Logo

“Laləli saray”ın çəkiliş meydançasından REPORTAJ-“Sakit olun, efirə səs düşür”


Hazırda “Laləli saray” serialının çəkilişini əyani izləyirəm. Obrazların , texniki işçilərin, rejissorun həyəcanı demək olar ki, mənə də yansıyıb. Həm həyəcan, həm təəccüb dolu baxışlarla bir küncdən boylanıram. Hətta arada ürəyimdə deyinirəm də: “O sözü niyə belə dedi, bəlkə bir az səs tonunu qaldırsaydı, rejissor isə alınmadı,yenidən dedikcə, öz-özlüyümdə vallah bu Şahin müəllimdə səbr var ee” deyirəm…”

Yarım saata yaxın gözləyirəm ki,çəkiliş bitsin, Şahin müəllimə yaxınlaşım.Və budur göz qırpımında bitən vaxtın sonu gəlir..

Öncədən Şahin Qəhrəman haqqında kiçik bir çıxarış verim. “Laləli saray” serialının quruluşçu rejissorudur. O, həm də “Dəfnə ağacı”, “Günəşim ol”, “Səni ürəyim sevdi” seriallarının və “Ögey ata” kinokomediyasının rejissoru olub. Söhbətimizə serialın sujet xəttinin necə başlaması və hansı hadisələrlə cərəyan edilməsi ilə başlayırıq.

- Serialın hazırkı gedişatında hadisələr dəyişir.Yeni obrazlar gəlib. Süjetə daha bir Lalə obrazı daxil edilib. Oxumağa böyük həvəsi olan gənc xanım. Ancaq maddi vəziyyətləri buna imkan vermir. Lalə evdən qaçmağa məcbur olur.Öz ayaqları üstündə dayanmaq istəyir. Burada da hadisələr belə cərəyan edir ki,Kənan Lalənin işləməyinin tam əleyhinədir. Onların evlərində qalan birinci Lalə, dostunun sevdiyi qıza yaxın dura bilmir.

 - Burada bir az mentalitet amilləri də var...

- Bəli, var. Dostunun həyat yoldaşına olan hislərini öz içində boğmaq məcburiyyətində qalır. Yeni Lalə gələndən sonra tam fərqli hislər başlayır. Bundan sonrakı bölümlərdə hər şey aydınlaşır. Demək olar ki, serialın sonuna yaxınlaşırıq. Finala təxminən 15 bölüm qalıb.

- Dediniz,  yeni gənc Lalə obrazı gəlib, Aytac xanım. İşinin öhdəsindən gələ, obrazın diliylə “danışa” bilirmi?

- “Danışa” bilirlər. Lalə obrazını ifa edən gənc aktrisadır, Mədəniyyət və İncəsənət Universitetinin 3 - cü kurs tələbəsidir. İstedadlı qızdır, yəni rejissora qulaq asmağı bacarır. İşinin tam öhdəsindən gəlməsə də bacardığı qədər çalışır.

 Elə bu məqamda Şahin müəllim onu da əlavə edir ki, serialın süjetinə uyğun olaraq hansısa obraz çəkilişdən ayrıla bilər:

 -Hansısa komanda üzvü serialdan uzaqlaşırsa bu, yalnız serialın gedişatına uyğun olaraq tənzimlənir. İşinin öhdəsindən gəlməyən aktyor və ya aktrisa olmayıb”.

Söhbətimizin qızğın yerində kənarda dayanan balaca oğlan diqqətimizi çəkir:arıq, qara saçlı, utancaq bir uşaq. Yaxınlaşıb adını soruşuruq. Məlum olur ki, Ramal serialda  Elxan obrazının oğlu rolunda çıxış edir.

Ramaldan söz düşmüşkən, Şahin bəylə söhbətimizi elə Ramalla bağlı davam etdiririk:

- Serialda Elxanın oğlunu ifa edən Ramal obrazı, 6-7 yaş aralığındadır.

 - İndi gördüyümüz oğlan?

-Bəli.

 - Bir az utancaqdır, çəkilişlərdə də elə deyil ki?

 - Xeyr, elə problem yaratmır (gülür).

Bir az da məşhur aktyor və aktrisaların, o cümlədən yeni tanınanların “kapriz”lərindən danışaq.

- Mən daha çox xalq artistləri ilə işləmişəm, eyni zamanda da orta nəslin nümayəndələri ilə. Onlarda heç bir “kapriz” görməmişəm. Ən son işlədiyim aktrisa Şükufə Yusupova olub. Əvvəl bizə dedilər ki, o xanımın “kapriz”ləri var, ancaq elə olmadı. Şükufə xanım yalnız lazım olan halda işin daha keyfiyyətli alınması üçün təkliflər verir.

Gənclərdə bir az özündənrazılıq olur, təbii ki,cavandırlar, özlərini göstərmək istəyirlər. Göstərir, biz də izah edirik ki, elə deyil, belədir. Izah etməyi bacarırıq, onlar da başa düşürlər. Ancaq xalq artistləri, orta nəslin nümayəndələri onlar rejissora diqqətlə qulaq asmağı bacarırlar. Mən Sənubər İsgəndərliylə heç vaxt işləməmişdim. Ancaq çox böyük heyranıydım. Onu “Dəfnə ağacı” serialına çəkəndə Sənubər xanıma vuruldum. O qədər gözəl insan, aktrisadır ,nə desək, razılaşır və hər şey gözəl alınır.

