Logo

Müğənnilər niyə vergi ödəmir? – VİDEO


Ölkədə vergidən yayınma halları ən çox şou nümayəndələri arasında geniş yayılıb. Mediada vaxtaşırı müğənnilərin xidmət qiymətləri elan edilir və reklam kimi istifadə olunan bu rəqəmlər göz qamaşdırır. Bəs bəs bu qədər yüksək məbləğin vergisi ödənilirmi?

TopXeber.Az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” verilişində maraqlı sujet yayımlanıb.

Rəşad Həsənov – İqtisadçı: “Bu insanların dövriyyəsinə nəzarət etmək çox çətindir. Faktiki olaraq hər hansı ticarət mərkəzinə kassa və ya bir neçə kamera quraşdırılır. Amma müğənninin fəaliyyətini izləmək üçün texniki vasitə mümkün deyil”.

Dünyada bu sahədə vergi ödəmək üçün sistem olmasa da, Avropa, xüsusən də Birləşmiş Ştatlarda şou-biznes nümayəndələri dövlət büdcəsinə ödədikləri vergi ilə gündəmə gəlməyə üstünlük verirlər. Millət vəkili Aydın Mirzəzadə də deyir ki, hər bir vətəndaş dövlətə ödədiyi vergidən bir qürür hissi duymalıdır. Ona görə də burada cəza tədbirlərinin rolu elə də vacib deyil.

Aydın Mirzəzadə-Millət vəkili: “İnsanların özü bu məsələlərdə məsuliyyətlərini artırmalıdır. Vergi uçotu dəqiq aparılmalıdır. Vergi ödəməyənlərin adları cəmiyyətə yayılmalıdır”.

Müğənnilərin vergi ödəməsi daim gündəmdə olduğundan vergilər nazirliyi də məsələni diqqətdə saxlayır. Vergilər nazirinin müavini Sahib Ələkbərov müğənnilərin kifayət qədər vergi ödəmələri üçün yaxın vaxtlarda uçot məsələsi ilə bağlı ciddi tədbirlərin aparılacağını bildirib.

Vergi yığımlarında bəzi problemlər hələ də qalmaqdadır. Azərbaycanda bu günə qədər kimsə vergi ödəmədiyi üçün ictimai qınaq obyektinə çevrilmədiyindən, çətinliklər qalacaq. Cəmiyyət hələ də anlamır ki, onun ödədiyi vergi ölkədə sosial rifahın birbaşa artmasına xidmət edir.