Logo

Musa Yaqub: “Burada bir məzardır, bir mənəm, əlimdə də 45 ilin heçnəsi” – ŞAİRİN SON VƏZİYYƏTİ


Atam anamın müəllimi olub. Atamın ən böyük şansı olub ki, onun qarşısına  anam kimi xanım çıxıb.

Həmişə tanınmış şair Musa Yaqubla danışmaq, onunla söhbətləşmək istəmişəm. Hətta düşünürdüm ki, bu yay İsmayıllıya yolum düşəndə, mütləq Buynuz kəndinə getməli, ona baş çəkməliyəm. Buynuzun  möcüzəvi təbiətində, Musa müəllimin yazdığı o şeirləri dilindən eşidib, onun aləminə az da olsa səyahət etməliyəm. Amma təəssüf ki, nədənsə Musa Yaqubla görüşüm alınmırdı, bu dəfə isə onun səhhətində yaranmış problemlər bu istəyimə mane oldu. Yenə də özüylə danışa bilmədim, çünki səsi buna imkan vermədi. Bu arzumu reallaşdıra bilməsəm də qızı Yaqut xanımla danışdım. Bir övladın atası barəsində ağızdolu necə danışmasının şahidi oldum. 

TopXeber.Az Musa Yaqubun qızı ilə müsahibəni oxuculara təqdim edir.

-Musa müəllimin sağlamlıq durumu necədir? Özü ilə danışa bilərik?

-Xeyr, təəssüf ki, danışa bilməyəcəksiniz. Səsi çox zəif çıxır, demək olar ki, heç danışa bilmir. Telefon zənglərinə mən cavab verirəm.

-Vəziyyəti necədir?

-Ayaqları narahatdır, parkinson xəstəliyidir, ürəyində də problemlər var.

-Bu yaxında Sabir Rüstəmxanlı ilə şəkilini gördüm. Çox zəifləyib..

-Bəli, Sabir Rüstəmxanlı gəlmişdi.

-Ancaq yataqdadır? Durub gəzə bilirmi?

-Canı ağrıyır deyə, dura bilmir. Biz qaldırırıq, bir az ayaqüstə dayanır, yerimə arabası var, həmin arabaya mindirib həyətə çıxarırıq hava alsın.

-Son vaxtlar vəziyyəti belə kəskinləşdi?

-Hə, son vaxtlar oldu. Bir ara- fevral ayında əməlli-başlı narahat oldu, xəstəxanada yatdı, sonra evə gətirdik,ondan sonra yavaş-yavaş ayaqları açıldı, səsi də normal idi. 20 gün ərzində səsində, ayaqlarında çox böyük problem yarandı.

-Hafizəsində itmə olmur ki?

-Yox, hafizəsi çox gözəldir.Yaddaşı yerindədir, sadəcə fiziki narahatdır. Ayda bir dəfə həkimə aparırıq, müalicəsini yazırlar. Parkinson xəsətliyi ilə bağlı həkimi Türkiyədədir, hər ay yoxlanışa aparırıq. Ürəyinə su yığılmışdı,təngnəfəslik verirdi, sonradan o suyu çəkdilər, təngnəfəslik xeyli getdi. Bu parkinson isə çox pis xəstəlikdir, atam 20 ildir bu xəstəlikdən əziyyət çəkir. Həm də yaşlanır, zəifləyir bu da orqanizmə təsir edir.

-Atanıza hazırda siz qulluq edirsiniz?

Bəli, mən baxıram.

-Əlində yarımçıq əsərləri,şeirləri var?

-Bəli. Axşam mənə dedi ki, ağ bloknotumu ver, sonra qələm istədi. Dedim: "Ay dədə, gecdir, bundan sonra.." Dedi ki, bir şeirim var, məni  narahat edir, bir az dilim rahat olanda sabah (bu gün üçün) gələrsən mən deyərəm, sən onu yazarsan.

-Yeni şeirini yazmaq istəyirmiş yəqin..

-Hə, məsələn, o gün onu yedizdirəndə birdən-birə çox gözəl bir şeir dedi: "Buynuz qəbirstanı". Yedizdirirdim deyə, bilmədim,onu təzə yazıb,ya necə. Yoxsa mən  o şeiri yazardım, ya da telefona səsini yazardım. Soruşdum ki, bunu təzə yazmısan. Dedi: "yox, heç yerə yazmamışam. Elə beynimdədir, nə vaxtsa istəyərsən, deyərəm  yazarsan".

-Xahiş edirəm, siz elə olanda yazın, bizə də yadigar qalsın.

-Hə, edəcəm. Səhərlər özünə gəlincəyə qədər çətin olur. Dərmanları çoxdur, yeməyi çətinləşib, zorla yeyir. İndi gönortaya saxlamışam desin, nəsə yazım.

-Musa müəllimin neçə övladı var?

-Üç. İki bacı, bir qardaş. Mən Azərbaycan dili və ədəbiyyat müəlliməsiyəm. Bacım Avstriyada yaşayır, qardaşım da ailəsi ilə birlikdə Bakıda. Qardaşım Fövqəladə Hallar Nazirliyində (FHN) işləyir. Mayın 10 –da, atamın ad günündə  qardaşımın nəvəsi dünyaya gəlib. Adını da Musa qoymuşuq. Birinci nəticə məndədir Zöhrənur, ona anamın adını vermişik, bu da ikinci nəticədir.

