Logo

Bura qocaların girişi qadağandır – GƏNC JURNALİSTLƏRİN YENİ LAYİHƏSİNDƏN REPORTAJ


Pəncərədən səs eşidilir: “Gəlin, gəlin. Düz gəlmisiniz”. Başımı yuxarı qaldıranda o tanış simanı görürəm. Əvvəllər çox qarşılaşmışıq. Tədbirlərdə, konfranslarda, hər qaynar mühitdə- yanğın, bina uçqunu, fövqəl hadisə baş vermiş istənilən nöqtədə onu görmək olardı. Yaddaqalan əsl fotoreportyor görkəmi var idi, kürəyində iri “sumka”sı, əlində də “silahı”, yəni fotokamerası. Və daim qaçan “ayaq adamı”. (jurnalist Rauf Arifoğlu demişkən). Bu dəfə isə mənzərə tam fərqli idi, elə görüş yeri kimi. Qaçmırdıq, tələsmirdik, heç mən də ondan “çəkilmiş şəkillərdən bizə də verərsiniz” kimi xahişləri etmirdim. Çünki qarşımda hadisələrə “obyektiv” gözü ilə baxan adam yox, xəbər gözü ilə baxan adam dayanırdı.

Minval.info saytında yayımlanan bütün xəbərlərə cavabdeh olan şəxsdi Məhəmməd Türkmən.

Deyir ki, yanvarın 9-dan, baş redaktorluq işi ona həvalə olunan gündən saytın bütün məsuliyyətini dərk edir:

-“Minval. info” saytı “Minval.az”-ın Azərbaycan versiyasıdır. Ötən ilin son 3 günündə Rauf Arifoğlu mənə bu postu təklif etdi. Dedi ki, sənə güvənirəm və bilirəm ki, sən bacararsan. Bu, mənim üçün böyük məsuliyyət idi. Baş redaktorluq asan bir iş deyil, 27 yaşda sənə deyirlər ki, sən bu saytın rəhbəri olacaqsan, sənin işçilərin olacaq. Təbii ki, təklifi qəbul etdim, qarşıma məqsəd qoydum ki, saytı necə idarə edəcəm, necə iş quracam, özüm üçün geniş bir plan hazırladım. Əvvəlcədən Rauf bəy demişdi ki, 6 ay sınaq müddətidir sizin üçün. Belə bir tələb var idi, 6 ay ərzində günlük 10 min oxucuya çatmalı idik. Biz bu oxucuya 3-cü ayda çatdıq. 4-cü ayda günlük 15 min İP-yə çatdıq və qərara alındı ki, davam etmək lazımdır. Hələ yeniyik. Məqsədimiz odur ki “minval info” adını kimsə görəndə desin ki, bu xəbər “minval”da gedibsə doğru xəbərdir, onlar yalan məlumat verməz. Yüzminlərlə oxucumuz olsun, bunu istəmirik. 15-20 min oxucumuz olsun, amma doğru xəbərlər yayımlansın. Başlıqlarla  oxucunu aldatmaq olmaz. Başlıqda verilir ki, partlayış oldu, xəbəri oxuyanda görürsən ki, Fransada baş verib. Aldanan oxucu ikinci dəfə səni oxumaz, oxusa da səni söyəcək.

Gənc kadrlardan ibarət informasiya emalatxanası

-İşçilərimizin hamısı cavandır, enerjilidir. Kollektivimiz 7 nəfərdən ibarətdir. Heyətimizdə iki tələbə var. Burada elə bir şərait yaratmışıq ki, “sıxılma” yoxdur. Müdir-işçi müunasibəti çox azdır. Düzdür, o məsafəni gözləyirik. Yeməyimizi də bir yerdə yeyirik. Bəzən səhər işə gələndə soruşuram kimin aclığı var? Marketə gedirəm, kimə nə alım? Məleykə adlı əməkdaşımış var, bunu oxuyanda güləcək. Onun sevdiyi bir keks var.  Hər dəfə işə gələndə bizim həyətdəki şirniyyat sexindən həmin keksdən alırdım onun üçün və keksi ancaq o, yeyirdi. Qoğal sevənimiz də var. Yayda hazırlaşırıq kollektivlə Gürcüstana getməyə. Biz gəncik ,enerjimiz çoxdur , həm işləmək, həm də istirahət etmək lazımdır. Burada heç kəs fikirləşə bilməz ki, Türkmənə yalan deyim, gedim, başqa bir işimi görüm. Çünki bilir ki, gəlib mənə desə ki, mənim filan işim var, deyəcəm, get.

