Logo

ABŞ-da universiteti 3 ilə bitirən azərbaycanlı: "Amerikaya BMT-nin köməyi ilə siyasi mühacir kimi gəldim"


Cənubi azərbaycanlıların haqlarını müdafiə etdiyi üçün həbsə və təqibə məruz qalan gənc aktivist, Vaşinqton Universitetini 3 ilə bitirərək "fəxri tələbə" adını qazanan azərbaycanlı Ramin Cabbarlı Publika.az-ın qonağıdır.

- Xoş gördük, Ramin bəy. Özünüzü oxucularımıza təqdim edin, zəhmət olmasa.

- 1983-cü ildə Güney Azərbaycanda, Muğan bölgəsinin Parsabad şəhərində doğulmuşam. Elə orada Biznesin İdarə Edilməsi fakültəsində təhsil almışam. Cənubi azərbaycanlıların mədəni haqlarını müdafiə etdiyim üçün qısamüddətli həbslərə məruz qaldım. Təzyiqlərə məruz qaldığım üçün Türkiyəyə mühacirət etməli oldum. Aktivist fəaliyyətlərimdən dolayı şəxsiyyət vəsiqəm və diplomum daxil, bütün sənədlərimi əlimdən aldılar və mən qeyri-qanuni yollarla ölkədən getməli oldum. Üç il yarım Türkiyədə yaşadım. Aktivist fəaliyyətimi də davam etdirdim. Eyni zamanda, naşirlərlə tərcümə sahəsində əməkdaşlıq etdim. Türkiyədə evləndim və 2014-cü ilin sonlarında Amerikaya köçdüm. Bir müddət sonra burada təhsil almağa başladım.

- Valideynlərinizin hər ikisi Cənubi azərbaycanlıdır?

- Bəli. Hazırda da orada yaşayırlar.

- Amerikaya köçəndən sonra təhsil almaq qərarına gəldiniz, yoxsa təhsil üçün oraya üz tutmuşduz?

- Amerikaya BMT-nin köməyi ilə siyasi mühacir kimi gəldim. Gəldikdən 2-3 ay sonra təhsil almağa qərar verdim.

- Türkiyədə də mühacir həyatı yaşamısınız. Həmin günləri necə xatırlayırsınız?

- Türkiyədə siyasi mühacir olmaq asan deyil. Hər hansı işdə işləmək icazəsi yoxdur. Hərəkətlilik məhdudiyyəti mövcuddur. Yəni təkcə bir şəhərdə yaşamaq məcburiyyəti var. Həftənin bəlli günlərində polis idarəsinə gedib imza çəkmək lazımdır. Mən isə qaçaq yolla getmişdim. Çünki sənədlərim İran hökumətinin əlində idi.

- Sizi həbs edərkən nədə günahlandırırdılar?

- İran dövlətinə qarşı təxribat xarakterli fəaliyyətlərdə. Mənim fəaliyyətlərimdən biri isə sadəcə Cənubi Azərbaycanda Azərbaycan dilini tədris etmək idi. Dərnəklərdə, hətta evlərdə uşaqlar və böyüklər üçün Azərbaycan dili dərsləri təşkil edirdim. Görünür, bu, onları daha çox narahat edirdi. Eyni zamanda, Tehran Universitetində “Laçın” dərgisi nəşr olunurdu. Dərgidə Azərbaycan dili və ədəbiyyatından bəhs edən məqalələr yer alırdı. Cənubi Azərbaycan yazarları ilə yanaşı, Şimali Azərbaycan yazarlarının əsərlərinə yer verilirdi. Mən isə onun baş redaktoru idim.

Bundan başqa, məqalələr və siyasi məhbuslarla bağlı xəbərlərin yayılması ilə məşğul olurdum. Çünki onlar da mənim kimi Azərbaycan dilinin qorunması və mədəni haqlarımız üçün çalışıb sonradan həbs olunan insanlar idi.

