Logo

Tanınmışların “Son zəng” XATİRƏLƏRİ: “Sinif yoldaşımızın anası aldığımız meyvədən özlərinə kompot bişirmişdi”


Hər kəsin həyatında unuda bilmədiyi günlər olur. Doğum günü, toy günü, digər özəl günlər... Bu günlər siyahısına “Son zəng” tarixini də əlavə etmək olar. Azərbaycanda  “Son zəng” müxtəlif dövrlərdə fərqli tarixlərə təsadüf edib.

Bu il “Son zəng” mərasimi 14 iyunda qeyd edilir.

Modern.az saytı “Son zəng”lə bağlı tanınmış şəxslərlə həmsöhbət olub, onların xatirələrini öyrənib.

“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı:

“Mənim “Son zəng”im – xeyli əvvəl - 1996-cı ildə Ucar rayonunun Lək kəndindəki 1 saylı tam orta məktəbdə olub. İndi həmin məktəb şəhid Rafiq Abbasovun adınadır. Yadımdadır ki, orda “Son zəng”lə bağlı çıxış etdim və  şeir söylədim. Özümlə bərabər bütün müəllimləri də ağlatdım. Hətta bildiyimə görə, məndən çox sonralar da həmin anı həmişə xatırlayıblar. Daha sonra həm rus dili müəlliməmiz, həm də sinif rəhbərimiz Rəna müəllimənin  evində toplaşdıq. Məktəbimizin direktoru, digər müəllimlərimizlə birlikdə “Son zəng”imizi orda qeyd etdik. Ora valideynlərimin getməyə icazə verdiyi çox az tədbirlərdən biri idi. Ümumiyyətlə, orta məktəb mənim yadımda yaxşı xatirələrlə qalıb. Çünki məktəbdə fərqlənən və sevilən şagird olmuşam.
“Son zəng” gənclərin də qiymətləndirməli olduğu tarixlərdən biridir, insan həyatı üçün önəmlidir. İnsanın bütün həyatına yoldaş olacaq peşə seçimi qarşısında olursan. Orta məktəbdə oxuyarkən adətən valideynlər sənin haqqında qərar verir və bütün təminat onlar tərəfindən olur. “Son zəng” buna bir yekun günüdür. Bundan sonra artıq özünlə bağlı qərarları sən verirsən. Peşə, universitet, yaşam tərzi, ailə həyatı, iş seçimi – hər şey insanın özündən başlayır. “Son zəng” həyatın bir mərhələsinin yekunlaşmasıdır. Hesab edirəm ki, həmin günü yaxşı yaşamaq və qeyd etmək lazımdır. Və “Son zəng”i olan bütün yeniyetmələrə uğurlar arzulayıram”.

Milli Məclisin deputatı Tahir Kərimli:

“Təbii, “Son zəng” çox həyəcanlı gündür. Hətta üstündən uzun müddət keçməsinə baxmayaraq, yada düşəndə də həyəcan adamı bürüyür. Böyük, doğma kollektivdən ayrılırsan. O məktəbin hətta divarları belə, sənə doğma olur.  
Biz insanlar arasında inamın, sevginin, səmimiyyətin olduğu zamanlarda oxumuşuq. İndiki kimi mənfi təsirlər o qədər də yüksək deyildi. Hazırda insanlar əlahiddə olmağa çalışırlar. Kompüter və ya internet qarşısında oturub öz həyatlarını keçirirlər. Lakin keçmişdə insanlar bir-birilə dərdlərini bölüşərdilər, dinləyərdilər, bir-birindən qüvvə alardılar. O cümlədən məktəb yoldaşları arasında da bu cür münasibətlər  müşahidə edilirdi. 
Xatırlayıram ki, bizim də bir-birimizə çox böyük hörmətimiz var idi. Sanki hamı bacı-qardaş, valideyn idi. Mənim “Son zəng” günüm də yaddaşımda gözəl xatirələrlə qalıb. 
Baxmayaraq ki, 1250 nəfərlik şagird komitəsinin sədri, riyaziyyat təmayüllü sinfin sinifkomuydum, amma hədsiz utancaq idim. O zaman təcrübə keçirirdik. Stəkanda suyun üzərində iynəni üzdürürük. Yanımda bir qız oturmuşdu, utandığımdan suyu içəndə iynə ağzıma getdi (gülür).  Yəni məktəb illərindən bu xatirə yadımdadır. Açığı, indi də çox duyğulanıram. Arzulayıram ki, insanlar bir-birilə daha çox ünsiyyətdə olsunlar, dostluq etsinlər, əvvəlki kimi mehriban mühit olsun. Qeyd edim ki, mənim “Son zəng”im 1973-cü ildə Ağsu şəhəri 1 nömrəli orta məktəbdə olub”.

Azərbaycan Aşıqlar Birliyinin sədri  Məhərrəm Qasımlı:

“Vallah, “Son zəng”im heç yadıma gəlmir. Həmin günün üstündən çox böyük zaman keçib. Mən 1975-ci ildə məktəbi qutarmışam. Təsəvvür edin, üstündən 43 il keçir. Amma “Son zəng”im Tovuzda, öz doğma kəndimizdə olub. Düzdür, tam xatırlaya bilməsəm də, deyə bilərəm ki, sovet dönəmindəki “Son zəng”lər indiki kimi deyildi. Yəni biz gurultulu “Son zəng” keçirmirdik. Uşaqlar may könəkləri geyib güllə-çiçəklə məktəbə gəlib, bir-birini təbrik edərdilər, şeir deyərdilər. 10-cu sinif uşaqlarından biri zəngi çalardı və məktəb bitmiş elan olunardı. Sentyabrın 1-də də birinci siniflərin zəngi çalırdı”.

Milli Məclisin deputatı Fazil Mustafa:

“Açığı, “Son zəng”lə bağlı əlahiddə xatirələrim olmayıb. Yəni “Son zəng”  keçirmişik, zəngi çalıb çıxıb getmişik. Lakin “Son zəng”i 1982-ci ildə sinif yoldaşlarımızla birlikdə qeyd etmişik. Mən Naxçıvan şəhəri Əli Sultanlı adına 10 saylı orta məktəbi bitirmişəm. “Son zəng” dövründə ali məktəbə hazırlıq müddəti  idi deyə, həmin günü xüsusi olaraq keçirmədik. Sinif yoldaşlarımızla şəhəri  gəzdik, söhbət etdik, şəkil çəkdirdik. Amma dediyim kimi, xüsusi hadisə baş vermədiyi üçün sıradan “Son zəng” günü oldu”.

İqtisadçı ekspert Natiq Cəfərli:

“Biz “Son zəng”imizi 25 mayda qeyd etdik və həmin gün çox maraqlı keçdi. Məktəbin idman zalını bizə təsis etmişdilər , hər bir sinif özü üçün masa düzəltmişdi və musiqi kollektivi çağırmışdıq. Demək olar ki, səhərə qədər həm masa arxasında olduq, həm də “Son zəng”imizi rəqslə qeyd elədik. Səhərə yaxın Günəşin doğmasını görmək üçün Dənizkənarı parka gəldik. Daha sonra hər kəs öz evinə getdi. Lakin “Son zəng”imdə maraqlı epizod oldu. Biz masalara qoymaq üçün meyvə almışdıq və tədbirimiz saat 10-da başlamalı idi. Saat 6-da həmin meyvələri məktəbimizə çox yaxın yaşayan sinif yoldaşımızın evində soyuducuya qoymuşduq ki, sonra gətirək. Sinif yoldaşımızın anası elə bilib ki, meyvələri həyat yoldaşı alıb. Ona görə həmin meyvələrdən istifadə edərək, kompot bağlamışdı. Gəldik gördük ki, artıq meyvələr yoxdur. Gedib bazardan yenidən meyvə almalı olduq”.

Əməkdar artist, aktrisa Mehriban Xanlarova:

“Son zəng” məktəblilərin yekun günüdü. Bundan sonrakı mərhələ onların həyatında önəmli rol oynayacaq. Bu baxımdan gənclərimiz hara istəyirlərsə, ora qəbul olmasını arzulayıram. Amma təəssüf ki, mənə “Son zəng” nəsib olmayıb. Mən 8-ci sinifdən məktəbdən çıxmışdım. Sonra 3 il gecə məktəbində oxumuşam”.

TopXeber.Az