Logo

"Xocalıya Ədalət" şüarı altında Xocalı kuboku kikboksinq yarışı keçirilib - FOTOLAR


 Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi və Xocalı İdman klubunun təşkilatçılığı ilə Şağan Olimpiya idman kompleksində "Xocalıya Ədalət" şüarı altında Xocalı kuboku kikboksinq yarışı keçirilib.

 TopXeber.Az xəbər verir ki, kadetlər, yeniyetmələr və gənclər arasında keçirilən yarışda 20 komandanın tərkibində 200-ə yaxın idmançı mübarizəyə qoşulub.

 Tədbir haqqında məlumat verən Xocalı İdman klubunun prezidenti, kikboksinq üzrə beş qat dünya çempionu Ehram Məcidov bildirib ki, Xocalı idman klubu yarandığı gündən Xocalıdan olan uşaqların sağlam ruhda böyümələri üçün var gücləri ilə çalışırlar: "Klubumuzun onlarla Respublika və Avropa çempionları var. Onların gələcəklərinə çox böyük ümid bəsləyirik. İnanıram ki, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın  dünyada  başlatdığı  "Xocalıya Ədalət" kampaniyasının bir parçasına çevrilərək səsimizi dünyaya çatdıracayıq. Prezident İlham Əliyevin beynəlxalq miqyasda apardığı uğurlu siyasətə idmançılar, idman camiyası dəstəyimizi verməyi özümüzə borc bilir və bu yolda qətiyyətlə addımlayırıq".

 Klubun vitse-prezidenti Tural Alışanlı isə çıxışında ölkə prezidenti cənab İlham Əliyevin ölkədə idmana göstərdiyi diqqət və qayğıdan bəhs edib. O, hamını "Xocalıya Ədalət" deməyə səsləyib. Dünya və Avropa çempionu, məşqçi Emil Hacıyev söyləyib ki, - "belə bir möhtəşəm yarışların keçirilməsi gənc nəsildə vətənpərvərlik ruhunu aşılamaqla yanaşı, onları sağlamlığa dəvət edir. İdman sağlamlıqdır, sağlamlıq olan yerdə isə parlaq gələcək olar".

 Qeyd edək ki, yarışın fəxri kubokunu Xocalı kikboksçuları qazanıb.