Logo

Azərbaycan yığmasından imtina edən dahi narkoman - "Klyuşka Qurban"ın dramı


Niyə yanır bu ocaq,

Yanıb külü qalacaq.
Bilmirəm nə olacaq,
Olanı – xatirədir.

Görkəmli muğam ustası Alim Qasımovun ifa etdiyi "Xatirədir" adlı bu mahnının sözləri sanki onun həyatına yazılıb. İndi ondan yalnız xatirələr qalıb. 

İnsanları “ağ ölüm”ə aparan narkomaniya bütün dövrlərdə həyat və cəmiyyət üçün ən böyük təhlükə sayılıb. Təəsüflər olsun ki, saysız-hesabsız insanların həyatına son qoyan narkomaniyaya aludə olanların sayı günü-gündən artır. İnsanın kimliyindən, sosial mənşəyindən, maddi durumundan, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq narkomaniya onu çox asanlıqla öz ağuşuna ala bilir. 

Azərbaycanda özü olub, adı olmayan bir çox istedadlı oyunçular var. Bu dəfə barəsində bəhs edəcəyimiz sehrbazın çox keşməkeşli həyatı olub, cəmi 32 il ömür sürüb. Gənc yaşlarında gözlərini əbədi olaraq yumsa da, onun oyununu daim xatırlayırlar. Futzal yığmamızın sabiq üzvü Allahverdi Babayev də "Klyuşka Qurban" ləqəbli Qurban Sultanovu unuda bilmir. Veteran futzalçı nadir istedadlı oyunçu haqqında köksünü ötürərək danışır:"Qurban 1972-ci ildə Bakıda doğulub. Yasamalda böyüyüb. Uşaqlıqdan istedadı ilə seçilib. Futbola "Neftçi"də başlayıb, daha sonra Kazbek Tuayevin rəhbərliyi altında UGİM-də çıxış edib. Biz onlardan 1 yaş böyük idik. Həmin dövrdə mən də UGİM-də idim. Yavaş-yavaş bir-birimizi tanımağa başladıq. Əla hücumçu idi. Sonra hər ikimizi "Termist"ə çağırdılar. Qurban getmədi. Əsgərliyi də birgə çəkmişik. Orda PKF komandasında çıxış etdik. Qurban "Azəri" ilə müqavilə bağladı. Mən də ora yollandım. Bir müddət sonra bildim ki, narkotikə aludə olub. Komandada məndən başqa heç kimin xəbəri yox idi. Baş məşqçi də bilmirdi. Qurbanın öz "kruqu" vardı. Nə edirdisə, onlarla birlikdə edirdi. Onu bu yoldan çəkindirmək üçün çox çalışdıq. Futbolu da atdı. Amma təəsüflər olsun ki, alınmadı. Heyif, bədbəxt oldu. Onun kimi "pod sebya" edən yox idi. İnanmıram indi də olsun. Atası da içki içən adam idi. Qardaşı Əli də narkotikdən dünyasını dəyişdi. Bir ara bu pis vərdişdən uzaqlaşdı. Hətta 1998-ci ildə futzal yığmamıza dəvət olundu. Ancaq getmədi. O dövrdə, Azərbaycanın qadınlardan ibarət voleybol milli komandasının baş məşqçisi Faiq Qarayevin qardaşı Fazil Qarayevi yığmaya çağırmadılar deyə, Qurban da getmədi. Onunla yaxın dost idi. Fazil mətbuata müsahibə vermişdi, bu isə AFFA-nın sabiq prezidenti Fuad Musayevin xoşuna gəlməmişdi. Ailə də qurmadı. 25-26 yaşında isə futbolu atdı". 











Futzal yığmamızın sabiq üzvü, Qurbanla bir klubda çıxış etmiş "Babaş" ləqəbli Baba Əsgərov:"Düzdür, Qurban ailə həyatı qurmadı. Amma sevdiyi insan vardı. Həmin qadın Qurbanın son nəfəsinə qədər yanında idi. Rəhmətlik də onunla nəfəs alırdı. Nə etmək olar. Alın yazısı belə imiş. Qurbanın meydanda etdiyini heç kim edə bilmirdi. Ayaqları "klyuşka" idi. Meydanda sözün həqiqi mənasında rəqs edirdi". 

Veteran futzalçı Samir Məmmədov da Qurbanın oyunundan heyranlıqla bəhs edir:"O başqa aləm idi. 2-3 nəfərin əhatəsindən elə ötürmə verirdi ki...Bədbəxt oldu. Eşitmişdik ki, narkomandır. Yasamalda qalırdı. Məhlə uşaqları ondan əl çəkmirdi. Hətta bir dəfə həbsə düşdü. Düzdür, az "yatdı", buna baxmayaraq, çıxandan sonra yenə köhnə vərdişinə qayıtdı. Meydanda ayaqları görsənmirdi. Top onda olanda bilirdik ki, qeyri-adi nəsə edəcək. Onun kimi futzalçı görməmişəm".

Qurbanla çiyin-çiyinə oynamış Ağatahir Əzimov onun çox tənbəl olduğunu söyləyir:"Fağır, sakit təbiətli bir oğlan idi. Çox istedadlıydı. Məşq etməklə arası olmayan, allahın vergi verdiyi tənbəlin biriydi. "Qabında" vardı. Çox vaxt hazırlığa qatılmırdı, yola verirdi. Solaxay idi. O "pod sebya" edəndə hamı elə bilirdi zərbə vuracaq. İlqar Məmmədov adlı futbolçu dostu daim Qurbanın yanında olurdu. Nə edirdilərsə, birlikdə edirdilər".

Qurban Sultanov 2004-cü ildə yüksək doza qəbul edərək, tənəffüsün dayanmasından dünyasını dəyişib. 

Araz Əhmədov

sportfm.az