qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərə müsbət yanaşırıq".

Qeyd edək ki, Təhsil Nazirliyi beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanıb.