Logo

İsrail "Erməni soyqırımı" layihəsini ləğv etdi


İsrail parlamentində (Knesset) 1915-ci il hadisələrinin "Erməni soyqırımı" kimi tanınması üçün hazırlanan qanun layihəsinin bu gün keçiriləcək səsverməsi hökumətin etirazları nəticəsində ləğv edilib.

TopXeber.Az xəbər verir ki, müxalifətdəki solçu Meretz partiyasından Tamar Zandberq tərəfindən hazırlanan "Erməni soyqırımı"nın tanınması haqqında qanun layihəsi ləğv edilib. Knesset ötən ay Zandberqin layihəsi üçün səsvermə keçirilməsini qəbul etmişdi. Türkiyənin sərt reaksiyasından sonra İsraildəki iqtidar koalisiyasından dəstək almağa çalışan Zandberq səsvermənin Türkiyənin 24 iyun tarixində keçirilən prezident seçkilərindən sonraya təxirə salınmasını qəbul etmişdi. Lakin Rəcəb Tayyib Ərdoğanın qələbəsinə baxmayaraq, İsrail hökuməti hələ də Zandberqin təşəbbüsünə qarşı çıxır.
 
Dünən axşam "Twitter" hesabından açıqlama verən Zanberq, "Verilən sözlərə, təxirə salınmalara və Türkiyədəki seçkilərə baxmayaraq, hökumət və koalisiya Erməni Soyqırımını tanımağı rədd edir. Ona görə istəmədən sabah (26 iyun) keçirilməsi planlaşdırılan səsverməni ləğv etmək məcburiyyətində qaldım. Soyqırımın tanınması olduqca sadə tarixi və əxlaqi ədalət məsələsidir. İsrail bunu tanıyan ilk ölkə olmalı idi", - deyə yazıb.
 
İsrailin Xarici İşlər Nazirliyi Zandberqin təşəbbüsü ilə bağlı heç bir açıqlama verməyib.