Logo

Tanınmış telejurnalistin yeni İTV rəhbərliyilə bağlı MÜNASİBƏTİ


 “Balakişi Qasımovun İTV rəhbərliyinə gətirilməsi indiki solğun televiziya mühitimizdə müsbət hadisədir. “Çto, qde, koqda”, “Breyn rinq” və s. baxımlı layihələrin ekrana daşıyıcısı kimi tanınmış Balakişi Qasımov intellektualdır, işgüzardır, bacarıqlıdır”. 

TopXeber.Az xəbər verir ki, bunu tanınmış telejurnalist Qulu Məhərrəmli feysbuk ("Facebook") sosial şəbəkəsində İctimai Televiziyanın yeni rəhbəri Balakişi Qasımovun təyinatına münasibət bildirərkən deyib.

Qulu Məhərrəmli  Balakişi Qasımovun  İctimai Televiziyanı böhrandan çıxaracağına ümidli olduğunu da bildirib:

“Adətən, prodakşn studiyalarında belə ciddi layihələri reallaşdıran insanlar TV istehsalını və komanda işini yaxşı mənimsəyir, adamları yaxşı tanıyır, geniş əlaqələri olur, özlərini diqqətli menecer, rəhbər və gözəl prodüser kimi ifadə edə bilirlər. Balakişi  Qasımov bəlli sferada bu peşəkar keyfiyyətlərə yiyələnmiş şəxs kimi qəbul edilir. 
Biz də məhz bu gərəkli keyfiyyətlərinə görə onun İctimai Televiziyanı düçar olduğu mənəvi-əxlaqi və yaradıcılıq böhranından çıxara biləcəyinə ümid edirik. Təbii ki, oradakı ciddi problemlərin və çirklənmiş atmosferin yeni rəhbər üçün ciddi maneə olduğunu da nəzərə almalıyıq. Onu da nəzərə almalıyıq ki, Azərbaycan cəmiyyətinin irəliləyə bilməsi üçün savadlı, ləyaqətli və peşəkar adamların çalışdığı dürüst, maarifləndirici və plüralist TV-yə ehtiyacı vardır. Uğurlar arzulayırıq!”.

Qeyd edək ki, İctimai televiziyanın Balakişi Qasımovdan əvvəlki sədri Cəmil Quliyev olub.