Logo

"Fərizənin ayaqlarına düşdüm ki, özünə qəsd etmə" — İlhamın qardaşı İLK DƏFƏ DANIŞDI


20 yanvar hadisələrinin şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev "Space" telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan "Onda başladıq" verilişində qonaq olub.

TopXeber.Az Ölke.az-a istinadla xəbər verir ki, o, İlhamın həyat yoldaşı Fərizənin bir neçə dəfə intihara cəhd etdiyini söyləyib:

"Mağar hazırlanmışdı, İlhamı dəfn etmək üçün qəbristanlıq axtarırdıq. Axırda Xırdalanda yer tapdıq. Axşam maşın işığında İlhamı dəfn edəsi olduq. Qardaşımı atamın yanında dəfn etmək istəyirdik. Qəfil hay-küy düşdü, dedilər ki, Fərizə özünü yandırmaq istəyir. Dedim qurban olum, özünə qəsd eləmə. Qardaşı da dedi ki, ölənlə ölmək olmur. Bu sözdən sonra qardaşını kənara itələdi və dedi ki, heç biriniz bilmirsiniz, o nə arzularla yaşayırdı. Dedi ki, papaq deyiləm, gündə birinin başına qoyulam. Mənə dedi ki, İlhamın yeddisinə qədər özümü çatdıracağam, xahiş edirəm, bizi bir yerdə dəfn et. Sonra Xalq Cəbhəsindən dedilər ki, bütün şəhidlər eyni yerdə dəfn ediləcək. Fərizə bildi ki, İlham səhəri gün Şəhidlər Xiyabanında dəfn ediləcək. Fərizə durub gecəynən İlhamın kostyumunu və fotolarını yatağın üzərinə qoymuşdu. Gündüz anasıgildən oğurladığı sirkəni içib özünü öldürmüşdü. Bir məktub yazmışdı. Yazıb ki, ana, mənə görə ağlamayıb, İlhamsız yaşaya bilmərəm". 

Qardaşı İlham Allahverdiyevin Milli Azadlıq Hərəkatında iştirakından danışıb:

"İlham Milli Azadlıq hərəkatının öncüllərindən idi. Onu gecə evə gətirə bilmirdim. Deyirdi ki, zavodda işləyən qızlar da buradadır, evə gəlmirəm ki, kimlərsə onlara sataşar. Mən əsgərlikdə olanda atam 42 yaşında vəfat etdi. İlham səkkizinci sinifdə zavoda işə düzəlmişdi, ailəyə o baxırdı". 

Xatırladaq ki, 2004-cü ildən İlham və Fərizənin toy günü-30 iyunl Azərbaycanda  "Sevgililər Günü" kimi qeyd olunur.