Rauf Arifoğlu “ minval” sözünü tez-tez işlədir

Saytın ad seçiminin kim tərəfindən olduğuna gəlincə, M.Türkmən deyir ki, sayta belə bir adın verilməsi Rauf Arifoğlunun təşəbbüsüdür:

-Bu saytı Rauf Arifoğlu təsis edib, saytın adının konkret mənasını o daha yaxşı bilər, burada vaxt axarı məsələsi var. Rauf Arifoğlu sevir bu sözü, “minval” sözünü tez-tez işlədən bir adamdır. O, həyatının böyük hissəsini mediaya sərf edib. Vaxt onun üçün çox önəmlidir. Hər dəfə deyir ki, vaxtı pulla satsalar, alaram. Bizim loqomuzun ikonunda da vaxt məsələsi var, hər şey vaxtdan asılıdır.

Birinci ayımızdan istinad olundu

-Bizə istinadlar olur. İlk günlər bu, bizə təəccüblü görünürdü. Fəaliyyətə başladığımız gün 2122 İP-miz var  idi. Biz istinad etsinlər deyə, xəbər istehsal etmirik, biz xəbəri istehsal edirik ki, oxunsun, yayılsın. Bizə istinadlar ona görə olur ki, çoxlu özəl xəbərlərimiz olur.

Kim məndən çox oxunursa, mənim rəqibimdir

-Yeni yarananda məqsədimiz rus dilli versiyanı ötmək idi. Bu, redaksiya daxili rəqabətdir. Hazırda bizim üçün rəqib bizdən üstdə olandır. Məndən çox oxunursa, mənim rəqibimdir. Məqsədim odur ki, o saytı keçməliyəm. Amma bəzi saytlar var ki, onları keçmək istəsəm belə  keçə bilmərəm. Çünki onların verdiyi xəbəri mən verə bilmərəm. Tutaq ki, İP-si düşən kimi 2015-ci ilin xəbərini “filankəs soyundu” deyə yayacaq. Mən onu edə bilmərəm. Elə xəbər olur ki, deyirəm, bunu niyə verim, xəbər yükü yoxdur, amma bilirəm ki, çox oxunacaq. Deməli, çox ciddi bir yazı hazırlamışdıq. Zeynalabdin Tağıyevin nəticəsi ilə müsahibə idi. Foto, video, tarixi sənədlərlə birgə yazını vermişdik. Mən o yazını səhifədə paylaşdım ki, bu da sizə ciddi yazı. 24 saata 800 nəfər oxudu o yazını, bir nəfər də şərh yazmamışdı. Amma rəqqasə Renkanın Türkiyədə rəqsi var idi, 10 dəqiqəyə 600 baxış olmuşdu.

Söhbətimiz əsnasında baş redaktor komandasının yaxşı işlədiyini və səliqəli yazdıqlarını xüsusi qeyd edir:

-Gün ərzində 30-35 yazı redaktə edəsi oluram. Yaxşı ki, işçilər yaxşı yazır. Yazılar səliqəli, təmiz olur deyə, gün ərzində 30 xəbər oxuya bilirəm. Burada tək redaktor mənəm. Mənim üçün əsasdır, çöldən xəbər, reportaj gətirək. Sadəcə kollektivimiz məhdud saydadır. Müsahibələrimiz çoxdur, çalışırıq maraqlı müsahibələrimiz olsun. Qarabağ döyüşçüsü var idi, Məleykə ondan müsahibə almışdı. 9 nəfər kəşfiyyatçıdan tək sağ qalan adam idi. Xeyli oxunmuşdu, qocaman jurnalistlər də yazı üçün bizə təşəkkür etmişdi. Həmin yazıya görə ofis nömrəsinə bir nəfər zəng etdi, ağlaya-ağlaya deyirdi ki, sizdə o müsahibəni oxudum, o Mehmanla (müsahibə verənin adı ) məni calaşdırın, qardaşımdan danışsın təsəlli tapım. O adam qardaşının həsrətində idi və onun qardaşını sonuncu dəfə görən bir insan sağdır. Bu bir zəngə görə fikirləşdim ki, nə yaxşı bu yazını bizim əməkdaş yazıb. Müsahibəyə bir həftə əvvəl hazırlaşırıq. Bizim Fərid var, şairənə Fərid deyirik. Fərid Həmid Herisçi ilə müsahibə istəyirdi, onun böyük fanatıdır. Ona elə suallar hazırlamışdı ki, Həmid Herisçi suallardan qaçdı, müsahibə vermədi, dedi ki, sən kimin adamısan, bu məlumatları haradan bilirsən.

