Logo

Əliyevlə Paşinyan Kremlin çarpaz atəşi altında: Qarabağın üç şərti


Azərbaycanla Ermənistan arasındakı hibrid müharibəsi şiddətlənir. Anaxeber.Az-ın Analitik Mərkəzinin yaydığı xəbərə görə, bu qarşıdurma atəşkəsin pozulmasına aparır.

İrəvanın yeni rəhbərliyi uropatriot kurs götürərək daxili auditoriyaya hesablanmış səfərlər etməkdədir. Paşinyan Şuşaya, sonra Xankəndinə gedərək Serj yolunu tutdu.
Ermənistanın yeni siyasi rəhbərliyinin Sərkisyandan fərqli olacağı gözləntisi vardı. Paşinyan isə erməni cəmiyyətinin əhval-ruhiyyəsinə zidd hərəkət edə bilmədi.
Ona görə ki fors-major vəziyyətlə qarşılaşa bilərdi və erkən çevriliş baş verərdi.  Ancaq onun millətçilik siyasəti Ermənistandakı inqilabla tərs mütənasiblik təşkil edir.
Çünki Şuşaya və Xankəndinə səfərlər tipik kütləyə təsir etmək üçün köhnəlmiş Serj üslubudur. Paşinyan ənənəvi Ermənistan siyasətindən kənara çıxa, inqilab edə bilmədi.
Onun Qərbpərəst olduğu və danışıqlarda konstruktiv mövqe tutacağı haqda proqnozlar da özünü doğrultmadı.
Məlum olur ki, Paşinyan nəinki Qərbpərəstdir, Rusiya əleyhinə bir cümlə də ağzından çıxarmayıb. Onun iqtidara gəlməsindən sonra Qərb dövlətlərinə səfərləri də olmayıb.
Paşinyan Baş nazir postuna oturar-oturmaz Putinlə görüşə getdi və artıq Saakaşvilinin səhvini təkrarlamadı.
Bu isə o deməkdir ki, yeni Ermənistan iqtidarından Qarabağ danışıqlarında konstruktiv mövqe gözləmək özünü aldatmaqdır.
Odur ki, Paşinyanın qondarma Qarabağ respublikasının rəhbəri Saakyanla görüşə getməsi müharibə riskini artırır.
Nəzər almaq lazımdır ki, düşmən tərəfdən Günnütün azad olunması Paşinyan dövrünə təsadüf edir. O baxımdan qısamüddətli olsa belə, cəbhə xəttində gərginlik mümkündür.
Anaxeber.Az-ın Analitik Mərkəzinin yaydığı xəbərə görə, danışıqlar prosesində Rusiya yenə dominantdır. Paşinyan hakimiyyəti fərqli resept ortalığa qoymayıb.
Yeni erməni iqtidarı da Moskvanın diktəsi altında irəli sürülən şərtlər çərçivəsində hərəkət edir.
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşmədən əvvəl Qarabağla bağlı 3 şərtini dəqiqləşdirib.
Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır.
İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Münaqişənin həlli mərhələsində Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir.
Serj Sərkisyan hakimiyyətini itirib, yeni gələn Nikol Paşinyan isə Qərblə yaxınlaşmaq istəyir. Bu baxımdan 3 şərtin aktuallığı artmaqdadır.
Əgər Azərbaycan Avrasiya İqtisadi Birliyinə və daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsinə daxil olarsa, Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcək.
Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi əslində amorf təşkilatlardır. Qazaxıstan və Belarus da bu iki qurumun üzvləridirlər və heç də müstəqilliklərini itirməyiblər və ya tamamən Rusiyadan asılı deyillər.
Məsələ burasındadır ki, Azərbaycan bu iki təşkilata daxil olsa balanslaşdırılmış xarici siyasətinin üstündən rəsmən xətt çəkəcək, bu isə Qərblə münasibətlərimizə xələl gətirəcək.
Beləliklə, Bakı və İrəvan arasında yaxın illərdə sülh danışıqlarında hər hansı irəliləyiş gözlənilmir. Azərbaycan 5 rayonun qaytarılması müqabilində strateji cəhətdən Kremlə yaxınlaşa, sözügedən təşkilatlara qoşula, ABŞ-ı qıcıqlandıra, özünü tamamilə Moskvanın siyasətinə tabe etdirə bilmız.
Bu, həm də siyasi hakimiyyətin ömrünə təsir edə bilər. Necə ki, Qərblə imzalanmış sazişlərə görə Rusiya Sərkisyanı cəzalandırdı.
Digər tərəfdən, bu, Paşinyanla Serj arasında anlaşma ola bilər. Serj Ermənistanın Qərbə inteqrasiyası naminə öz iqtidarını təhlükəyə atır və qurban verir.

TopXeber.Az