Yəni fəaliyyətim İranda azərbaycanlılara qarşı həyata keçirilən farslaşdırma siyasətinin qarşısını almaq və Azərbaycan mədəniyyətini qoruyub saxlamaq idi. İran isə fars mədəniyyətini orijinal mədəniyyət hesab edir və başqa mədəniyyətləri yox etmək siyasəti güdür. Ona görə də mənim fəaliyyətimi hökumətə təhdid hesab edir.

- Amerikada nə kimi çətinlikləriniz var?

- Tək çətinlik dərslərlə bağlıdır. Universitet sistemi elə qurulub ki, demək olar ki, bütün zamanım dərs oxumaqla keçir. Oxumaq mütəmadi olaraq davam etməlidir. Amerikadakı təhsil bizimkilərdən çox fərqlənir. Professorların tələbələrdən xüsusi tələbləri də olur. İrandakı diplomumu hökumətdən geri ala bilmədim. Ona görə qərara aldım ki, burda yenidən ali təhsil alım. Yenidən bakalavr təhsili aldım. Ancaq mən bir az sürətli oxudum. Təxminən, üç ilə bitirdim. Burada ali təhsil semestrlərə deyil, fəsillərə bölünür. 12 kredit götürənlər tam tələbə sayılır. Mən 20 kredit götürdüm. Yay mövsümlərində də oxudum və bu il fəxri tələbə kimi universiteti bitirdim. Eyni zamanda, doktorantura üçün müraciət etdim. Gələn mövsümdən etibarən Vaşinqton Universitetinin doktorantura pilləsində sosiologiya üzrə təhsil alacam. Paralel olaraq, həmin universitetdə işləyəcəm.

- Niyə məhz Sosiologiya fakültəsi?

- Mənim əsas həyat hədəflərim üçün ən səmərəli bölmə sosiologiya idi. Çünki mən həyatım boyunca Cənubi azərbaycanlıların mədəni, sosial həyatında dəyişiklik etməyi hədəfləmişəm. Cəmiyyətin mexanizminin necə işləməsini anlamaq üçün sosiologiya mənə xüsusi bilgilər verir. Mən ali təhsilə sadəcə akademik yöndən üstünlük vermirəm. Ali təhsili məqsədlərimə doğru getmək üçün bir vasitə hesab edirəm. Gələcəkdə də aktivist akademik kimi fəaliyyət göstərməyi düşünürəm.

- Cənubi Azərbaycanda soydaşlarımızın nə kimi problemləri var və siz hansılara işıq tutmağa çalışırsınız?

- Bu suala görə xüsusi təşəkkür edirəm. Cənubi Azərbaycanda insanlar təkcə milli mənsubiyyətinə görə deyil, bir çox şeyə görə ayrı-seçkiliyə məruz qalırlar. Təkcə türklər deyil, fars olmayan digər etniklər də eyni taleyi yaşayırlar. Şimali Azərbaycanda bu məsələ çox zaman belə səslənir: Azərbaycan iki yerə bölünüb, bu hissələr birləşməlidir. Məsələ də bununla yekunlaşır. Bu fikir doğru olsa da, belə yanaşma məsələni olduqca sadələşdirir və hətta bu, bəziləri üçün lüks səslənir. Buna görə də onlar cənubdakı hərəkatla maraqlanmağı önəmli hesab etməyə bilərlər. Bəlkə də buna görə Şimali Azərbaycanda ziyalıların, aydın insanların və sosial aktivistlərin cənuba dair diqqətini cəlb etməyən bir çox problem var.