-Bəs siz, qardaşınız Bakıda qalır, Musa müəllim də İsmayıllıda. Ona necə baxırsınız?

-Bir ay gəlib qalıram, mən gedirəm, qardaşımgil gəlir. Qardaşım işdədir, hər dəfə  gəlib gedə bilmir.

-Yanına kimlər gəlir, kimlər baş çəkir?

-Hamı. O qədər zəng vururlar. Sənət adamları, yazıçılar səhhəti ilə maraqlanırlar. Bölgələrdən, Türkiyədən zəng edirlər..

-Bir az da ata-qız münasibətlərdən danışaq. O, həm də necə atadır?

Mənim  üçün o, atadan çox, ruhumun adamı kimi doğmadır. Çünki həmişə elə bilmişəm ki, ruhumu dinləndirir. Onu oxuyanda elə bil ki, özümü oxuyuram. O qədər onun  şeirlərində işıq, ümid var, ona görə o şeirlər həmişə ən çətin vaxtımda əlimdən tutub. Atadan daha çox onu şair kimi sevirəm. Böyüklüyünü sevirəm, əyilməzliyini, gözütoxluğunu sevirəm. Bəlkə də bu sizə qəribə gələcək, onun şəxsiyyəti ilə daha çox fəxr edirəm. İnsanların ona verdiyi o sevgi ilə fəxr edirəm. Hər gələn  nə vaxtsa çıxıb gedəcək, bu yer üzündən,  heç kim əbədi deyil ki. Amma mən bilirəm ki, Sabir Rüstəmxanlının bir şeiri var, deyir: 

"Yaratdığın  ocağınla tarixləri aşan sənsən, 

Barmağına əski bağla, elə sən də müqəddəssən!"

Tarixləri aşan səsdir,ömrü boyu yaşayacaq bir insandır atam.

-Xaraktercə çox tərs atadır?

-Çox yumşaq atadır, amma çox da sərt qanunları var. Nə dedisə onu etməlidir. Biz həmişə bilmişik ki, atanın səsi çıxdısa, əlində yağın daşsa da onun yanında olmalısan. O, qətiyyən ailədə biganəliyi sevmir, anam da çox fədakar qadın olub.  Ona görə atamı evimizin ərköyün uşağı kimi böyütmüşük.  Belə olub. Biz ona  ərköyünlük edək, nazlanaq bu kimi şeylər olmayıb. Onun hər dediyi vaxtında olmalıdır. Bizim qanunumuz olub, bu, belə olmalıdır, vəssalam, ondan inciməmişik də, ondan narahat olmamışıq da. Çünki başda anam olub. O, mizanı bu cür qoyub. Anam da 8 ildir, rəhmətə gedib.

-Ananızla necə tanış olmuşdu? Sevib, ailə qurublar?

-Kənddə qonşu olublar. Atam Göyçayda oxuyub, gəlib. Nənəmin  vasitəsilə evləniblər. Anam atamdan 11 yaş kiçik idi. Atam anamın müəllimi olub. Atamın ən böyük şansı olub ki, onun qarşısına  anam kimi xanım çıxıb.(kövrəlir)

-Neçə il birgə yaşadılar?

-Atam anamın məzar daşının üzərinə bu şeir parçasını yazdırıb:

"Necə gəldi bilmədim, gül ömrümüz bir xalçanın çeşnəsi,

Burada bir məzardır, bir mənəm, əlimdə də 45 ilin heçnəsi." 

45 il bir yerdə yaşayıblar.

-Musa Yaqubun yazı-pozu işləri sizə keçib?

-Hərəmizdə bir az var. Bacımda çox gözəl yazılar var. Jurnalistikaya, sözə çox  böyük həvəsimiz olub. İstər-istəməz bu ocaqdan gələn bir şeydir. O zövqlə formalaşmışıq. Yaxşını, pisi  poeziyada, ədəbiyyatda ayırmağı bacarırıq.

 Musa Yaqub elə bir zirvədir ki, o zirvə bəs edir bizə.  Özümüz öz içimizdə qaynamışıq, amma üzə çıxarmamışıq.

-Hazırda şairin sadəcə kağızlar üzərində yığılıb qalan şeirləri var? Gələcəkdə çap etdirəcəksiniz?

-Bəli, var. Bütün şairlər bir az yaşlandılarsa, tükənmə gedir, amma atamın son vaxtlar yazdığı şeirləri  adam oxuyanda deyirsən ki, bu yaşda, bu insan, bu hissləri, bu duyğuları necə yaşadıb. Bu aralarda çox gözəl şeirləri çıxdı.

-Maraqlıdır, “dədə”nizin bağ-bostan, kənd işləri ilə arası necə olub?

-Yox, onlarla işi yox idi. Dədəm həmişə yazı-pozu işləri, dostlarla olub. Bizim evimiz o qədər gəlimli-gedimli ev olub.Başqa işlərlə məşğul olmayıb.

-Musa müəllim çoxdan Buynuzda yaşayır?

-Buynuzda da yaşayırdıq, Bakıda da. Yayda Buynuzda olurduq, qışda Bakıda. Anam rəhmətə gedəndən sonra Bakıda may ayına kimi qalırdı. Maydan sentyabr-oktyabra gəlirdi, Buynuza. O, torpaqsevən insandır, Bakıyla arası yoxdur. Bakıda isə qardaşımın yanında qalır.

Nihadə Eyyubova