Logo

İstirahət mərkəzində dostunu öldürən məmur qohumu cəzadan narazıdır


Qaradağ rayonunda dostunu qətlə yetirməkdə təqsirli bilinən Amal Zülfüqarov barəsində olan hökmdən apelyasiya şikayəti verib.

TopXeber.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Amal Zülfüqarov barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayət hakim Qail Məmmədovun icraatına verilib.

İlkin baxış iclası iyulun 4-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Amal Zülfüqarov 19 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisədən bir neçə gün əvvəl Amal Zülfüqarov Xaçmazda "Atlant” istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona baxmasına irad bildirib. Bu zaman mübahisə yaranıb.

Amal dostu Qismətin onun xaricdə yaşayan bacısı ilə danışmasından şübhələnib və onu öldürmək qərarına gəlib. Ötən il avqustun 15-də onlar Qaradağ rayonunun Qobustan qəsəbəsində kafedə birlikdə domino oynayıblar. Bu zaman arxadan Qismətə yaxınlaşan Amal onun boyun və sinə nahiyəsinə zərbə endirib. Kafedə olanlar Amalı sakitləşdirə bilməyiblər.

Amal yaralı vəziyyətdə olan və yerə yıxılan Qismətin boğazından tutaraq onu boğmağa başlayıb. Kafedə olan Tələt Hüseynov və Haldun Nəbizadə onu tutaraq əlindən bıçağı almaq istəyiblər. Amil onlara da bıçaq zərbəsi endirərək, yenidən Qismətə hücum edib.

Amal Zülfüqarov Qismətin ürək, boğaz, sinə və qarın nahiyəsinə ümumilikdə 35 bıçaq zərbəsi endirib.

Amal Zülfüqarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Cinayəti törədən Amal Zülfüqarov Azərbaycan Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun qardaşı oğludur.