Logo

Almaniya Donald Trampın “rüsum müharibəsi”nə cavab hazırlayır


Almaniya Vaşinqtona ticarət münaqişəsinin eskalasiyasından çəkinmək barədə xəbərdarlıq edib. Federal hökumət ABŞ-ın polad və alüminium üçün tətbiq etdiyi rüsumları qəbul etmir.

TopXeber.Az xəbər verir ki, AFR hökumətinin rəsmi nümayəndəsi Şteffen Zayberq bu barədə deyib: “Biz hesab edirik ki, bu tədbir qeyri-qanuni, milli təhlükəsizliyin müdafiəsi barədə gətirilən dəlillər qeyri-inandırıcıdır”.

Onun sözlərinə görə, bu qüsurlu cərimə tədbirləri son nəticədə hamının ziyanına olacaq. AFR hökuməti azad ticarəti və açıq bazarları bundan sonra da müdafiə edəcək, problemlərin həllində multilateral yanaşmaya üstünlük verəcək.

AFR kansleri Angela Merkel vəd edib ki, Amerika rüsumları tətbiq edilərsə Avropa İttifaqı buna “birgə və qəti” cavab verəcək. Kansler bu barədə Lissabonda, Vaşinqtonun qərarı elan ediləndən bir qədər əvvəl məlumat verib. Merkel deyib: “Avropa İttifaqında bu məsələ barəsində birmənalı mövqe formalaşıb. Biz əminik ki, rüsumlar Dünya Ticarət Təşkilatının qaydalarına ziddir”.

Xatırladaq ki, ABŞ-da bu rüsumlar martın 23-dən tətbiq edilib. Rüsum dərəcələri polad məmulatlar üçün 25 faiz, alüminium məmulatlar üçün 10 faiz müəyyən edilib. Avropa İttifaqından olan şirkətlərə bu rüsumlar üçün iki dəfə, o cümlədən sonuncu dəfə iyunun 1-dək möhlət verilib. Cərimə sanksiyalarının həmişəlik ləğv edilməsi üçün avropalıların dəfələrlə göstərdiyi cəhdlər uğursuz olub. Aİ buna cavab tədbiri kimi iyunun 20-dən etibarən Amerika mallarına, o cümlədən portağal şirəsi, motosikletlər, viski və tütün üçün 25 faiz rüsum tətbiq olunacağını vəd edib. Gözlənildiyinə görə, bu cür rüsumların məbləği üç milyard avro olacaq.