Logo

Nazirlik narazı tələbələrə CAVAB VERDİ


Rezidenturaya qəbul olmaq istəyən bir qrup namizəd iyunun 29-da Səhiyyə Nazirliyinə müraciət edib. Müraciət edənlər 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin azaldılmasından və bu baradə gec məlumatlandırılmalarından narazılıqlarını ifadə ediblər.

Bu barədə Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

S.Əhmədovanın sözlərinə görə, müraciət edənlər Səhiyyə Nazirliyində nazir müavini və digər əməkdaşlar tərəfindən qəbul olunub:

"Həkimlərə müvafiq izahatlar verilib, onların sualları ətrafında müzakirə aparılıb.
Müraciət edənlərə məlumat verilib ki, Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na əsasən, Azərbaycan Respublikası vətəndaşlarının rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin təklifləri əsasında Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Hər il dövlət sifarişi üzrə plan yerləri müəyyən edilərkən respublikada həkim-mütəxəssislərə olan tələbat nəzərə alınır. Tələbat əsasən bölgələrdə ailə həkimlərinə və təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlərə, eləcə də hazırlığı rezidenturada aparılan müəyyən ixtisaslar üzrə həkim-mütəxəssislərə mövcuddur. Tələbatın mövcudluğu ilə əlaqədar baza ali tibb təhsili əsasında müəyyən vakant vəzifələrin tutulması da mümkündür".

Nazirlik rəsmisi deyib ki, kadr çatışmazlığı nəzərə alınaraq, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin müəyyən hissəsinə məqsədli qəbul aparılacaq:

"Məqsədli qəbul üzrə plan yerləri müvafiq ixtisas üzrə həkim çatışmazlığı olan konkret səhiyyə müəssisələrində işləyəcək həkim-mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulur. Rezidenturaya qəbul olmayan həkimlər baza ali tibb təhsilinə müvafiq olaraq Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində müəyyən vakant həkim vəzifələrində işləyə bilərlər. Bunun üçün onlar Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq keçirilən həkimlərin mərkəzləşdirilmiş işə qəbulu üzrə müsabiqələrdə iştirak etmək üçün müraciət edə bilərlər”.

TopXeber.Az