-  Şahin müəllim, Azərbaycanda 2011 - ci ildən serialların çəkilməsinə icazə verdilər. Aradan 7 il keçib. Bu müddət ərzində seriallarda hansı dəyişiklikləri görürsünüz?

- Çox dəyişiklik olub. Ancaq demək olar ki, Azərbaycanda kino aktyoru yoxdur, buna səbəb Kino Akademiyasının olmamasıdır. Belə olan halda, biz də aktyorları teatrlardan seçməli oluruq. Serialda demək olar ki, doxsan faiz teatr aktyorudur.

Mən incəsənət və rejissorluq fakültəsini bitirmişəm,ancaq o vaxtdan bəri heç yerdə işləməmişdim. Çünki kinostudiyalara qəbul yox idi. Düzdür, bir müddət ANS telekanalında rejissor kimi fəaliyyət göstərmişəm. Orada daha çox sənədli filmlər çəkilirdi. Cəmi bir bədii filmim olub, 2008-ci ildə, Kamran Qasımovun ssenarisi əsasında çəkilmiş “Qışlama əməliyyatı”. O,ilk işim olub.2012- ci ildə "Ögey ata" filmini təqdim etdik, özü də çox az büdcəylə. Kinoteatra daxil olan ilk komediya filmi oldu.

- Dəyişikliklərdən danışdıq, serialların inkişaf etdiyini dediniz. Bəs bunu maliyyə məsələsinə də aid etmək olar?

- Bizim ən böyük problemimiz maliyyədir. Seriallarımızı bəzən Türkiyə ilə müqayisə edirlər. İzah edə bilmirəm ki, Türkiyədə bir aparata verilən büdcə o qədər çoxdur ki,biz bunu təsəvvür edə bilmərik. Bizdə isə aktyor da, aktrisa da, rejissor da bəlli maaşı alır.

- Bir az da seriallardakı ləhcə məsələsinə diqqət çəkək. Tamaşaçılar arasında bu, birmənalı qarşılanmır. Kimi bunu təbii obraz olaraq qəbul edir, kimi də savadsızlıq.

 -Bəli razıyam, belə məqam var. Əgər mən bölgəyə gedib film çəkirəmsə, ya da obrazın hansı bölgədən olduğunu bildirmək istəyirəmsə, burada ləhcə olmalıdır. Lənkəranlıları Bakı ləhcəsində necə danışdıra bilərəm? Türkiyədə qaradənizli qaradənizli ləhcəsində danışır. Mən sabah Naxçıvana getsəm obrazı Naxçıvan ləhcəsiylə çəkəcəm. Əgər filmdə bacı-qardaş fərqli bölgələrin ləhcəsiylə danışırsa, bu, artıq paradoksaldır.

 - Qeyd etdiniz ki, serial bitmək üzrədir. Yeni işləriniz, planlarınız var?

 -Var, yeni serial üzərində işləyirəm. O da ailə-məişət mövzusunda olacaq. Ancaq geniş məlumat verə bilmərəm. Artıq bir neçə bölümü yazılıb. Digər iki təklif də var, onlardan biri dedektiv janrdadır.

- Bu janrda filmlər yoxdur, demək olar…

 - Bəli. Serial dedektiv-dram janrındadır. Bunu ona görə çəkmək istəyirəm ki, burada psixoloji problemləri olan obraz var, sevgi xətti tam fərqlidir. Sponsorlarla danışıqlar gedir, alınsa fərqli bir iş olacaq.

- Sonda, sizcə, gizli sevgi faciələrə yol açır?

- İstəmədən müəyyən xoşagəlməz hadisələrə səbəb olur.

Rejissorla söhbətimizi elə buradaca yekunlaşdırırıq. Çəkiliş davam etdiyindən, yaradıcı muhitə mane olmaq istəmirik. Amma arada bir yaranan fasilələrdən istifadə edib, çəkiliş boyu həyəcanını müşahidə etdiyimiz Kənan obrazını danışdırırıq:

 -Çox adam deyir ki, həyəcanlıyam. Ancaq bu, qarşımdakı insana olan məsuliyyətimin nəticəsidir. Istəmirəm, kiməsə qarşı səhv hərəkət edim, buna görə çalışdığım qədər o balansı qoruyuram..

Qeyd edək ki, serialda Kənanın Lalədən xoşu gəlir..

Kənandan bir-iki cümlə “oğurlayandan” sonra Laləyə üzümüzü tuturuq:

21 yaşlı bu xanımın adı Aytacdır. Əməkdar artist Vidadi Həsənovun kursunda dərs alır. İşini çox sevir, çəkilişləri dərslərlə bir arada çatdırmaq çətin olsa da öhdəsindən gəlir. Hətta adını çəkmək istəmədiyi məşhur TV kanalından aparıcı kimi təklif aldığını da vurğulayır…

Çəkilişlər artıq bitmək üzrədir..Hər kəs sevdiyi işindən bugünlük ayrılıb, bir-birləri ilə sağollaşır. Elə mən də.Başda Şahin müəllim olmaqla bütün kollektivə uğurlar arzulayıb çəkiliş meydançasını tərk edirəm..

Azadə Bayramova

Nihadə Eyyubova