Logo

Azərbaycanlı futbol hakimindən insanlıq nümunəsi - FOTO


Keçmiş futbol hakimi Ceyhun Haşımov bir çoxlarına nümunə olacaq addım atıb.

TopXeber.Az Ölkə.Az-a istinadla xəbər verir ki, ədalət təmsilçisi yaşadığı qəsəbədə kirayədə qalan aztəmainatlı ailənin yaşadığı mənzili təmir edib və onlara maddi yardım göstərib. Hətta referi bununla bağlı sosial şəbəkədəki dostlarına da çağırış edib:

"Dostlar, ailənin bu evə köçməsi üçün müəyyən təmir işlərinə başlamışam. İşıq, qaz həll olunub, su maşınla gətiriləcək. Qapının açarı yox idi, o həll olundu, televizor məsələsi həllini tapdı, ərzaq da var.  Sizdən xahiş edirəm, kimdəsə lazımsız, köhnə soyuducu varsa, xeyir iş görmək istəyirsə, buyursun.  Allah yaxşı insanlardan razı olsun. Kim köməklik etmək istəsə, müraciət etsin yönləndirim".

Əməkdaşımız sözügedən məsələylə bağlı Ceyhun Haşımovun özü ilə əlaqə saxlayıb. 


"Qadın və iki övladıdır, həyat yoldaşı bir neçə ay öncə dünyasını dəyişib. Qardaşım və həyat yoldaşımla bu ailəyə bacardığımızı edirik. Əslində, bizim etdiyimiz insanlıq borcudur.  Bəzi işlər görülüb, indi evin şüşələrini kəsib düzəldəcəyəm. Fotoları da sosial şəbəkədə çağırış etmək üçün yaymışam".

P.S. Söhbətin sonunda C.Haşımov əməkdaşımızdan "xahiş edirəm, bu barədə yazmayın" deyərək, israr etsə də, hesab edirik ki, bu kimi addımlar mütləq şəkildə işıqlandırılmalıdır. Ümid edirik ki, C.Haşımov onun xahişini nəzərə almamağımızı anlayışla qarşılayacaq.