İlk olaraq, insan haqları məsələsi var. Cənubi Azərbaycanda insanlar dünyada yekdilliklə qəbul edilən insan haqlarından məhrumdurlar. Buna ana dilində təhsil almaq məsələsi başçılıq edir. Cənubi Azərbaycanda ana dilində təhsil almaq məsələsi bəzən siyasi oyunların da qurbanı olur. Hətta “ana dilində təhsil almağa şərait yaradacağam” vədini verənlər belə siyasi oyunlar qurmağa çalışırlar. Məsələn, İran prezidentinin Türk Dil Qurumu yaratmaq kimi vədləri ritorika oyunundan başqa bir şey deyildi. Bu oyun da azərbaycanlı aktivistlərin ana dili təhsili kimi tələblərinin siyasi yükünü azaltmaq və fəaliyyətlərinin qarşısını almaq üçün idi. Təəssüf ki, bəlli dərəcədə buna nail də oldular.

Digər məsələ mədəni haqlardır. Buraya daxildir Azərbaycan rəqsləri, musiqiləri, ədəbiyyatı və s. İran rejimi dövlət büdcəsini yalnız fars mədəniyyətinin inkişafına xərcləyir. İranın keçmiş xarici işlər nazirinin dediyinə görə, Cənubi Azərbaycanda cəmiyyətin 40 faizi türkcə danışır. Bir sıra sosioloqların, o cümlədən, Kanadanın York Universitetinin Cənubi azərbaycanlı professoru Əlirza Əsgərzadənin fikrinə görə isə, İranda heç bir etnik cəmiyyətin 50 faizindən çoxunu təşkil etmir. Əslində, İran azlıqların çoxluqda olduğu bir ölkədir.

İrqçilik və məcburi assimilyasiya siyasətləri İranda Pəhləvilər dövründə baş qaldırdı. Onlar tək bir xalqın mədəni irsi əsasında millət formalaşdırmağa çalışdılar. Buna görə İranda bütün etnik qruplar ayrı-seçkiliyə məruz qalıb.

Cənubi azərbaycanlıların daha bir problemi isə iqtisadi cəhətdəndir. İranda Azərbaycan şəhərləri üst-üstə ötən onillərdə ən çox mühacir göndərən bölgələr olub. Bu da iqtisadi investisiyaların yatırılmaması səbəbindən baş verir. İran hökuməti büdcəni paylaşanda, əsasən, fars bölgələrinə - İsfahana, Kirmana ayırır. Həmin bölgələrdə iş mühiti yaxşılaşır və azərbaycanlılar da məcbur olur fars bölgələrinə köçməyə. Bu iqtisadi ayrı-seçkilik, eyni zamanda, mədəni ayrı-seçkiliyə də ciddi təsir edir.

Bundan başqa, siyasi ayrı-seçkiliyə də məruz qalmışıq. Belə ki, azərbaycanlılar hər hansı siyasi partiya, qurum yarada bilməz, dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərə bilməz. Buna qarşı çıxarsa, ciddi təzyiqlər və uzunmüddətli həbslərlə qarşı-qarşıya qalır.

Bütün bunlar kifayət etməzmiş kimi, ətraf mühit problemləri da yaranıb. Urmiya gölü getdikcə quruyur və dövlətin bu prosesə faydalı bir müdaxiləsi yoxdur. Gölün tamamilə qurumasına çox az qalıb. Quruma isə sadəcə quraqlıq nəticəsində baş vermir. Urmiyaya yaxın Van gölü də var. Quraqlığa qalsa, o da quruyardı. Gölün indiki vəziyyəti sırf dövlətin yeritdiyi siyasətin nəticəsidir. Bu açıq şəkildə ortadadır. Urmiya gölünün tam quruması Cənubi Azərbaycan şəhərləri üçün fəlakət deməkdir. Çünki göl duzludur. Suyun tam quruması ilə duzlar külək, qasırğa vasitəsilə ətraf ərazilərə yayılar və təsərrüfat torpaqlarını şoranlaşdırar və istifadəsiz hala gətirər. Hətta qonşu ölkələrin torpağına da yayıla bilər. Bu da bölgə sakinlərinin kütləvi köçünü qaçılmaz edəcək. Məsələ bununla da bitmir. Çünki duzun yayılması birbaşa insanların səhhətinə də təsir göstərir. Dövlət isə hər hansı faydalı bir iş görmür. İran hökuməti Urmiya ilə bağlı işlər gördüyünü bildirsə də, son göstəricilər Urmiya gölünün suyunun keçən illə müqayisədə azaldığını ortaya qoyub.

