Logo

Kim Çen İnin Yüz Bağçalı Sarayı — Rus jurnalistin gördükləri


Rusiyanın XİN rəhbəri Sergey Lavrov Şimali Koreyaya səfəri zamanı Kim Çen İnlə görüşüb.

TopXeber.Az xəbər verir ki, Kim Çen İn Lavrovu öz sarayında qəbul edib. Görüşü müşayət edən rus jurnalist İlya Petrenko Kim Çen İni yaxından görən və sarayını gəzən yeganə jurnalistlərdən biri olub.

Petrenko qeyd edir ki, görüşdən bir neçə saat əvvəl jurnalistləri bir otağa yığıb üstlərini yoxlayıblar və bütün rabitə cihazlarını alıblar. Daha sonra jurnalistləri bir mikro avtobusda Pxenyana aparıblar:

“Hara getdiyimizi bilmirdik. Sürücü nə ingilis, nə də rusca danışırdı. İrəlilədikcə küçələrdə insanların azaldığını gördük. Sonda bütün yollar boşaldı, heç polis maşınları da yox idi”.

Jurnalist bildirir ki, Kimin babası və atasının iri portretlərinin asıldığı nəhəng binanı görüblər. Binanın digər ucunda isə lüks villa görülüb. Bu, Şimali Koreya liderinin şəxsi qəbul sarayı olan Yüz Bağçalı Villa idi.

Qapı aralandıqdan sonra oradan çıxan qadın mühafizəçilərlə görüşüb. Bu qadın Kim Çen İnin bacısı Kim Yo Jonq idi:
“Boz pencək geyinmişdi. Özünü evin xanımı kimi aparırdı. Ona ingiliscə salam verdim. Gülümsəyib məni ingiliscə salamladı”.

Petrenko qeyd edir ki, Kim Çen İn Lavrovu qarşılamaq üçün həyətə düşüb: “Qolunda bahalı saat bar idi. Bacısından fərqli olaraq dərisi soluq deyildi. Gümrah və sağlam görünürdü”.

Kim Yo-Jonq günortadan sonra qardaşına müşavir kimi kömək edib. Amma təkbətək görüşlərdə Lavrovla üz-üzə sadəcə Kim Çen İn və tərcüməçisi olub.
Fotolar çəkildikdən sonra jurnalistləri çölə çıxarıblar və Kim Çen İnlə Lavrov 1 saat görüş keçirib. Sonradan Lavrov Kim Çen İnə ənənəvi rus qutusu hədiyyə edib və zarafatlaşıb.

Jurnalistləri isə yenidən mikro avtobusa mindiriblər. Telefonlarını özlərinə qaytarıb  birbaşa hava limanına aparıblar. “Ölkə.Az”