Logo

Bakıda evdən 30000 dollar və 100000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb


Bu il aprelın 22-də paytaxt sakini olan bir nəfər şəxs Xətai Rayon Polis İdarəsinə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən içərisində 30000 ABŞ dolları və 100000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib.

DİN-dən TopXeber.Az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən Bakı şəhər sakini İmamverdi Həsənov, Sahib Həsənbəyli, həmçinin əvvəllər məhkum olunmuşlar - Elnur Aslanov və Aslan Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər.

Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvü S.Həsənbəyli zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə əvvəlcə İ.Həsənova məlumat verib. O isə öz növbəsində digər dəstə üzvləri E.Aslanov və A.Qasımovla birlikdə qeyd edilən evdən oğurluq etmək qərarlna gəlib.

Seyfi ələ keçirdəndən sonra dəstə üzvləri S.Həsənbəylinin Abşeron rayonunda yerləşən bağ evinə yollanıblar. Orada seyf kəsilərək açılıb və əldə edilən pul saxlanılan şəxslərin arasında bölünüb. Seyfdə olan qızıl-zinət əşyaları S.Həsənbəyli və İ.Həsənov tərəfindən satılandan sonra həmin pullar da yenidən dəstə üzvləri arasında bölüşdürülüb.

Qeyd edilən faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq  tədbirləri davam etdirilir.