Logo

Atası futbolu qadağan etdi, evdən qaçdı – İndi isə DÇ-nın ən güclülərindəndir


Təsəvvür edin, adam futbolu sevir, amma atası ona futbol oynamağı qadağan edir. Danışım sizə İran millisinin qapıçısı, dünən Ronaldonun penaltisini qaytaran Əlirza Beyranvandan. Evdəkilərdən xəbərsiz futbolla məşğul olmağa başlayır, hücumçu kimi zədələndiyindən qapıçıya çevrilir. Atası əlcəklərini formalarını yararsız vəziyyətə salır və oğluna futbol oynamağı qadağan edir. Hətta övladına ac qalacağıyla bağlı xəbərdarlıq edir. Futbola sevgisini üstün tutan Əlirza evdən qaçır və qohumlarından aldığı kiçik məbləğlə Tehrana yollanır. Məşqçi Hoseyn Feyzlə avtobusda təsadüfi tanışlıq onu “Vəhdət” klubuna gətirir. Əvvəlcə küçədə gecələyən 12 yaşlı oğlan sonralar məşq etməklə yanaşı müxtəlif vaxtlarda tikiş fabriki, pizza restoranında çalışır. Dostlarının sayəsində “Naft Tehran” klubunda məşqə başlayır və 2016-cı ildən klubun əsas komandasında çıxış edir

Buna görə restorandakı işindən ayrılır. Klubun məşqçisi bir dəfə restorana gəlir, utandığından ona qulluq etmək istəməyən Əlirza işindən qovulur. O başa düşür ki,  məşqçi onu burada gördüyü halda klubdakı karyerasına zərbə olacaq. İl yarım əvvəl “Persopolis” klubuna transfer olunur və 2014-cü ildən İran yığmasına dəvət alır, yalnız ötən il əsas oyunçuya çevrilir. Ən böyük arzusu dünya çempionatında iştirak etmək olur və bu il istəyinə çatır. İran-Portuqaliya görüşündə Ronaldonun penaltisini qaytarır. Matçdan sonra Vətəndən zəng gəlir. Göz yaşlarını saxlaya bilməyən atası oğluyla fəxr etdiyini deyir. Futbol bax budur… Minval.info