Logo

“Jurnalistlərdən çox razıyam, “əlaçı” olmağımda onların rolu az deyil” - MÜSAHİBƏ


 Hazırda Milli Məclisin deputatı olan Ağacan Abiyev 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru olub. O, həm də Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir. Dəfələrlə beynəlxalq turnirlərdə mükafat qazanıb. 6 dəfə Azərbaycan çempionu olub. SSRİ fəxri idman ustası, beynəlxalq dərəcəli hakim, beynəlxalq dərəcəli fəxri idman ustası adlarını alıb.

TopXəbər. Az saytı Ağacan müəllimlə müsahibəni oxucularına təqdim edir.

-Elm adamı Ağacan Abiyev, deputat Ağacan Abiyev, ya idmançı Ağacan Abiyev - hansı müraciət forması sizə daha doğmadır?

-Ağacan müəllim. Müəllim çox böyük sözdür.

-Bu yaşda neçə saat idmanla məşğul ola bilirsiniz? Hansı idman növü ilə məşğul olmağa yaşınız imkan vermir?

-Yüngül atletikanı və üzgüçülüyü sevirəm. Bu iki idman növünün insan ürəyinin sağlam işləməsində çox böyük rolu var.

- Şahmat oynaya bilirsiniz? Bəzən şahmatla riyaziyyatı bir-biri ilə əlaqələndirirlər. Sizcə, bu yaxınlıq nə ilə izah oluna bilər?

-Heç vaxt şahmat oynamamışam. Heç şahmat oynamağı öyrənməmişəm də. Buna vaxtım olmayıb. Həyat özü elə maraqlı şahmatdır.

 - Xalq artisti Tariyel Qasımovla qrup yoldaşı olmusunuz. Bir dəfə müsahibəsində demişdi ki, Ağacan Abiyev boksda idi, mən güləşdə. Çəkimiz uyğun gəldiyindən bir yerə düşürdük, həmişə boksda vurub ağzımı qanadırdı, mənsə güləşdə yıxardım onu. İndi isə dostuq. Siz bu hadisələri necə xatırlayırsınız?

-Mən rinqdə onunla görüşməmişəm. Onun ağzını heç vaxt qanatmamışam, o da məni yıxmayıb, çünki o, boksçu deyildi, mən isə güləşçi deyildim.

- Övladlarınız hansı işlə məşğuldurlar? Məşhur övlad atalarından hesab olunursunuz?

- Mənim iki qızım var. Bir qızım iqtisad üzrə elmlər namizədi, ikinci qızım isə iqtisadçıdır.

- Fəhlə ailəsində 9 uşaqlı bir ailədə böyüdüyünüzü vurğulamısınız. Fəhlə ailəsində övlad böyütmək çətindir, yoxsa tanınmış bir ziyalı ailəsində?

- Heç bir ailədə övlad böyütmək asan iş deyil. Valideynlərin kim olmasından asılı olmayaraq, bütün çətinliklər elə valideynlərin üzərinə düşür.

-Ağacan müəllim, qadın boksunun niyə əleyhinəsiniz? Yəni, boks qadına kobudluq gətirir?

-Qadın çox incə məxluqdur, onların boksla məşğul olmağı təbiətin əleyhinədir. Anaların çox məsuliyyətli işi var, onlar dünyanı yaşadırlar. Yoxsa bu uşaqları kim dünyaya gətirəcək? Bundan əlavə, analar dünya quruculuğunda heç də atalardan geri qalmırlar. Elmdə, mədəniyyətdə, sənayedə, idmanda və bütün işlərdə qadınların rolu böyükdür.

-Siz həm də uzun müddət rektor olmusunuz. İdarəedici funksiyanın hansı çətinlikləri var?

-Rektorun hər bir rəhbər işçi kimi həmişə seçim problemi var. Tənbeh etmək və bağışlamaq. Amma mən çox vaxt bağışlayardım.

-Azərbaycan Ordusunun 100 illik yubileyinin necə keçirilməsini istəyirsiniz?

