Logo

Ermənistan iynə üstündədir - Qarabağda müharibə və Paşinyanın istefa qorxusu


Ermənistan nə iqtisadi böhrandan, nə də Rusiyanın təsiri altından çıxa bilməyəcək və yeni baş nazir Nikol Paşinyan bir müddət sonra istefaya gedəcək. Onun Dağlıq Qarabağla bağlı sərt bəyanatları isə müharibəyə gətirib çıxara bilər.

Bu barədə Milli.Az-a Ermənistanda hakimiyyət dəyişikliyindən sonra bu ölkədə və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yaranmış vəziyyəti şərh edən siyasi analitik Cavid Məmmədzadə bildirib.

Onun sözlərinə görə, baş tutmuş "inqilab" Ermənistanı nə iqtisadi böhrandan çıxaracaq, nə də ölkə çiçəklənəcək: "Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Ermənistan blokadada olduğu kimi də qalacaq və onun dünya və region üçün maraq doğuracaq heç bir sərvəti yoxdur. Əgər Ermənistan əhalisi Nikol Paşinyanın baş nazir olmasını güclü iqtisadi durum, Avropa İttifaqı ilə vizasız rejim və Rusiyanın təsiri altından çıxacağı ilə nəticələnəcəyini düşünürsə, yanılır. Paşinyan ilə görüş zamanı Putinin Ermənistanı hər zaman olduğu kimi Rusiyanın yaxın müttəfiqi və strateji tərəfdaşı adlandırması faktına nəzər salaq. Əslində bu, heç nəyin dəyişilməyəcəyini anlamaq üçün kifayət edir. Təbii ki, Rusiyanın hərbi bazası Gümrüdə qalacaq və Ermənistanın xarici siyasəti Kremlin nəzarəti altında saxlanacaq. Ermənistan Rusiyanın Cənubi Qafqazda satelliti olmaqda davam edəcək".

Siyasətşünas Ermənistanın hansı səbəblərdən Rusiyanın təsiri altından çıxa bilmədiyini belə izah edib: "Rusiyanın təsiri altından çıxmaq üçün ilk növbədə Ermənistan onun təcavüzkar siyasətinin nə dərəcədə faydasız olduğunu anlamalı və blokada şəraitindən çıxmaq haqda düşünməlidir. Bu isə öz növbəsində, qonşu ölkələrlə, yəni Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq deməkdir. Bunun üçün də Ermənistan işğal olunmuş torpaqları Azərbaycana qaytarmalı və qondarma "erməni soyqırımını" dünyada tanıtdırmaq cəhdlərinə son qoymalıdır. Lakin bunların heç biri baş verməyəcək. Paşinyan işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasına razı olarsa, erməni xalqı onu devirəcək. Soyqırım ideyasından isə əl çəksə, faktiki olaraq Ermənistanı dolandıran lobbi ilə problem yaşayacaq. Nə birinci, nə də ikincisi yeni seçilmiş baş nazirə gərək deyil və bu səbəblərdən o, həmişə olduğu kimi, müstəmləkə olmağı üstün tutacaq".


Analitik hesab edir ki, bir müddət sonra Paşinyan da istefa verməli olacaq: "Serj Sarqsyanın devrilməsilə Nikol Paşinyanın seçilməsinin yeganə fərqi odur ki, "Qarabağ klanı" hakimiyyətdən uzaqlaşdırıldı. Paşinyanın yaranmış vəziyyəti dəyişmək istəyi və erməni xalqının parlaq gələcək üçün ümidləri nə qədər də yüksək olsa belə, vəziyyət olduğu kimi qalacaq. Hər seçilən dövlət və ya hökumət başçısına, demək olar ki, əhali tərəfindən etimad krediti verilir. Ermənilər hazırda inqilabın eyforiyasının təsiri altındadırlar və yeni hakimiyyətdən bütün problemlərin dərhal həllini gözləyirlər. Azərbaycan bu mərhələdən 90-cı illərdə keçib. O zaman xalq dalğası Mütəllibov hakimiyyətini devirərək müəyyən müddət inqilabın romantizmi halını yaşadı. Sonradan məlum olduğu kimi, hakimiyyətə gəliş düşünülənin ən asanı, həyata keçirilmə isə ən çətinidir. Eyni vəziyyəti Ermənistanda müşahidə edirik. Buna görə də güman etmək olar ki, etimad krediti bitəndən sonra xalq onun da istefasını tələb edəcək".

C.Məmmədzadə qeyd edib ki, Ermənistanın yeni baş nazirinin Qarabağ münaqişəsilə bağlı kəskin və düşünülməmiş bəyanatları müharibə ilə nəticələnə bilər: "Yaddan çıxarmaq olmaz ki, Paşinyan siyasətçi deyil, stajlı üsyançıdır. Buna görə də onun erməni xalqı üçün acınacaqlı nəticələr verə biləcək siyasi səhvlər edəcəyi tamamilə mümkündür. Əgər yeni baş nazir Dağlıq Qarabağın danışıqlarda üçüncü tərəf kimi iştirakını tələb edirsə, o, Dağlıq Qarabağı respublika kimi tanımalıdır. Belə olduqda, Azərbaycanın işğal olunmuş əraziləri uğrunda müharibəyə başlamaqdan başqa çıxış yolu qalmayacaq. Bu səbəbdən də Paşinyan populist çıxışlarını kənara qoymalı və vəziyyəti ayıq başla qiymətləndirməlidir.

Digər tərəfdən, ola bilsin ki, Paşinyanın bəyanatları ölkəsində və Qarabağ erməniləri arasında öz reytinqini qaldırmağa xidmət edir. Əgər belədirsə, bunu hardasa başa düşmək olar.

İstənilən halda, bu bizim xeyrimizədir. Bütün dünya Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək istədiyini görür, Ermənistanın yeni baş naziri isə danışıqların pozulmasına, status-kvonun dəyişdirilməsinə və münaqişənin faktiki eskalasiyasına çağırır. Buna görə də Paşinyanın kəskin çıxışları dünya ictimaiyyətinin gözündə Bakının mövqeyini möhkəmləndirir. Silahlı qarşıdurma halında isə bütün məsuliyyət erməni tərəfinin üzərinə düşəcək".