Logo

Yeni "dövlət"in, yeni "prezident"i!


Yer kürəsində "Asqardiya" adlı kosmik dövlət peyda olub və onun kralı Bakıda anadan olmuş rusiyalı milyarder, alim, "Almaz-Antey" hərbi sənaye korporasiyasının prezidenti İqor Aşurbəylidir.

TopXeber.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda "Newsweek" jurnalı yazır.

Aşurbəyli yeni kosmik dövlətin yaradılması barədə Vyanada iyunun 25-də keçirilmiş təntənəli mərasimdə elan edib. Asqardiya dövlətinin Yerdə heç bir ərazisi olmasa da artıq 200 minə yaxın vətəndaşı var. Onlar internet üzərindən yeni dövlətin vətəndaşlığına qoşulublar. Habelə Aşurbəylinin dövləti Yer ətrafı aşağı orbitdə yaşayış binası tikmək və Ayda yaşayış məskəni salmaq barədə ambisiyalı planlarını da elan edib.

Asqardiyanın dövlət kimi fəaliyyəti üçün bütün lazım olanlar var: konstitusiya, bayraq, himn, seçilmiş nümayəndələr. Bu dövlət öz iqtisadiyyatını formalaşdırmaq üçün SOLAR adlı kriptovalyuta yaratmaq üzərində də işləyir. Yerlə əlaqəyə gəldikdə isə Aşurbəyli öz dövlətinin müstəqil olacağını bildirib.

"Asqardiya elə infrastruktur işləyib hazırlayacaq ki, yerüstü sistemlərdən asılı olmasın. Asqardiyalıların inteqrə olunmuş pasportlar, kredit kartları və ənənəvi smartfonları özündə birləşdirən portativ qurğuları olacaq"-Aşurbəyli deyib.

Aşurbəylinin dövlətinin adı Skandinaviya mifologiyasında allahların məskəni sayılan "Asqard" şəhərindən götürülüb.

İqor Aşurbəyli 1963-cü ilin sentyabrına Bakıda anadan olub. 1985-ci ildə o vaxtkı Neft-Kimya İnstitutunu bitirib, Rusiyaya təyinat alıb və orada neft-qaz sektorunda işləməyə başlayıb. Aşurbəyli 2000-2011-ci illərdə "Almaz" Elm İstehsalat Birliyinin baş direktoru olub. Onun rəhbərliyi altında bu müəssisədə S-300 PMU "Favorit", S-400 "Triumf" zenit-raket kompleksləri işlənib hazırlanıb, S-500, "Vityaz" zenit-raket kompleksləri layihələndirilib və digər silah nümunələri yaradılıb.

2015-ci ildən İqor Aşurbəyli İsraildə işləyir. Asqardiya adlı kosmik dövlət yaratmaq planlarını 2016-cı ildə elan edib.