-İstəyirəm ki, Azərbaycan dünyaya bir daha öz səviyyəsini, bacarığını göstərsin və bizdən nümunə götürsünlər. Ulu öndər çox uzaqgörən dahi rəhbər idi. O uzaqgörənliklə demişdi ki, Azərbaycan dünyaya günəş kimi yanacaq. Ulu öndər Heydər Əliyev dəqiq demişdi, doğrudan da Azərbaycan Avropanı həm günəş kimi isindirir, işıqlandırır, həm də sevindirir. Budur Azərbaycan, budur bizim günəşimiz, doğma Azərbaycanımız. Azərbaycan müstəqilliyinin 100 illik yubileyini istədiyi kimi keçirməyə haqqı, bacarığı var, heç kimdən icazə almaq lazım deyil.

- Necə düşünürsünüz, parlamentdə hansı mövzunun müzakirəyə çıxarılması labüd hesab oluna bilər?

- Milli Məclis cəmiyyətimizə lazım olan hər bir problemin həllinə dəstək olmağa həmişə hazırdır.

-Deputatların maaşı sizi qane edir? İndiki dövr üçün deputat nə qədər maaş almalıdır?

-Əmin ola bilərsiniz ki, heç bir deputat seçkiyə gedərkən deputatın maaşı ilə maraqlanmayıb, deputat olub, Milli Məclisdə işləyərkən o barədə fikirləşməyə də vaxtı olmur. Onlar da bir vətəndaş kimi maaşdan narazı deyillər.

- Hansı deputatlar nizam-intizam qaydasını tez-tez pozur?

- Mən hələ parlamentdə tez-tez  nizam-intizam qaydalarını pozan deputata rast gəlməmişəm.

-Ağacan müəllim, nizam-intizam qaydaları hansı yerlərdə pozula bilər?

-Nizam-intizam qaydalarını insanlar heç yerdə pozmamalıdırlar. İnsanlar deyirsiniz, insanlar..

-Millət vəkili Hadı Rəcəbli deyib ki, “facebook” ailələri dağıdır. Həmkarınızın fikri ilə razılaşırsınız? Doğrudanmı, həyatımızın əsas hissəsinə çevrilmiş sosial .şəbəkələr ailələrin boşanmasına gətirib çıxarır?

-Mən bütün gənclərə səslənirəm,“facebook”-a, internetə az baxsınlar. Çoxlu kitab oxusunlar. Tarixi oxusunlar, konsert və teatrlara getsinlər. Belə gənclər bizə çox lazımdır.

-Digər həmkarınız Siyavuş Novruzov isə deyib: “Ailələrin dağılmasında mətbuatın xidmətləri var”. Siz bu barədə nə düşünürsünüz? Xatırlayıram ki, siz bir dəfə demişdiniz ki, mərhum  Astan müəllimi jurnalistlər öldürdü. Nə üçün jurnalistlər qınanılır?

-Jurnalistlərin işi çox çətin və məsuliyyətlidir. Söz çox güclüdür, xüsusən, yazılan söz. Söz insanı xoşbəxt də edə bilər, bədbəxt də. Çalışmaq lazımdır ki, birinci çox olsun. Arzu edirəm ki, yaxşıları “əla”, kafiləri “yaxşı” etsin. Mən jurnalistlərdən çox razıyam, mənim “əlaçı” olmağımda onların da rolu az olmayıb. Yadımdadır, 16 yaşımda yarışda qalib gəlməyim haqqında ilk məqalə yazılmışdı, sonra rinqdəki və elmdəki qələbələrim haqqında yazılan məqalələr ilə məni daha çox ruhlandırırdılar. Arzu edirəm, hörmətli jurnalistlərimiz gəncləri bu gün də, sabah da bacardıqları qədər ruhlandırsınlar. Ona görə də deyirəm ki, bizim qələbələrimizdə media nümayəndələrinin də payı var.

- Boş vaxtınız olur? Belə olan halda istirahətinizi necə dəyərləndirirsiniz?

- Boş vaxtım olanda rəsm əsərləri çəkirəm, rəsm çəkməyi çox sevirəm, bu, mənim hobbimdir.

Nihadə Eyyubova