Logo

Azərbaycan polisinin yubileyi ilə bağlı tədbir keçirildi - FOTOLAR


Bu gün Polis Akademiyasında Azərbaycan polisinin 100 illik yubileyi və 2 iyul – Polis günü münasibətilə mərasim keçirilib.

TopXeber.Az-ın xəbərinə görə, tədbirdə Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiriFuad Ələsgərov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi və başqa şəxslər iştirak ediblər.

F. Ələsgərov mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan polisinin 100 illiyi münasibətilə polis əməkdaşlarına ünvanladığı təbrik məktubunu oxuyub.

Təbrik məktubunda bildirilib ki, 2 iyul – Polis günü yalnız daxili işlər orqanları üçün deyil, müstəqil Azərbaycan dövləti üçün əlamətdar hadisədir.

"1991-ci ildə Azərbaycan müstəqil olduqdan sonra ölkə idarə olunmaz vəziyyətdə idi. Bu, polis orqanlarına mənfi təsir göstərmişdi, kriminogen durum nəzarətdən çıxmışdı. 1993-cü ildə Heydər Əliyevin siyasi rəhbərliyə qayıtması dövləti uçurumdan xilas etdi. Bu gün Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Ölkədə insan hüquqları ədalətli şəkildə qorunur. Azərbaycan polisi dövlətçiliyin qorunmasında əsas dövlət təsisatıdır. Əminəm ki, Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizəni bundan sonra da uğurla davam etdirəcək”, - deyə təbrik məktubunda qeyd olunub.

Daxili işlər naziri R. Usubov bildirib ki, Azərbaycan polisinin ölkədə sabitliyin möhkəmlənməsində, təhlükəsizliyin təmin edilməsində böyük rolu var.

Mərasimin sonunda polis əməkdaşlarının təntənəli keçidi baş tutub, Daxili İşlər Nazirliyinə məxsus texnika nümayiş etdirilib.