Baş redaktorla danışığımızı yekunlaşdırıb, redaksiya heyəti ilə tanış oluram. Əvvəlcə oğlanlar oturduğu otağa keçirəm. Bayaqdan bəri Məhəmmədin barəsində ağızdolu danışdığı Samirə yaxınlaşıram. Samir isə Məhəmmədin əksinə olaraq baş redaktorundan “giley-güzar” edir:

“Özüm elə hadisəyəm də”

 Samir:

-Bundan əvvəl “Bizim yol”-da olmuşam. Sonradan “Minval”-a gəldim. Burada “perspektiv” deyirlər, ondan gördüm. Məhəmməd haqqında danışmaq istəyirəm bir az. Məhəmməd həm qəlizdir, həm də vacib. Arada dost olur bizimlə, tərs üzü çönəndə Dənizin bir sözü var “terror əsdirdi”. Dəniz adlı digər əməkdaş o biri otaqdan səsini ucaldır: “atdılar, mənim üstümə”. Xırda bir səhv edək, xəbər təkrar, gec getsin, aləm dəyir bir-birinə.

Samir deyir ki, 5 ildir jurnalistikadadır və sosial sahədə çalışmaq onun üçün həm rahat, həm də maraqlıdır. Başınıza hansı maraqlı hadisə gəlib sualı veriləndə Samirdən gələn cavab: “Özüm elə hadisəyəm də. Getdim futbol oynadım, yüngül toqquşdum, ayağım zədələndi. Ayağım əməliyyat olundu, futbola da qadağa qoydular. Məhəmməd söhbətə müdaxilə edir: “Samir mənim üçün əvəzedilməzdir.(Samir: “bayaq Məhəmməd haqqımda dediklərimi silərsiniz”) O vəziyyətdə 15 gün bizi evdən idarə etdi, dərman atıb işləyirdi, başqası olsaydı deyərdi ki, icazə almışam da.

Fəridlə söhbətimizi davam etdirmək istəyirik. Məhəmməd yenidən müdaxilə edərək bildirir ki, Fərid Özay imzası ilə yazır: “Mən isə ona Fərid Fərdi deyirəm. Hərflərin yerini dəyişdirirəm”.

Fərid yerindən dillənir: “Baş redaktor olaraq, Məhəmmədin nə qədər kreativ olduğunu görürsünüz”.

-Daha çox köşələr yazıram, ədəbiyyatla əlaqəm olduğuna görə, köşələrimi yazanda da bədii tərəfdən yazıram. Samirin sözünə qüvvət “slujba slujba, drujba drujba”. Məhəmməd müdirdir, sərtdir, belə olması lazımdır.  Belə olmasaydı, irəli gedə bilməzdik, bu gün mən mediada varamsa, bunu Məhəmmədə borcluyam. Həm də onun gənc olması bizə faydalıdır, çünki yaş fərqi çox olduğu biriylə anlaşmaya bilərsən. Burada kifayət qədər demokratiya, söz azadlığı var. “Minval” ikinci ailəmdir.

Üz tuturuq qızların otağına. Qızlar iş başındadır. Dəniz xanımla danışmağa başlayıram. Məlum olur ki, universiteti yeni bitirib. “Minval”ı ilk iş yeri hesab etmək olar. Əsasən mədəniyyət sahəsində yazır:

Mənə burada Şəbnəm Tovuzlu deyirlər

- O, həm yerlimdir, həm də məni Şəbnəmə oxşadırlar. Əslində çox maraqlı vaxt keçir, bir də baxırıq ki, saat 6-dır. O, da burada demokratik havanın hökm sürməsindən irəli gəlir.

Digər xanım işçi Məleykə Ağasoydur, filologiya fakültəsini bitirib:

-Könüllü olaraq bir neçə yerdə işləmişəm, amma media ilə bağlı dərin bilgim yoxdur. Yazı qabiliyyətim var, amma texniki baxımdan zəifliyim olur. Tənqidi yazılar çox yazırıq.

Məleykə deyir ki, indiyənə qədər aldığı müsahibələr içərisində tanınmış bəstəkar Xəyyam Mirzəzadənin müsahibəsi daha çox ürəyinə yatıb:

-Mənim üçün Xəyyam Mirzəzadə ilə görüş anı çox böyük idi. O, çox “kaprizli”adamdır, onu sevdiyimə görə, “kapriz”lərini də sevirəm. Çox yaxşı insanlardan müsahibələr almışam. Onlar mənim üçün bir xatirədir.

Kənardan digər əməkdaşlar: “Məleykə üçün müsahibləri razılaşdırmaq asanddır”

Məleykə gülərək: “Bilirəm ki, müsahibəyə razı salmaq üçün şirin dil vacibdir, şirin dillə danışıram”.

Bilirik ki, sayt işi operativliyi sevir. Saytın işini yubandırmaq istəmirik. Elə buradaca söhbətimizi yekunlaşdırırıq. Çıxhaçıxda Məhəmməd soruşur: “Ofisimizi bəyəndiniz? Əvvəl çox darısqal idi. Mən: “Hə, yaxşıdır, əsas odur ki, keyfiyyətli xəbərlərinizin sayı çox olsun-deyərək, redaksiyadan ayrılıram.

TOPXEBER.AZ