Logo

Pəhləvilər hakimiyyətə qayıda biləcək? - Qərbin İran planı


Qərb İrandakı mövcud rejimə qarşı alternativlər axtarışındadır.

TopXeber.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, son zamanlar Qərbdə, əsasən də ABŞ-da Pəhləvi rejiminin nümayəndələrinin təbliğatı genişlənib:

“Onlar İranda baş verən son proseslərə bağlı aktiv şəkildə münasibət bildirir. Hətta öz çıxışlarında Güney azərbaycanlılara çağırış da edirlər. Onlar Qərbdən dəstək alır. Qərb Pəhləvi rejimini hazırda İranda mövcud rejimə qarşı alternativ kimi görür. Amma maraqlı məqam ondan ibarətdir ki, Pəhləvi rejimini yenidən İranda hakimiyyətə gətirilməsi nə dərəcə real olar bilər?! İran xalqı Pəhləvi rejimini qəbul etməyə hazırdırmı?!”

Politoloq bildirib ki, Pəhləvi rejiminin hakimiyyətə gəlməsi Qərbə sərf edir:

“Çünki bu zaman Qərbə tamamilə düşmən münasibətində olan teokratik rejimin hakimiyyətdən devrilməsindən sonra İranın mövcud şəklini qoruması şərti ilə yeni idarəçilik sistemi tətbiq edilər. Zamanında Pəhləvilərin Qərblə kifayət qədər isti münasibətləri var idi. Bu mənada təbii ki, ABŞ da, Qərb də ümumilikdə Pəhləvi rejiminin yenidən hakimiyyətə gəlməsini istəyər və bu prosesi dəstəkləyər”.

Analitik vurğulayıb ki, İran xalqı mövcud teokratik rejimdən nə qədər narazı olsa da, Pəhləvi rejiminin başlarına gətirdiyi müsibətləri yaddan çıxarmayıb:

“Həmin dövrdə İranın daxili problemləri, iqtisadi vəziyyəti çox ağır idi. İran az qala ABŞ-ın hərbi bazası funksiyasını yerinə yetirirdi və müxtəlif siyasi oyunlara alət edilirdi. Bütün bu prosesləri İran xalqının unudacağını düşünmürəm. ABŞ, Qərb nə qədər istəsə də, İran xalqı Pəhləvi rejiminin yenidən hakimiyyətə gəlməsi fikrinə müsbət baxmayacaq. İranda teokratik rejimin dəyişməsi üçün İranın öz daxilindəki siyasi müxalifətin formalaşmasına ehtiyac var. ABŞ buna dəstək verə bilər. Bunun da müəyyən zamana ehtiyacı var”.

Analitik güneylilərin baş verən proseslərdə hansı rolu oynayacağına da münasibət bildirib:

“Güneylilər hər zaman İranda gedən proseslərdə son dərəcə ciddi və əhəmiyyətli rol oynayıblar. XX əsrdə İranda baş verən hərəkatları göz önünə gətirsək, görərik ki, bu hərəkatların başında əksərən Güney Azərbaycan türkləri durub. İslam İnqilabının özünün belə ilhamverici qüvvəsi Azərbaycan türkləri idi. Bu hərəkata ən böyük dəstək də Güney Azərbaycandan gəlmişdi. İslam İnqilabının ideoloqu olan Ayətullah Şəriət Mədari də Azərbaycan türkü idi. O, sonda öz müttəfiqləri tərəfindən edam edilmişdi. Qısacası, Azərbaycan türkləri hər zaman öz sözlərini deyib. Ancaq İran türklərinin də Pəhləvilərlə bağlı olan məsələlərə hansısa şəkildə dəstək verəcəyini düşünmürəm”.

Qeyd edək ki, son günlər ABŞ sanksiyaları və rialın devalvasiyası fonunda İranda iqtisadi vəziyyət ağırlaşıb.