Şübhəsiz, biz paraçalanmış millətik. Bununla belə düşünürəm, indiki halda insanların həyatına birbaşa təsir edən bu problemlərin daha çox səslənilməsi bir çox insanı Cənubla maraqlandıra bilər. Cənubi Azərbaycanın Şimali Azərbaycandan hələ ki, tək gözləntisi onun problemlərinin dünya miqyasında müzakirəyə çıxarılması, tanıdılması və həll yolunun tapılmasına yardımçı olmaqdır.

- Dediklərinizdən belə çıxır, sanki İran Cənubi Azərbaycanı vəhşi təbiətin qoynuna atıb ki, ya bizim kimi fars mədəniyyətli olacaqsınız, ya da düzlükdə məhv olub gedəcəksiniz...

- Düşünürəm, Cənubi Azərbaycanda iqtisadi problemlər etniklərə qarşı tətbiq edilən irqi və mədəni ayrı-seçkiliyin nəticəsi olaraq ortaya çıxıb. Ancaq haqlısınız, İran iqtisadi problemlərdən azərbaycanlıları farslaşdırmaq, insanları öz kimliyinə yadlaşdırmaq üçün istifadə edir. Ümumiyyətlə, bu ayrı-seçkiliklərin hamısı paket şəklində həyata keçirilir. Bir sahə digəri ilə əlaqələndirilir. Buna bariz nümunə olaraq mətbuatda azərbaycanlıların təhqir edilməsi hadisələrini göstərə bilərik. Həmçinin kino sahəsində. Təsəvvür edin, iqtisadi və mədəni ayrı-seçkiliyə məruz qalan Azərbaycan insanları ana dilindən məhrum ediliblər. Və azərbaycanlı uşaqlar yeddi yaşında məktəbin ilk günündən öz dilində oxuyub, yazmaq yerinə, tamam başqa bir dili öyrənməli, o dildə danışmalıdır. O, fars dilini tam fars ləhcəsində danışa bilməzsə, təhqir edilir. Psixoloji olaraq insanlar hər zaman başqası onların ləhcəsi haqqında “görəsən nə düşünür” kimi suallarla ömür boyu baş-başa qalırlar. Ləhcəsi üçün təhqir olunmasın deyə, çox zaman susmağa üstünlük verirlər, hətta ayrı-seçkliyə məruz qalanda belə bu ləhcə qayğısı insanın yaxasından əl çəkmir. Yəni irqçilik həm də ayrı-seçkilik qarşısında insanların susması üçün lazım olan sistemi yaradır.

- Cənubi Azərbaycan iki yüz ildir ki, şimaldan ayrılıb. Və bu müddət ərzində kifayət qədər təzyiqə məruz qalıb. Azərbaycan dilinə, hətta məişətdə belə qadağa qoyulub. Ancaq buna rəğmən, cənublular öz dillərini qorumağa davam edirlər. Bəs bu necə baş verir? Yəni Azərbaycan dili iki yüz ildir nəsildən-nəslə necə ötürülür?

- Doğrudur. Azərbaycan Rusiya ilə Qacarlar arasında bölüşdürülüb. Ancaq əsasən, Sovet İttifaqı şimalı işğalı altına aldıqdan sonra şimalla cənub arasında olan əlaqələr kəsilib. Məsələn, o zaman bizim də Şimali Azərbaycanda qohumlarımız olub və onların heç biri ilə əlaqə saxlamaq mümkün olmayıb. Ancaq o zamana qədər şimalla cənub arasında əlaqələr mövcud olub. Cənubda isə azərbaycanlılara qarşı sistemli ayrı-seçkilik Pəhləvilərin İranda hakimiyyətə gəlişi ilə başlayır. Qacarlar türk idilər və ona görə azərbaycanlılara qarşı ayrı-seçkilik olmayıb. Heç farslara qarşı da olmayıb. Sizi inandırım ki, farslar nəinki öz mədəniyyətlərini yaşayırdılar, bizimkilər farsların mədəniyyətinə onların özlərindən çox töhfə verirdilər.

