Logo

Qadınla cinsi əlaqədə olmaq istəyən oğlandan İNANILMAZ ƏMƏL: yataq otağına gizlicə girib gizləndi və... - Ucarda


Ucar rayonunda quldurluq etməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Asiman Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Asiman Vəliyev özgənin əmlakını ələ keçirmək məqsədi ilə 1 noyabr 2017-ci il tarixdə, saat 11 radələrində Ucar şəhəri, Abbas Səhhət küçəsi, 27 saylı ünvanda yerləşən Çinarə Məmmədovanın (ad və soyad şərti verilib – red.) yaşadığı evə qanunsuz olaraq girib.

Evə basqın

O, Çinarəyə qarşı zorakılıq edərək, evinə basqın edib, onu iki əli ilə boğub, həmçinin yumruğu ilə sifət və baş nahiyəsindən dəfələrlə zərbə endirib.

Daha sonra Asiman Vəliyev qadının boynundan bir ədəd 583 əyarlı, 18 qram çəkidə, 900 manat dəyərində qızıl boyunbağısını, bir ədəd sadə qaşlı, 583 əyarlı,1,6 qram çəkidə, 80 manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd qaşsız, 583 əyarlı, 1,5 qram çəkidə, 75 manat dəyərində qızıl qadın üzüyünü və digər qiymətli əşyalarını ələ keçirib, qadına ümumilikdə 2255 manat maddi ziyan vurub.

Quldurluq ittihamı

İstintaq orqanı tərəfindən Asiman Vəliyevin barəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

“Məqsədim cinsi əlaqədə olmaq olub”

Təqsirləndirilən şəxs qismində ifadə verən Asiman Vəliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O deyib ki, noyabrın 1-də evdə spirtli içki qəbul etdikdən sonra əvvəllər tanıdığı və münasibətdə olduğu Çinarə Məmmədovanın evinə gedib: “Çinarənin evinə getməkdə məqsədim onunla cinsi əlaqədə olmaq idi”.

“Üstümdə pulun olmadığını gördü”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Çinarə Məmmədovanın evi Ucar şəhərində bazarın yaxınlığında yerləşib: “Çinarənin həyət qapısı açıq olduğundan həmişə olduğu kimi, bu dəfə də həmin qapıdan içəri girdim. Çinarə mənə gözləməyimi, bacısına dərman verib, evə qayıdacağını bildirdi. Çinarəni evdə gözlədim. Bir qədər sonra Çinarə evinə gəldi. Çinarə mənim içkili vəziyyətdə olduğumu, həmçinin üzərimdə pul olmadığını bildi. Bu səbəbdən mənə evindən çıxmağımı söylədi”.

“Boğmamışam, dişlərini çıxardıb, satmamışam”

Asiman Vəliyev bildirib ki, həmin vaxt özündə olmadığı üçün Çinarəni itələyib: “Çinarə mənə 1000 manat pul təklif edərək, onu vurmamağımı bildirdi və sonra səs-küy saldı. Mən də Çinarənin səs-küy salmağından qorxdum. Onun üz nahiyəsindən 2 dəfə yumruqla vurdum. Sonra Çinarənin evindən 228 manat pulunu və kiçik çantasını götürərək getdim. Evdən çıxandan sonra çantanın içərisinə baxdım, çantanın içərisində qızıla bənzər əşyalar olduğunu gördüm, həmin əşyaları özümdə saxladım. Sonra həmin əşyaların qızıl olmadığını bildim. Bu səbəbdən həmin əşyaları Göyçay şəhərində bazarın arxasında çirkab su kanalının kənarına atdım. Mən Çinarə Məmmədovanı boğmamışam, onun dişlərini də çıxardıb, satmamışam. Törətdiyim əməldən peşmançılıq hissi keçirirəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Çinarə Məmmədova bildirib ki, o, həm Ucar rayonu Qazıqumlaq kəndindəki evində, həm də ki, Ucar şəhərində Ticarət Mərkəzinin yanında yerləşən evində yaşayır.

“Mənimlə zarafat etdiyini düşündüm”

Çinarə Məmmədovanın sözlərinə görə, özü yun alıb-satmaqla məşğul olub, adətən səhər 08.00-dan 13.00-a kimi işləyib: “Noyabrın 1-də səhər saatlarında yenə də həmişə olduğu kimi, Qazıqumlaq kəndindən Ucar şəhərindəki evimə gəldim, bir az yun satdıqdan sonra ərzaq almaq üçün bazara getdim. Bacım Sevil mağazada işlədiyindən onun yanına gedən zaman o biri bacımın Sevilin yanında olduğunu gördüm. Həmin bacımın dizinin yaralandığını gördüm, evinə yod gətirmək üçün geri qayıtdım. Yodu evimdən götürdüm və mağazaya bacımın yanına gəldim. Bundan sonra evə gəldim, həyət darvazasından içəri daxil olan zaman bir nəfər tanımadığım şəxs qəfildən üzərimə atıldı və iki əlləri ilə boğazımdan tutdu. Bir anlıq kiminsə mənimlə zarafat etdiyini düşündüm”.

“Huşumu itirmişəm”

Çinarə Məmmədova qeyd edib ki, hadisədən sonra onun evinə girən şəxsin Asiman Vəliyev olduğunu bilib: “Asiman mənim iradəmə zidd olaraq sürüyə-sürüyə evin içərisinə aparıb, evdə məni döyməyə başlayıb. Onun özü çarpayıda əyləşib, məni də yerə yıxaraq başımdan yumruqla vurub. Bundan sonra nəfəs ala bilmədiyimdən xırıldamağa başlamışam və huşumu itirərək özümdən getmişəm”.

“Kömək istədim”

Çinarə Məmmədova bildirib ki, bir müddət sonra boğazına dolan qanın xırıltısından ayılıb və sifətindən qan axdığını görüb: “Ayılanda divanın yanında olduğumu və divanın üstündə qan olduğunu gördüm. Asimanın məni divanın küncünə vuraraq döydüyünü düşünmüşəm. Çünki Asiman məni döydüyü zaman divana yaxın olmamışam. Asiman məni döyməyə başlayanda cibimdən mobil telefonunu götürərək, divanın üstünə atdığım üçün birtəhər qalxdım, divanda oturdum və mobil telefonla bacım Sevilə zəng etdim, ondan kömək istədim. Sevil evə gələnə qədər yavaş-yavaş qalxaraq çantama baxdım, çantamda 980 manat məbləğində pulumun olmadığını gördüm”.

“Asimanla heç bir münasibətim olmayıb”

Zərərçəkmiş bildirib ki, boynunda olan 18 qramlıq qızıl boyunbağının, iki ədəd qızıl üzüyünü, çantasında olan qızıl olmayan üzük və bilərziklərinin, həmçinin ağzında olan 4 ədəd qızıl və iki ədəd titan dişinin qoparıldığını və 4 ədəd qızıl dişinin aparıldığını, titan dişlərinin isə yerdə olduğunu görüb.

O, Asiman Vəliyevin ona ümumilikdə 5000 manat maddi ziyan vurduğunu bilib: “Bundan sonra evə gələn təcili tibbi yardım avtomobili məni Ucar rayon Mərkəzi xəstəxanasına apardı. Asiman Vəliyevi əvvəllər tanımamışam, onunla heç bir münasibətim olmayıb”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asiman Vəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Asiman Vəliyev apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Asiman Vəliyevin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Asiman Vəliyevin apelyasiya şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, Asiman Vəliyevin barəsində təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası 8 ilə endirilib.

Publika.az