Logo

Suriya ordusu səkkiz şəhəri müxaliflərdən azad edib


Suriya ordusunun Rusiya hərbi aviasiyasının dəstəyi ilə ölkənin cənubunda yerləşən Dera əyalətində həyata keçirdiyi geniş miqyaslı əməliyyatla əlaqədar müxalif qüvvələr səkkiz şəhərdən çıxmağa razılaşıb.

TopXeber.Az xəbər verir ki, Deranın şimalında və şərqində yerləşən səkkiz şəhər artıq hökumət qüvvələrinin nəzarətinə keçib.

Razılaşma bu şəhərlərdə qalmaq istəyən müxaliflərin tərksilah olmasını, digər müxaliflərin isə müxalif qüvvələrin nəzarətindəki İdlib əyalətinə getməsini nəzərdə tutur.

Qeyd edək ki, Dera əyaləti İordaniya və İsraillə sərhəddə – strateji bölgədə yerləşir. Dera əyalətinə hücum iyunun 19-da başlayıb. Beləliklə, müxaliflərin səkkiz şəhərdən çəkilməsi ilə əyalətin ərazisinin yarıdan çoxu prezident Bəşər Əsədə sadiq qüvvələrin nəzarətinə keçib. Buna qədər hökumət qüvvələri əyalətin otuz faizinə nəzarət edib.

Derada tam nəzarətə nail olunması həm də prezident Bəşər Əsəd üçün simvolik qələbə olacaq. Çünki 2011-ci ilin martında məhz Derada Bəşər Əsəd rejiminə qarşı etirazlar başlayıb. Bu sonradan ölkədə hələ də davam edən və 350 mindən çox insanın ölümünə səbəb olan geniş miqyaslı müharibəyə yol açıb.Oxu.az