- Belə başa düşdüm ki, Cənubi Azərbaycanda Azərbaycan dili məhz sizin kimi aktivistlərin zaman-zaman gizli fəaliyyətləri nəticəsində bu günə qədər ölməyib...

- Pəhləvilərin hakimiyyətindən öncə İranda türkdilli nəşriyyat olub. Lakin onlar irqçi siyasəti nəticəsində bizim dilə çox kəskin qadağalar tətbiq ediblər. Bu qadağa barədə Kanada PEN yazarlar Klubunun prezidenti olan Rza Bərahənin də xatirələri var. Danışırdı ki, müəllimi Azərbaycan dilində yazdığı divar qəzetini yerə atıb, onu türk dilində yazdığı üçün yalamağa məcbur edib. Belə faktlar çoxdur. Onlar azərbaycanlı Rza Bərahəniləri bu və digər yollarla fars ədəbiyyatçısı etdilər.

Cənubda mədəniyyətin qorunmasında bir çox faktorların rolu olub. O cümlədən Şimali Azərbaycan mediaları, sənət və ədəbiyyat əsərləri hər zaman cənubluların qaynaqları olublar. Dövlətin siyasətinə qarşı olan Azərbaycan Milli Hərəkatı və aktivistlərin rolu da danılmazdır. Onu da qeyd edim ki, Cənubi Azərbaycan bütün qadağalara baxmayaraq, fürsət tapan kimi siyasi haqları uğrunda mübarizə aparmağa çalışıb. 20-ci əsrdə buna Xiyabani, Pişəvəri hərəkatlarını nümunə göstərmək olar. Yəqin yeni siyasi fürsətlər yarananda bizim siyasi müqəddəratımız üçün istəyimiz də öndə olacaq.

- Bir ifadə işlətdiniz: “İran azlıqların çoxluqda olduğu bir ölkədir”. Belə çıxır ki, İran rejimi cənubi azərbaycanlıların say çoxluğundan istifadə edir?

- Başqa ölkələrdə dominant qrupla bərabər haqlara malik olmayanlar sayca da azlıqda olurlar. Ona görə azlıq iki anlamda da işlənir. Biri saya işarə edir. Biri isə dominant qrup olmamağa. İran və Efiopiya kimi ölkələr bu məsələdə istisnadır. Amerikada 2059-ci ilə qədər dominant ağdərililər əlli faizin altına düşəcəklər. Haqlılıq riyaziyyat məsələsi deyil. İdeal ədalətli cəmiyyətdə bircə insanın da haqqı pozulmamalıdır. Bununla belə siyasi baxımdan sayın çox olması siyasi gücün çox olmasını da ardınca gətirə bilər. Onun üçün də azərbaycanlılar üçün önəmli faktordur. İran hakimiyyətində ədalətli və demokratik cəmiyyət anlayışı yoxdur. Bu şəraiti dəyişmək üçün cəmiyyətin sayı önəmli avantajdır.

- Qadınlara qarşı xüsusi təzyiq varmı?

- Əlbəttə, var. İranda azərbaycanlı qadınlar təkcə gender məsələsi üçün deyil, həm də mədəni baxımdan sıxışdırılırlar. Onlar da bütün İran qadınları kimi qadın olduqları üçün bir sıra təzyiqlərə məruz qalırlar. İstər məhkəmə sistemi, istər ənənə, istərsə də hicab bağlamaq kimi problemlərlə qarşı-qarşıyadırlar. Təkcə bununla bitmir. Gerçəklik budur ki, İranda qadınlar təkcə milli mənsubiyyətinə görə deyil, mədəni baxımdan da sıxışdırılır. İranda bütün bölgələrin qadınları eyni dərəcədə haqsızlığa məruz qalmırlar. Onların arasında fərqliliklər var. Məsələn, bir azərbaycanlı qadın Azərbaycan bölgəsində yaşadığı üçün həm də iqtisadi, mədəni təzyiqə məruz qalır. Və buna görə mühacirət etmək məcburiyyətində olur. Ancaq İsfahanda yaşayan fars bir qadın üçün belə bir ehtimal çox aşağıdır. Yəni burada qadınlar həm gender bərabərliyi, həm milli mənsubiyyət, həm iqtisadi, həm problemli ənənələr, həm də dini problemlərlə eyni vaxtda mübarizə aparmaq məcburiyyətindədir.

- Bəs cənubi azərbaycanlılarla farsların məişət zəmnində hansı münasibətləri var? Məsələn, bir fars ailəsi azərbaycanlı ailəsi ilə qohum ola bilərmi?

- Sosiologiyada "seqreqasiya" deyə bir termin var. Seqreqasiya dominant və əzilmiş qrupu bir-birindən ayırmağı hədəfləyir. Məsələn, Amerikada bir ağdərili bir qaradərili ilə ailə qura bilməzdi. Qursa belə, onun dünyaya gətirdiyi övlad qaradərili hesab olunardı. Hətta uşaq ağdərili olsaydı da. Onlar üçün “bir damla qan” qaydası var. İranda isə assimilyasiya siyasətidir. Yəni, nə yolla olur-olsun, sən fars mədəniyyətinə uyğunlaşmalısan. İranda deyilmir ki, sən mənimlə evlənmə, deyir ki, sən mənim kimi ol. Beləliklə, farslar azərbaycanlılarla evlənə bilər. Ancaq onların övladları mütləq şəkildə farsca danışmalı, fars mədəniyyəti ilə böyüməlidir.

İndi bizimkilər köçür Tehrana. Onlardan soruşsan ki, haralısan. Deyəcək ki, anam-atam azərbaycanlıdır, özüm tehranlıyam. Lakin “tehranlı” hər hansı etnik kimliyi ifadə etmir. Əslində, “tehranlı” öz etnik kimliyinə yadlaşmağın bir başlanışı və sonrakı nəsillərdə hakim etnik tərəfə keçməyin göstəricisidir.

- Yaşadığınız mühitdə milli və ya dini mənsubiyyətinizlə bağlı hər hansı problemlə qarşılaşırsınızmı?

- ABŞ-da müsəlmanlara qarşı xüsusi münasibət bəslənilir. Ancaq bu bizim gördüyümüz və ya təsəvvür etdiyimiz qədər sərt deyil. Mən daha çox akademik mühitdə olduğum və xüsusilə sosial elmlərlə məşğul olan fakültədə oxuduğum üçün belə hallarla qarşılaşmamışam. Burada əksinə, hər kəs insanların pozulmuş haqları, sosial problemlərini araşdırır, onlarla mübarizə aparırlar. Mənim professorlarımın çoxu ağdərilidir. Ancaq bütün həyatlarını qaradərililərin pozulmuş haqları uğrunda mübarizəyə həsr ediblər.

ABŞ-da bizdən fərqli olaraq, bu ayrı-seçkilik hüquqi müstəvidə deyil. Məsələn, ötən il İranda müəllimlərin işə qəbulu imtahanı keçirilib. İmtahanda tələb olunan şərtlərdən biri də bəlli bir hərflərin doğru tələffüz edilməsi olub. Cənubi azərbaycanlılar “q” səsini farslardan fərqli tələffüz edirlər. Farscada “q” səsi işlənilən sözlər digər dillərdən və türk dilindən keçib. Ancaq farslar bu sözləri xüsusi şəkildə tələffüz edirlər və başqalarından da özləri kimi tələffüz etməyi istəyirlər. Sırf bu səsi fərqli tələffüz etdiklərinə görə fars olmayanlar ayrı-seçkiliyə məruz qalmışdılar. Halbuki həmin səslərin işlənildiyi sözlərin çoxu məhz türkcə və ya ərəbcədən farscaya keçib. Bu hadisə İranda sonradan böyük mübahisələrə səbəb oldu.

- Vaşinqton Universiteti Amerika – Azərbaycan Mədəniyyət Birliyinin prezidentisiniz. Bu birliyin prioritet istiqamətləri nədən ibarətdir?

- Birliyimiz bir müddət öncə universitetdə rəsmi qeydiyyatdan keçdi. İlk tədbirimiz Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi ilə bağlı oldu. Məqsədimiz həm Azərbaycanı tanıtmaq, həm də hər iki Azərbaycanın problemlərini istər akademik mühitdə, istərsə öz soydaşlarımızla birgə müzakirəyə çıxarmaqdır. Ştatda Azərbaycanla bağlı hər hansı dərnək və ya birlik yoxdur. Ona görə də düşündük ki, azərbaycanlıların bir araya gətirilməsi üçün də belə bir layihə təşkil edək.

- Amerika Cənubi Azərbaycan problemi ilə tanışdırmı?

- Nəinki problemi, heç özünü də tanımırlar. Ancaq akademiklər tanıyırlar. Bir sıra yazarlarımızı bəzən tanıyan olur. Məsələn, yazıçı Səməd Behrənginin “Balaca qara balıq” əsərini tanıyan bir neçə professorla rastlaşmışam. Universitetdəki ilk dərslərimdən birində müəllim mənim cənubi azərbaycanlı olduğumu öyrənəndə sual verdi ki, Səməd Behrəngini tanıyırsanmı. Əlbəttə ki, tanıyırdım. Sonra bildirdi ki, dərs zamanı həmin əsəri tərcümə kursunda tədris edib dəfələrlə. Mənə çox maraqlı gəldi ki, amerikalı professor Səməd Behrəngini tanıyır. Sonra onunla dost olduq. Hələ də münasibətlərimiz davam edir. Bundan başqa, Cənubi Azərbaycan haqqında yazılan müxtəlif tipli əsərlər, məqalələr də var ki, onlardan buradakı professorlar istifadə edirlər. Məsələn, cənublu sosioloq Əlirza Əsgərzadənin əsərlərini misal çəkmək olar. Ancaq bu günə qədərki faliyyətlər kifayət etmir. İranda milyonlarla insan haqsızlığa uğrayır və bu problem hələ də öz siyasi həllini tapmır.

- Hazırda hansı ölkənin vətəndaşısınız?

- ABŞ-da “Yaşıl kart”la yaşayıram. Ancaq rəsmi olaraq İranın “şəxsiyyət vəsiqə”siz vətəndaşıyam. Sənədlərim İran hökumətinin əlindədir. Məmnuniyyətlə, İran vətəndaşlığından imtina edərdim, ancaq təəssüf ki, mümkün deyil. Təxminən, il yarımdan sonra ABŞ vətəndaşlığı üçün müraciət edəcəyəm. Bir gün isə Azərbaycan vətəndaşı olmaq ümidi ilə yaşayıram...

- Gələcəkdə Azərbaycana köçməyi düşünürsünüz?

- Təbii ki, nə zaman şərait olacaqsa, onda köçəcəm. Mən elə bunun üçün mübarizə aparıram. Biz Azərbaycan üçün varıq.

- Ramin bəy, bir gün azad Azərbaycanda görüşmək ümidi ilə... Sizə çox təşəkkür edirəm.

- Mən təşəkkür edirəm Cənubi Azərbaycanla, bizimlə maraqlandığınız üçün.