Logo

“Putin anladı ki…” - İsraillə sazişin ŞOK PƏRDƏARXASI


Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasily Nebenziya iyunun 2-də BMT Təhlükəsizlik Şurasının toplantısından sonra jurnalistlərə açıqlamasında Rusiya və İsrailin İran qüvvələrinin Suriyadan çıxarılması mövzusunda razılaşdığını bildirdi. Bundan bir gün əvvəl isə İsrailin “Jerusalem Post” qəzeti Suriyada İranla bağlı silahlı qruplaşmalar, həmçinin Livanın “Hizbullah” şiə təşkilatının döyüşçülərinin İsraillə həmsərhəd bölgələri tərk etməyi planlaşdırdığını yazdı.

Nəşrin yazdığına görə, xüsusi halda İrana yaxın qruplaşmalar Dera və Kuneytra şəhərlərindən çıxmaq niyyətindədir.

Daha əvvəl İsrailin “Kanal 10” televiziyasının yaydığı məlumata görə, İsrail ilə Rusiya Suriyanın cənub sərhədinə rejim qüvvələrinin nəzarət etməsi haqda razılığa gəliblər. Razılaşmaya görə, İran, “Hizbullah” və ya Tehrana bağlı olan hər hansı başqa birlik bundan sonra Suriya sərhədində mövqe tuta bilməyəcək.

Rəsmi Tehran bu informasiyanı təkzib etsə də, Moskvadan daha əvvəl bildirmişdilər ki, İsrail-Suriya sərhədində olan kənar güclər bu əraziləri tərk etməlidir. Təxmin etmək asandır ki, Moskva İran və “Hizbullah” döyüşçülərini nəzərdə tutur. Yeddi illik vətəndaş müharibəsi müddətində eyni cəbhədə yer almasına baxmayaraq, Rusiyanın İrana qarşı İsraillə belə bir sazişə getməsinin səbəbi nə idi?

Publika.az xəbər verir ki, Ukraynanın “Apostrof” nəşrinə danışan Rusiyanın müxalifət siyasətçisi Konstantin Borovoyun sözlərinə görə, bu saziş Rusiya prezidenti Vladimir Putinin Kreml hakimiyyətinin sağ qalması ilə bağlı qorxusunu göstərir.

“İran silahları və bazaları sadəcə olaraq Suriyanın ərazisində məhv edilir. İranın qoşunlarını Suriyadan çıxarması barədə qərarı bu baxımdan məcburidir. İran, sözsüz ki, dünya hökmranlığı üçün başqa güclərlə rəqabət aparır, amma bu, indiki halda mümkün olmadı. Həmişə Birləşmiş Ştatları “böyük iblis”, Rusiyanı isə “kiçik iblis” adlandıran İran əmin oldu ki, onun hegemon siyasəti naminə Rusiya özünü fəda etməyə hazır deyil”, - siyasətçi bildirib.

Onun sözlərinə görə, İran bunu reallıq hesab edir: “Rusiya da həmçinin indiki halda reallığı qəbul edir. Çünki, İranın dəstəklənməsi İsrail, ABŞ və Qərblə münaqişə deməkdir. Birləşmiş Ştatlar İrana qarşı embarqonu bərpa etməyi planlaşdırır. İranla əməkdaşlıq sadəcə, Rusiya üçün təhlükəyə çevrilir. Düşünürəm ki, Putin hadisələrin belə inkişafını anlayır və ehtiyat edir. Putin İranla oynamağı Kreml hakimiyyətinin sağ qalması baxımından özü üçün təhlükəli hesab edir Putin Suriya prezidenti Bəşər Əsədlə əməkdaşlıqdan imtina etməyə hazır deyil, amma bu, müvəqqəti vəziyyətdir və Putin anlayır ki, bu rejimə dəstəyini dayandırmaq lazımdır”.

Müxalifət siyasətçisi hesab edir ki, İranın Suriyada öz imperiya ambisiyalarını azaldacağı yüksək ehtimaldır.

TopXeber.Az