Logo

Xaləddin İsgəndərov: "Artıq işsizəm, yığışıb gedirəm evə” - YENİLƏNİB


Xəbər verdiyimiz kimi, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutduğu vəzifədən azad olunub. Bu haqda ilk olaraq azxeber.com saytı xəbər yayımlayıb. 

TopXeber.Az xəbər verir ki, Xaləddin İsgəndərov "Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində məlumatı təsdiqləyib: "Xəbər düzdür. Artıq işsizəm. Yığışıb gedirəm evə”.

Yeni bir vəzifəyə təyinat alıb-almaması ilə bağlı suala o, "heç bir vəzifəyə təyinat almamışam” cavabı verib.

Xaləddin İsgəndərov Binəqədi rayon icra hakimiyyətinin başçısı postuna 2012-ci ilin aprelində təyinat almışdı. O, bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan vergilər naziri Fazil Məmmədovun yeznəsidir. F.Məmmədov ötən ilin dekabr ayında işdən çıxarılandan sonra X.İsgəndərovun da tezliklə vəzifədən uzaqlaşdırılacağı haqda mətbuatda yazılar gedirdi.

***15:57

Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib.

TopXeber.Az bildirir ki, X.İsgəndərov bu gün kollektivlə vidalaşıb. Yaxın saatlarda onun vəzifədən azad olunması ilə prezident sərəncamının elan olunacağı gözlənilir.

Binəqədi rayonu İcra Hakimiyyətindən xəbərə münasibət bildirmək istəməyiblər.

Qeyd edək ki, Xaləddin İsgəndərov 2012-ci ilin aprelindən Bakının Binəqədi rayonunda icra başçısı işləyirdi. O, sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsidir.

X.İsgəndərov daha əvvəl - 2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 
Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi münasibətilə “Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilib.