Logo

Ata güllələnir, arvad atıb qaçır, özü isə sıfırdan ... – Milyarder Fərhad Əhmədov kimdir?


 TopXeber.Az xəbər verir ki, Azxeber.com Azər Niftiyevin təqdimatında "Bizim elçi” rubrikasını davam etdirir. Hər həftənin bazar ertəsi yayımlanacaq rubrikada oxucular xaricdə yaşayan, Azərbaycanı təmsil edən, öz fəaliyyəti ilə adını "məşhurlar” siyahısına yazan soydaşlarımızdan və onların keçdiyi həyat yolundan xəbər tutacaqlar.

Bu dəfə adı "Forbes”in milyarderlər siyahısında keçən azərbaycanlı biznesmen Fərhad Əhmədovdan və onun keçdiyi həyat yolundan bəhs edəcəyik. O Fərhad Əhmədovdan ki, Bakını tərk edib Rusiyaya gedəndə cibində cəmi 48 rubl pulu var idi, hazırda isə Rusiyanın ən zəngin adamlarından biridir.

Fərhad Əhmədov kimdir?

Rusiyanın ən varlı iş adamları siyahısında yer alan və başı qalmaqallardan ayılmayan Fərhad Teymur oğlu Əhmədov "qız” zodiak işarəsinin təsir dairəsindədir və 15 sentyabr 1955-ci ildə anadan olub.

Astroloqlar iddia edir ki, "qızlar” ağıllı olsalar da, yalanla həqiqət arasında olan "sərhədləri” tam ayırd edə bilmirlər. Müqayisəli təhlillər aparmağı sevən "qızlar” hər hansı yeni işə başlayanda ölçülü-biçili addımlar atırlar. Tələskən deyillər, lakin son dərəcə xırdaçıdırlar.

Fərhad Əhmədovun həyatına nəzər saldıqda aydın görmək olur ki, o bu bürcün tipik xüsusiyyətlərini özündə cəmləşdirir. Digər uğur qazanmış biznesmenlər kimi, onun da "zənginliyə gedən yolu” rahat və asan olmayıb. 
 

Atasına güllələnmə hokmü çıxarılır…

Fərhad Əhmədovun atası Teymur Əhmədov uzun müddət yüksək dövlət vəzifələrində çalışıb. Sonuncu iş yeri Göyçay rayon konservləşdirilmiş tomat və alma şirələri istehsalı zavodunun direktoru vəzifəsi olub.  Karyerasının pik həddində milyarderin atası iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilir. Məhkəmə əmlakı müsadirə olunmaqla onu güllələnməyə məhkum edir və hökm icra edilir.

Fərhad Əhmədovun böyük qardaşlarından biri partiyadan, digəri isə institutdan qovulur. Atasını itirən Fərhad Əhmədov məktəbi ataraq Moskvaya yola düşür. Burada 85№-li texnikumda qaynaqçı-montajçı ixtisasına yiyələnir. Texnikumu bitirdikdən sonra Fərhad Əhmədov 1975-ci ildən 1977-ci ilə qədər sovet ordusu sıralarında hərbi xidmət keçir. Mülki həyata döndükdən sonra 1977-ci ildə o, Skryabin adına Baytarlıq Akademiyasına daxil olur. Burada əmtəə və əmtəəşünaslıq ixtisası üzrə təhsil alır.

Dəri biznesinə girişir və bununla…

Deyilənə görə, Fərhad Əhmədov dəri biznesinin incəliklərindən xəbərdar olan, bu sahədə yetişmiş bir ticarətçidir. O akademiyada oxuduğu dönəmlərdə bu sahənin bütün sirlərinə yiyələnir və Moskvadakı Xarici Ticarət Nazirliyindən asılı olan şirkətlərlə əlaqəyə girir. Moskvadan Avropa ölkələrinə dəri ixracı ilə məşğul olmağa başlayır. 1986-cı ildə bu sahədəki təcrübəsini artırmaq üçün Fərhad Əhmədov Londona gedir. 

İngiltərədə yaşadığı ilk 2 il müddətində aktiv şəkildə xəz alveri ilə məşğul olub. Lakin çox keçmədən o, "ağ qızıldan” "qara qızıla” keçid edir. "Tansley Trading Limited” adlı şirkətdə işə düzəlir. Məlumat üçün qeyd edək ki, bu şirkət vasitəsiylə SSRİ neft məhsullarının ixracı həyata keçirilirdi. Ümumiyyətlə, "Tansley Trading” şirkəti SSRİ hökuməti ilə Avropanın iri neft şirkətləri arasında vasitəçi rolunu oynayırdı. 
 

Milyardlara aparan yol və nəticə…

Fərhad Əhmədov 1989-cu ildə həm də Azərbaycan Beynəlxalq Neft Konsorsiumunun yaradıcılarından biri olur. Bu layihəyə o, "Amoco Euroasia” və "McDermott” şirkətlərini cəlb edir. "Nortqaz”ın səhmlərinə sahib olmaq ideyası Fərhad Əhmədovun ən uğurlu biznes sövdələşməsi kimi tarixə düşür. Məhz "Nortqaz” kifayət qədər zəngin olan azərbaycanlını milyarderə çevirir və uzun müddət Rusiya neft bazarında "Qazprom”un "monopoliyası”na qarşı dayanır.

Hətta 1999-cu ildə rus hökuməti "Nortqaz”ın lisenziyasını geri götürmək məsələsini qaldırır. Əslində bu vəziyyət "Qazprom”un yataqların istismarına investisiya qoymaması və kreditlərə zəmanət durmaması səbəbindən baş verir. Məhz həmin vaxt Əhmədov öz vəsaiti hesabına "Nortqaz”ı dirçəltmək qərarına gəlir və buna nail olur.

Özünü "tənha canavar” adlandırır VƏ…

Fərhad Əhmədov rus mətbuatına açıqlamasında özünü "tənha canavar” adlandırır. Gənc yaşlarında məmur atasının məhkəmə qərarı ilə güllələnməsi, arvadının oğlunun dostuna qoşulub qaçması (bu barədə bir qədər sonra), "Qazprom”la problemlər və bütün bunların fonunda "uğur hekayəsi” göstərir ki, o doğrudan da "canavardır”, lakin tənhadır.

Müxtəlif dönəmlərdə onun siyasi fəaliyyətlə məşğul olduğuna dair iddialar ortaya çıxsa da, o qəti şəkildə bunu təkzib edir: "Düzdür, mən 5 il Rusiyada senator olmuşam. Lakin siyasətlə məşğul olmuram. Olsaydım, çoxdan partiya yaratmışdım. Mənimki iqtisadiyyatdı, biznesdi”.
 

Arvadı oğlunun dostuna qoşulub qaçır…

Fərhad Əhmədovun arvad baxımdan da bəxti gətirməyib. Nə qədər qəribə olsa da, həyat yoldaşı onu qoyub qaçır və ardınca varidatının çoxuna sahib olmaq istəyir. Britaniya məhkəməsinin qərarına əsasən, azərbaycanlı oliqarx keçmiş həyat yoldaşına təxminən 600 milyon dollar təzminat ödəməlidir. Rusiyada boşanma prosesi Tatyana Əhmədovanın xəyanəti etiraf etməsindən sonra baş tutub. Tatyana bildirib ki, dəfələrlə gənc oğlanlarla ərinə xəyanət edib. Hətta qadın oğlu evdə olduğu zaman əri ilə yatdığı yorğan-döşəkdə öz məşuqları ilə münasibətdə olub.

Bax, bu da bir "uğur hekayəsi”nin sonu… Ümumiyyətlə atanın məhkəmə qərarı ilə güllələnməsindən sonra milyardlar qazanmaq, onu ailənə xərcləyib, sonda arvadının sənə xəyanət etməsi, ardınca pullarına sahib çıxmaq istəməsi uğur, yoxsa fəlakətdir, bax buna cavab vermək çətindir.